Ələkbərzadə Sevda Çingiz qızı 23 aprel 1977-ci ildə anadan olmuşdur.
1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Musiqili komediya aktyorluğu fakültəsinə bitirmişdir.
1991-ci ildə o, Aypara qrupunda ifaçı kimi fəaliyyətə başlamış, bir il Aypara qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olmuşdur. 1993-cü ildə S.Ələkbərzadə Rast qrupunda solist-ifaçı kimi fəaliyyətə başlamışdır.
Bu dövrdə Rast musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. S.Ələkbərzadə həmin ildə görkəmli muğam ustası A.Qasımovdan fərdi muğam dərsləri almışdır. 2001-ci ildə Rast qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S.Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış etmişdir.
O, 2002-ci ildə dünyanın məşhur caz ustalarının da iştirak etdiyi beynəlxalq caz festivalında iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişdir.
S.Ələkbərzadə 2004-cü ildə yaradıcılığında yeni bir mərhələ olan "Şəbi-Hicran" layihəsi ilə Dövlət Filarmoniyasının səhnəsində solo konsert ilə çıxış etmişdir.
2005-ci ildə Avropa Şurasına Azərbaycanın hədiyyəsi kimi Betxovenin "Sevinc odası" əsəri S.Ələkbərzadənin ifasında muğam caz stilində ilk dəfə təqdim edildi. Həmçinin bu əsərin sinq-diski də buraxıldı.
2005-ci ilin noyabr ayında İtaliyanın Florensiya şəhərində İnstituto İtalyano vokal kurslarında təcrübə keçmiş, Roma şəhərinin Teatro-centrale salonunda solo konsert ilə çıxış etmişdir.
Fransada keçirilən Şərqin pop və rok musiqisi, Radio France İnternational müsabiqəsində iştirak edərək 350 iştirakçı qruplar arasında seçilmiş 11 ən yaxşı qrup adına layiq görülmüşdür.