Qadin.NET / Şövkət Məmmədova

Şövkət Məmmədova

 

Şövkət Məmmədova

 

Görkəmli Azərbaycan opera müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın həyatı bir növ əfsanəyə bənzəyir.

 Ş.Məmmədova uzun, mənalı  ömür sürmüşdür. O öz əməlsevərliyi, sənətə bağlılığı ilə opera sənətinin ən yüksək zirvələrinə qalxmış, bir sıra yaddaqalan obrazlar yaratmışdır. Gözəl pedaqoq, ictimai xadim olan Şövkət Məmmədova ömrü boyu vokal sənətinin inkişafı naminə əzmlə çalışmışdır.

 Şövkət Məmmədova 1897- ci il aprelin 18-də Tiflis şəhərində sənətkar ailəsində doğulmuşdur. Ailədə hamı musiqini sevir və xalq mahnılarını gözəl bilirdi. Ailə üzvləri tez-tez bir yerə yığışaraq ev konsertləri təşkil edərdilər. Həmin konsertlərdə balaca Şövkət də iştirak edərdi. Şövkət hələ uşaqlıqdan musiqiyə böyük həvəs göstərmiş, balaca qarmonda yorulmaq bilmədən çalmış, kiçik mahnılar və piyeslər də bəstələmişdir. Şövkət mahnı oxumağı hər şeydən çox sevirdi. Onda olan bu böyük həvəsi və istedadı duyan valideynləri Şövkəti 6 yaşında ikən fortepiano üzrə Tiflis musiqi məktəbinə oxumağa qoyurlar. Məktəbi bitirdikdən sonra onda müğənni olmaq arzusu daha da güclənir. Bu arzu onu Bakıya gətirir. O, burada tanışlarının köməyi ilə Bakı milyonçularından təqaüd almağa müvəffəq olur və 1911-ci ildə təhsilini davam etdirmək üçün İtalyaya gedir. Şövkət İtalyanın Milan şəhərində məşhur müğənni D.Ambroziodan dərs alır. Şövkət iki ilə yaxın bu gözəl şəhərdə, opera sənətinin mərkəzində yaşayır.Lakin Bakıdan gondərilən təqaüdün ardı kəsildiyindən, Şövkət vətənə qayıtmağa məcbur olur.

Gənc müğənniyə kömək məqsədi ilə Ü.Hacıbəyov və onun dostları Şövkət üçün konsert təşkil edirlər.O, səhnəyə çadrasız, üzü açöq çixan ilk azərbaycanlı qadındır.Bu, 16 yaşlı Şövkətdən böyük hünər tələb edirdi, çünki müsəlman qadının ın səhnədə oxuması tamaşaçılar üçün təhqir hesab olunurdu. Lakin Şövkətin böyük arzusu və məqsədə çatmaq mətanəti köhnə adət və fikirlərə üstün gəldi. 

Ş.Məmmədovanın təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu açılmış, not nəşriyyatı təsis edilmişdir. Şövkət xanım 1948-ci ildən Azərbaycan Opera və Balet Teatrının  solisti olmuşdur. O, 1945-ci ildən ömrünün axırınadək Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir. SSRİ xalq artistləri Firəngiz Əhmədova, Müslüm Maqomayev və başqaları onun tələbələri olmuşla. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və “ Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir. Şövkət Məmmədova 1981-ci il iyun ayında vəfat etmişdir və Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycan Dövlət konservatoriyası yanında opera studiyasına Ş.Məmmədovanın adı verilmişdir.
20 avqust 2011
GO BACK