Qadin.NET / Şəfiqə Axundova

Şəfiqə Axundova

 

Şəfiqə Axundova 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxumuş, dahi bəstəkar Üzeyir  Hacıbəyovdan dərs almışdır. Bu əməkdaşlıq sonrakı illərdə  də davam etmiş, Şəfiqə xanım  Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə V.Zeydmanın sinfini bitirmişdir.

Bəstəkar belə deyir: “...Üzeyir  bəy konservatoriyanın nəzdində hazırlıq kursları açmışdı.  Həftədə üç dəfə bizimlə məşğul olurdu.  Gah ümumi  qrupda  Azərbaycan  xalq  musiqisinin əsaslarını gənc bəstəkarlara öyrədir, gah fərdi olaraq əsərlərimizlə məşğul olur, yəni yazdıqlarımıza baxır,  gah da muğamları nota köçürürdük.  Üzeyir bəy  gənc Azərbaycan musiqiçilərinə bəstəkarlıq sənətinin klassik qayda-qanunlarını daha dərindən öyrətmək üçün Leninqrad  Konservatoriyasının görkəmli  professoru Zeydmanı  Bakıya dəvət etmışdi. Biz bu böyük ustaddan bəstəkarlığın sirlərini öyrənirdik“ .

 Şəfiqə xanım gözəl mahnıların müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə  bəstələdiyi könül oxşayan lirik mahnıları və romansları xalq arasında çox populyardır.  Şəfiqə   Axundova 300-ə yaxın mahnı və romans yazmışdır.  “Ev bizim , sirr bizim” operettasında simfonik orkestr  üçün süitaların, simli kvartet üçün pyeslərin, xor üçün silsilələrin bəstəçisidir.  Dram teatrları üçün “ Aydın” ,  “Əlvida,  Hindistan” ,   “Nə üçün yaşayırsan”  və bir çox digər tamaşalara  musiqi yazmışdır. Bəstəkarın yaradıcılığında uşaqlar üçün yazılmış əsərlər də xüsusi yer tutur. “ Təxəyyül  nağılı"  , "Dovşanın ad günü" və digər uşaq pyeslərinin musiqi müəllifi  Şəfiqə  Axundovadır.

 

 

Şəfiqə  Axundova  1972-ci ildə  “Gəlin  qayası“   operasını yazmaqla  Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. “Gəlin qayası“  operasında klassik musiqi ilə şifahi ənənəvi klassik muğamın qovuşması   Üzeyir Hacıbəyov   üslubunun saxlanmasını təsdiq edir.  Operada  qəhrəmanların ariya və ariozaları  ifa etməsilə yanaşı, muğam  parçalarının da səslənməsi  bəstəkarın xalq musiqisini çox mükəmməl bilməsindən irəli gəlir və əsərə uğur qazandırır.

“Gəlin qayası”  operası haqqında sənət adamları yüksək fikirlər söyləmişlər. İlk tamaşasından  bu günə kimi  böyük xalq məhəbbəti qazanan bu opera  daim müəllifinə uğur gətirmişdir.  Bu əsər indi də Azərbaycan  Opera  və  Balet  Teatrının  səhnəsində müvəffəqiyyətlə  oynanılır.

Şəfiqə  Axundova  geniş  yaradıcılıq diapazonuna malik bəstəkardır.  Onun sənəti yeni nəslin təlim və tərbiyəsində də mühüm rol oynamışdır.  Şəfiqə  xanım  1956- cı ildən  1982-ci ilə kimi Azərbaycan  Dövlət  İncəsənət İnstitutunda müəllim kimi fəaliyyət  göstərmişdir.  Bu böyük əməyi ona bir çox  mükafatlar qazandırmış, o,  "Əməkdar  incəsənət  xadimi"   fəxri adını almış və  1998-ci ildə  "Azərbaycan  Respublikasının xalq artist"i adına layiq görülmüşdür.

Bu yorulmaz bəstəkarın həyat və  yaradıcılığı haqqında çoxsaylı kitablar yazılmışdır.

27 iyul 2011
GO BACK