Qadin.NET / Şərqin ilk qadın rəssamı - Qeysər Kaşıyeva

Şərqin ilk qadın rəssamı - Qeysər Kaşıyeva

Şərqin ilk qadın rəssamı - Qeysər Kaşıyeva

 

Şərqin ilk qadın rəssamı - Qeysər Kaşıyeva

Məhv edilmiş rəsmlər və Bağırov xofu

Repressiya dalğası mədəniyyətin digər sahələrini vurduğu kimi, rəssamlıqdan da yan keçmədi. Bu dalğanın öz ağuşuna aldığı insanlardan biri də Azərbaycanın ilk peşəkar rəssam qadını, hələ tələbəlik illərindən avropalı rəssamların diqqətini çəkən Qeysər Kaşıyeva idi.

1893-cü ildə Tiflisdə anadan olan Qeysər xanım Kaşıyevanın yeddi yaşı olanda valideynləri onu Tiflisdəki qız pansionuna qoyurlar. Pansionda oxuduğu illərdə rus dilini öyrənir, daha sonra təhsilini Gimnaziyada davam etdirmək qərarına gəlir. Gimnaziya illəri onun həyatını rəssamlığa qırılmaz tellərlə bağlayır. Bu illərdə o, rəssamlıq marağı ilə yanaşı, bədii qurama və bədii toxuma işlərinə də maraq göstərir. Lakin onun həyatının həlledici uğurları qabaqda idi.

Onun təhsil aldığı illərdə Qafqazda xüsusi rəssamlıq məktəbi yox idi. Bir müsəlman qızının da Avropada rəssamlıq təhsili almasına din, adət-ənənə, mentalitet kimi amillər mane olurdu


Tiflis Qafqazın mədəni mərkəzi idi. Bu kiçik, sevimli mərkəzdə hər istedadlı insanın parlaması o qədər asan olmasa da, Qeysərin həm daxili, həm xarici gözəlliyi, həm də rəssamlıq istedadı onu tezliklə ədəbi-mədəni dairələrdə tanıtdı. O vaxt “Molla Nəsrəddin” jurnalı üçün karikaturalar çəkən karikaturaçı-rəssam Oskar Şmerlinq də onun sorağını alan ilk insanlardan idi.

Oskar Şmerlinq onun sorağını alır və onunla tanış olmaq qərarına gəlir. Əl işlərinə baxdıqdan sonra isə təhsilini davam etdirməsini məsləhət görür.

Bəzən insanların həyatına sehirli bir pəri tozu səpilir sanki. O toz hər şeyi gözəlləşdirir, arzuları reallaşdırır.

Elə o illərdə – Şmerlinqlə tanış olduqdan qısa müddət sonra Tiflisdə incəsənəti təbliğ edən cəmiyyət fəaliyyətə başlayır. Həmin cəmiyyətin nəzdində rəssamlıq məktəbi də fəaliyyət göstərirdi və məşhur rəssamlar istedadlı gənclərə rəssamlığın sirlərini öyrədirdilər.

Oskar Şmerlinqin yaxın dostu Riçard Karloviç Zommer həmin cəmiyyətin sədri idi. O.Şmerlinq görür ki, Qeysərin Avropa təhsili alması mümkünsüzdür. Ona görə Zommerdən xahiş edir ki, bu cəmiyyətdə onun mükəmməl təhsil almasına şərait yaratsın. Beləcə, 1907-1908-ci illərdə burada təhsil alan Qeysər rəssamlığın sirlərinə yiyələnir.

Şərqin ilk qadın rəssamı - Qeysər Kaşıyeva

Yaradıcılığının ilk dövrlərində Tiflisdəki qadın xeyriyyə cəmiyyətlərinin təşkil etdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr hazırlasa da, onun portret janrına xüsusi marağı var idi. Təhsil illərində çəkdiyi portretlər Tiflisin sərgi salonlarını bəzəyir və ona böyük uğur, həm də şöhrət gətirir.

Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirirdi və Moskvada təhsilini davam etdirməsini istəyirdi. Lakin dövrün sərt tələbləri buna imkan vermədiyinə görə Qeysər Tiflis mühiti ilə kifayətlənməli olur. Onun başqa yolu da yox idi. Ona görə də Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin bütün tədbirlərində iştirak edirdi. Bu tədbirlərdə iştirakı onun şöhrətini daha da artırırdı. Onu müxtəlif tədbirlərə dəvət edirdilər. Bu tədbirlər isə ona şəhərin sayılıb-seçilən insanları – ziyalılar, jurnalistlər, şairlərlə tanış olmaq şansı verirdi.

Qeysərin tez-tez göründüyü mədəni tədbirlər onun istedadının parlamasına, gözəlliyi ilə ad çıxarmasına şərait yaratdığı kimi, gələcək taleyində də müstəsna rol oynayır. Belə ki, belə tədbirlərin birində Şirin bəy Kəsəmənli ilə tanış olur. Şirin bəy Qazax bəylərindən Çingiz bəyin oğlu idi. Tiflisdə hərbi gimnaziyada təhsil almış, bir müddət yüngül süvari alayında qulluq etmişdi.

Qeysərlə tanış olandan sonra Şirin bəy onunla evlənmək qərarına gəlir. Lakin o dövrün öz tələbləri vardı. Bəy ailələri bəy ailəsi ilə qohum olmağı özlərinə layiq bilirdilər ancaq. Elə Çingiz bəy də bu düşüncədə idi. Ona görə Şirin bəyin bu istəyinə mane olmağa çalışır, “bəy oğlu tacir qızı ilə evlənə bilməz” – deyir. Ancaq Şirin bəy onu dinləmir və Qeysərlə evlənir.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Şirin bəy Kəsəmənli Milli Orduda xidmətə başlayır, Gizirlər Məktəbinin ilk azərbaycanlı rəhbəri olur. 1919-cu ildə İkinci Piyada Alayının komandiri təyin edilir və ölkənin şimal sərhədlərinin müdafiəsi ona tapşırılır.

1920-ci ilin yanvarında vəfat edən Şirin bəyin ölümü haqqında olan informasiyalarda müəmmalar mövcuddur. Belə ki, bəzi mənbələrdə onun ağır xəstəliyə tutularaq vəfat etdiyi göstərilir, bəzi mənbələrdə isə ermənilər tərəfindən qətlə yetirildiyi iddiaları irəli sürülür.

Şirin bəyin ölümündən sonra Qeysər xanım bir yaşlı qızı Ləyiyə ilə tək-tənha qalır. Qızını böyütmək üçün heç bir maddi dəstəyi olmur. Ərinin ailəsinə müraciət etsə də, onlar nə nəvələrini, nə də Qeysər xanımı qəbul edirlər. O, müəllimlik edərək qızını tərbiyə edir. Çox sonralar hərbi komissar Zülfüqar bəy Seyidbəyli ilə tanış olur və onunla ailə qurur. Zülfüqar bəy Şuşa Realnı Məktəbdə təhsil almış, daha sonra isə bir hərbçi kimi yetişmişdi. O, mülayim xasiyyəti, Ləyiyəyə doğma münasibəti ilə özünü Qeysər xanıma sevdirmişdi. Zülfüqar bəylə nigahından onun Ləmiyyə adlı qızı dünyaya gəlmişdi.

Zülfüqar bəy öz peşəkarlığı, işgüzarlığı ilə vəzifədən vəzifəyə yüksəlirdi. Ta ki repressiya küləyi onların da həyatına nüfuz edənədək…

1937-ci illərin ağır repressiyalarına Zülfüqar bəy də tuş gəldi. 1937-ci ildə onu “xalq düşməni” kimi həbs edərək güllələdilər.

Məlum məsələdir ki, bütün “xalq düşmənlərinin” həyat yoldaşları da özlərindən sonra sorğu-suala çəkilir, əgər rejimin tələblərinə boyun əyməzsə, ya güllələnir, ya da həbs düşərgələrinə göndərilirdi.

Şərqin ilk qadın rəssamı - Qeysər Kaşıyeva

Qeysər xanım da sürgünə göndərilənlərdən oldu. Onun ömrünün ən gözəl illəri sürgündə keçdi. Yaradıcılığının ən məhsuldar dövründə sürgün olunması yetməzmiş kimi ələ keçən bütün əsərləri də məhv edildi. Övladlarından uzaqda 1942-ci ilə qədər yaşamağa məhkum edildi. Övladları qoca nənələrinin himayəsində qaldı. Sürgün illərinin işgəncələrinə, övlad həsrətinə, vətən həsrətinə bir gün onlara qovuşmaq ümidi ilə dözdü. Onun, sözün hər mənasında, sürgünü 1956-cı ildə bəraət alandan sonra bitdi. Yalnız 1956-cı ildən sonra qızlarını başına yığa bildi, içində heç bir məhrumiyyətin məhv edə bilmədiyi sevimli sənətinə geri dönə bildi.

Ağır sürgün illərindən bir müddət sonra Qeysər xanım öz həyatına geri dönmək əzmini özündə tapa bilsə də, daim qorxu içində yaşayırmış. O sanki hər an ölümlə, haqsızlıqla, namərdliklə qarşılaşacaqmış kimi vahimə içində imiş. Hətta küçəyə çıxmağa cəsarət eləmirmiş. Düşünürmüş ki, birdən küçədə Mir Cəfər Bağırovla qarşılaşa bilər. Mir Cəfər Bağırovun hələ də sağ olduğunu, onu güllələyə biləcəyini düşünürmüş. Baxmayaraq ki, M.C.Bağırov artıq o illərdə minlərlə insana qazdığı quyuya özü də düşmüşdü və güllələnmişdi. (Rəsmi məlumata görə!)

Qeysər xanıma repressiya illərini, o illərdə yaşadığı dəhşətləri unutmaq nə qədər çətin idisə, əsərlərinə qarşı törədilmiş vəhşilikləri də unutmaq o qədər çətin idi. Yaradıcılığının çox az hissəsi – “Yanğınsöndürən”, “Gürcü qızı”, “Kəndli”, “Ziyalı qadın”, “Azərbaycan ziyalısı”, “Göl sahili”, “Qoqolun portreti”, “Qoca keşikçi” kimi əsərləri, uşaqlar üçün kiçik kağızlarda işlədiyi nağıl sujetləri, bir neçə mənzərə günümüzə qədər gəlib çatıb.

Zamanın acı gərdişi onun taleyi kimi yaradıcılığını da sınağa çəkib. Yaradıcılığının o cüzi hissəsi Azərbaycan mədəniyyətinin qulağına bir şeylər pıçıldayır. O pıçıltı deyir ki, Qeysər Kaşıyeva bir ilk idi. Şərqin ilk rəssam qadını. İlkinlər isə unudulmur… 
Vəfa Babasoy

5 avqust 2017
GO BACK