Xalidə Camal qızı Quliyeva 1952-ci il sentyabr ayının 24-də Bakı şəhərində dünyaya göz açıb.
Uşaqlıqdan sənətə olan böyük marağı onun yolunu 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutundan salır. Və Xalidə xanım universitetin dram və kino aktyorluğu fakültəsinin məzunu olur. 1973-cü ildən institutun nəzdində fəaliyyət göstərən Səda Tədris Teatrında aktrisa kimi çalışmağa başlayır. 1972-ci ildən bu günə kimi Azərbaycanfilm kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir.
X.Quliyeva Azərbaycan kino tarixində öz yeri olan Qızıl qaz filmində Validə, Nəsimidə Fatimə, Bakıda küləklər əsir ekran əsərində Solmaz, Tütək səsində Milli, Şahid qızı filmində tibb bacısı, Xoşbəxtlik qayğıları filmində isə Xalidə rolunu oynayıb.
Kinoaktrisa kimi fəaliyyəti ilə paralel olaraq peşəkar dublyaj işi ilə də məşğuldur. Bir neçə il Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajında fəal iştirak edib. Hazırda İTV-nin Dublyaj redaksiyasında çalışmaqdadır. Bundan başqa, Xalidə xanım Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
Sənətçinin dediklərindən: "Nəsimi filmindən sonra kino dünyasında mənim üçün bir növ yaşıl işıq yandı. Ard-arda filmlərə çəkildim. Rəhmətlik Rasim Ocaqov da Nəsimidən sonra məni Tütək səsi filminə dəvət etdi. Filmdəki Milli obrazı çox ürəyimcəydi. Milli obrazı mənəvi və əxlaqi dəyərləri özündə təcəssüm etdirən, Azərbaycanın milli xüsusiyyətlərinin fəlsəfi çalarlarını özündə daşıyan, dərdini içində çəkən bir qızdır. Əgər filmin rejissorluğunu mənə həvalə etsəydilər, Millini baş qəhrəman kimi təqdim edərdim. Çınki Milli nümunəvi bir obrazdır."
Çəkildiyi filmlər:
Anın Quruluşu (1980)
Asif, Vasif, Ağasif (1983)
Bağlı Qapı (1981)
Bakıda Küləklər Əsir (1974)
Bəylik Dərsi (2007)
Bir Ailəlik Bağ Evi (1978)
Çətirimiz Buludlardır (1976)
Dörd Bazar Günü (1975)
Gedərgəlməz (1984)
Xoşbəxtlik Qayğıları (1976)
Köhnə Bərə (1984)
Kuklalar (2008)
Qızılqaz (1972)
Qoca Palıdın Nağılı (1984)
Qocalar, Qocalar... (1982)
Nəsimi (1973)
Süd Dişinin Ağrısı (1987)
Şahid Qız (1990)
Tütək Səsi (1975)