Qadin.NET / Mənim musiqim...

Mənim musiqim...

 

Mənim musiqim...

  Bu gün Azəraycan musiqimiz həm ölkəmizdə,eyni zamanda ölkəmizin hüdudlarından kənarda yüksək şəkildə təbliğ olunmaqda və dinləyici kütləsi tərəfindən sevilməkdədir. Bu musiqiyə bizim milli-mənəvi sərvətimiz, zəngin folklorumuz olan muğam, eləcə də akademik musiqi daxildir. Təbii ki, bu prinsiplərin banisi dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovdur. Ümumiyyətlə, Azərbaycan musiqisi xalq mahnıları, muğamlar olmaqla yanaşı, təməl olaraq Azərbaycan bəstəkarlıq məktəbindən qaynaqlanır. Və bu gün söz açdığımız məhz Azərbaycan bəstəkarlıq məktəbi çox yüksək şəkildə davamlı olaraq inkişaf etdirilir və gənc nəslin yetişdirilməsinə çox böyük töhfələr verir.

Bunlara misal olaraq bu yazımda oğlum -Respublika və Beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar Saleh Nəzərovdan söz açmaq istəyirəm. O, uşaq yaşlarından musiqiyə çox böyük həvəs göstərmiş və musiqini çox sevmişdir. Heç təsadüfi deyildir ki, onun atası, babası və əmisi tanınmış musiqiçilərdir. İlk dəfə 2012-ci ildə Q. Qarayev adına elmi konfransda gənc musiqiçi olaraq çıxış etmişdir. 2013-cü ildə dövlət tərəfindən keçirilən Q. Qarayev adına Respublika müsabiqəsində 1-ci yerə çıxmışdır. 2014-cü ildə Dağıstanda keçirilən "Daqestanskiye Fanfarı" adlı Beynəlxalq festivalda uğurla çıxış etmiş və mükafata layiq görülmüşdür. 2015-ci ildə Rusiyanın Novosibirsk şəhərində keçirilən gənc bəstəkarların beynəlxalq müsabiqəsində 1-ci dərəcəli laureat adına layiq görülmüşdür. 2016-cı ildə Müstəqillik dövründə Azərbaycan mədəniyyəti xadimlərinin yaradıcılığı tədbirində iştirak edərək xalq artisti, professor Fərhad Bədəlbəyli tərəfindən fəxri fərmanla təltif edilmişdir.

Mənim musiqim...

2017-ci ilin iyulunda Macarıstanda keçirilən pianoçuların müsabiqəsində əsəri yüksək şəkildə səslənmişdir. Bu illər ərzində davamlı olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi konsertlərdə onunla yanaşı, bir çox dövlət tədbirlərində, müxtəlif televiziya kanallarında, o cümlədən, Aztv, Mədəniyyət, Lider və s. telekanallarda gənc bəstəkar qismində çıxış etmişdir. Hal-hazırda gənc bəstəkar olaraq fəaliyyətini davam etdirir.

Mənim musiqim...

Bir bəstəkar olaraq yaradıcılığına nəzər salaq:
Valtorna və fortepiano üçün pyes (2014), skripka, klarnet və fortepiano üçün 3 hissəli trio (2015), fortepiano üçün 12 prelüd silsiləsi, xor-kapella üçün mahnı (2016), fortepiano üçün 7 prelüd, N.Gəncəvinin "Ol sən" qəzəlinə 1 hissəli kvartet, valtorna və fortepiano üçün 4 lövhə, kamança və tar üçün aşıqsayağı, Azərbaycana həsr olunmuş 2 mahnı, B.Vahabzadənin "Ömür" şeirinə bəstələdiyi romans, 2 fortepiano üçün duet-fantaziya (bəstəkar Pikə Axundovaya həsr olunmuşdur-2017).
Bu gün bəstəkar S. Nəzərovun gənc bəstəkar kimi formalaşmasında böyük zəhməti olan müəllimi, Azərbaycanın tanınmış Pikə xanım Axundovadır. Bir faktı da qeyd eləmək lazımdır ki, S.Nəzərov Bakı Musiqi Akademiyasında təsil alarkən dahi bəstəkarımız, H.Əliyev ordenli, akademik Arif Məlikovdan alətləşdirmə fənnindən dərslər almışdır.
Sonda sizlərə gənc bəstəkarımızın əsərlərindən ibarət bir neçə videoçarx təqdim edirəm.

 

8 iyul 2017
GO BACK