Qadin.NET / Nərminə Məmmədova

Nərminə Məmmədova

Nərminə Məmmədova

Sənətdə olduğu 30 il ərzində bir dəfə də konsert verməyən, səsi yalnız radio və televiziyadan eşidilən məşhur müğənninin film kimi həyatından - İradə İsaq yazır

Ay işığında... Bir tək bu şərqinin səslənməsi yetər ki, qeyri-adi məlahətli səsin sahibi olan Nərminə Məmmədovanın sorağına düşək. Hərgah özü də kölgədə qalmağı sevirdi. Yeganə müğənnidir ki, sənətdə olduğu 30 il müddətində bir dəfə də konsert verməyib, səhnəyə çıxmayıb. Səsi yalnız radio və televiziyada yazılıb. Başqa heç yerdə görmək olmazdı bu ilahi nəfəsin sahibi, qənirsiz gözəl olan Nərminə xanımı.

Bəlkə indiyə qədər çoxları bu məlahətli səsin sahibini Şövkət xanımla qarışdırıb. Bəs, nədir Nərminə Məmmədovanı Şövkət Ələkbərovanın kölgəsində əridən? Nə məlahətdə, nə gözəllikdə ondan geri deyilkən Nərminə xanım niyə tarixin bir küncünə qısılıb qalmalı idi? Bunda bizmi, özümü günahkardır? Nərminə xanım niyə fəxri ad almaqdan qaçırdı? Kişilərin könlünə gözəlliyi ilə od salan Nərminə xanım niyə 40 yaşına yaxın ailə sahibi oldu? Həyat yoldaşı məşhur nəsildən olan Ramiz Qiyasbəyli onun eşqinə bir dəfə nişan qaytarıb, bir dəfə də ailəsini dağıtsa da, bəs sevgi üstündə qurulan yuva niyə vulkan üzərində yaşayırdı? Nərminə xanım niyə sənətdən birdəfəlik uzaqlaşdı? O, niyə ömrünün son günlərində insanlardan qaçırdı? Bəs, gəncliyindən ürək xəstəsi olan Nərminə xanımı həyata bağlayan yeganə qüvvə hansı idi? Və nəhayət, biz niyə musiqi tariximizdə danılmaz dərəcədə böyük rolu olan bu ecazkar səs sahibini unutmuşuq? Araşdırmamız boyu biz bu suallara cavab axtaracağıq.

İlk öncə ondan başlamaq istəyirəm ki, 1928-ci ildə dünyaya göz açan qəhrəmanımızın əsl adı heç də Nərminə olmayıb. O, Göyçayın tanınmış bəylərindən olan İsmayıl bəyin nəvəsi, Ağası Məmmədbəylinin doğma qızıdır. Ağası bəy Qafqaz İslam Ordusunun sərkərdəsi Nuru Paşanı Şamaxıda ilk qarşılayan vəzifəli şəxslərdən olub. Anası Şəfiqə xanım isə tarix müəllimi idi. R.N.Güntəkinin “Çalıquşu” əsərinin qəhrəmanı olan Fəridənin adı qoyuldu körpəyə. Amma anası əsər boyu Fəridənin min bir zillət çəkdiyini görüb qorxur. Birdən tale qızını da ağır sınayardı. Və ana körpəsinin adını dəyişdirərək, digər obrazlardan olan Nərminə adını seçir.

“Yazıya pozu yoxdur”, - deyirlər. Çox keçmir ki, atası əksinqilabçı kimi sürgünə göndərilir. Uzun müddətdən sonra bəraət alıb, Bakıya qayıdır. İmam Mustafayev onu isti qarşılayıb, qabiliyyətinə görə yüksək vəzifəyə, şəhərin mərkəzində bir vaxt onun olan köhnə evinə geri qaytarır. Və qəribə paradoks: Ağası bəy tutulanda evini onun həbsinə qərar verən prokurora vermişdilər, amma çox çəkmədən həmin prokuror da həbs olunur, ədalət öz yerini tutur.

Ailəsi isə onun yoxluğunda min bir zülm çəkir. Nərminə xalq düşməninin qızı olduğuna görə çox sıxışdırılır, zamanında ali təhsil ala, sənətlə məşğul ola bilmir, bu ailədən qohumlar, qonşular uzaq qaçır. Yalnız atası bəraət alandan sonra 34 yaşında ali təhsil alır. Filologiya üzrə təhsil alsa da, niyyəti jurnalist olmaq idi, amma radioda çalışmaq istəyirdi. Dünya ədəbiyyatını dərindən mütaliə edər, dünya kinosunun ən parlaq nümunələrini onun qədər izləyən isə bəlkə də yox idi. Ali təhsil aldığı müddətdə bir dəfə də olsun, tapşırılmayıb. Son kursda, yəni 40 yaşına yaxın onun qızı dünyaya gəldiyi üçün o, bütün dünyadan, hətta müğənnilikdən də yavaş-yavaş uzaq düşür.

Tələbə yoldaşları, hətta qızlar belə onun makiyajsız üzünə, parlaq, çəhrayı yanaqlarına, iri, ala gözlərinə, qumral, buruq saçlarına heyranlıqla baxardılar. Üzünü yuyub, saçını daramaq kifayət edərdi ki, qənirsiz gözəl olsun! Üstəlik həyat yoldaşı boylu-buxunlu, yaraşıqlı Ramiz Qiyasbəyli kimi o da yüksək zöqlə geyinər, hər fəsilə uyğun ayaqqabılar tikdirərdi. Bu gözəl xanım artıq yaşının müəyyən həddinə çatmışdı. Gənclik keçmiş, orta yaş dövrü onu haqlamışdı. Amma nə ailə vardı, nə uşaq. Hamısı da bu qara məhəbbətin ucundan.

Ramizin valideynləri anası və xalası Pərixanım Qiyasbəyli Qazıbəyovla ilə birgə Nərminəni qonaq çağırdı. Nərminə anası ilə birgə “Pobeda” maşınından düşəndə Ramizin könlünü aldı. Üstəlik, içəridə də qonaqların təkidi ilə oxudu, oğlan isə tar çaldı. Bir müddət sonra Ramiz özündən yaşda xeyli kiçik olan bu gözəl qızla evlənmək istədiyini bildirəndə ata xalq düşməninin qızını oğluna almaqdan boyun qaçırır və zorla dostu Səməd Vurğunun qızı Aybəniz xanımla onu nişanlayır. Aybəniz də başqasını sevirdi. Yəhudi, gənc bir dərziyə vurulmuşdu. Hər ikisi aradakı soyuq münasibəti duyur və nişan pozulur. İnadkar ata ikinci dəfə zorla oğlunu evləndirir. Hətta tapançanı oğlunun kürəyinə dirəyərək onu bəy otağına salır. Amma Ramizin gözü Nərminədə idi. Bu xanımla cəmi bir həftə birgə yaşayır. Sonra əşyalarını da götürərək gizlicə Nərminənin yanına getmək üçün evdən birdəfəlik qaçır. Amma əvvəlki həyat yoldaşından bir oğlu olur. Ramizin ailəsi də müğənni və xalq düşməninin qızı ilə evləndiyi üçün oğlunun yeni ailəsini heç cür qəbul etmir. Onlar Nərminənin anasının iştirakı ilə nikah kəsdirir və ən yaxın insanların yanında, Nərminəgildə toy edirlər. Cütlüyün ilk və tək övladı Sevinc dünyaya gəlir.

Nərminə xanım artıq 37 yaşına çatırdı. Anası Şəfiqə xanım da Ramiz müəllimin ailəsini sevmirdi, onlar danışmırdılar, hər iki ailə yalnız uşaqdan sonra ünsiyyət qurdular. Həmişə rəhbər vəzifələrdə çalışan Ramiz müəllim ömrünün son gününədək xanımı və qızını hər qayğı ilə əhatə etmişdi. Nərminə xanım isə öz ailəsinə, qızına, onun təhsilinə görə sevdiyi karyerasını qurban verdi.

Nərminə Məmmədovanın həyatında bir maraqlı məqam da baş vermişdi. O, kiçik yaşından üzünü görmədiyi atasının Bakıya geri döndüyünü eşitmişdi. Bir övlad kimi eşidər-eşitməz atası ilə görüşə qaçmışdı. Ağası bəy isə geriyə tək dönməmişdi. Sürgündə olarkən ağır işdən qurtarmaq üçün Ağası bəyə yoldaşları özünü dəliliyə vurmasını məsləhət gördükləri üçün Ağası bəy dəlixanaya salınmışdı. Sirrini bir tək ona ürək qızdıran, yardım edən rus tibb bacısına danışa bilirdi. Onun hər nazını çəkən bu xanımla orada evlənməli olur. Şəfiqə xanım da bunu min bir çətinliklə yolunu gözlədiyi ərinə bağışlamaya bilmir. Hətta qocalığında yolda Ağası bəyi infarkt vurur, onu aparan maşına Nərminəgilin, yəni ilk həyat yoldaşının ünvanını verir. Şəfiqə xanım deyinsə də, ona qulluq edir, amma ərini yenə də bağışlamır.

Nərminə xanımın Sinan Səidlə olan dueti isə onun adını musiqi tarixinə qızıl hərflərlə həkk etdi. Sinan Səid 1959-cu ildə Bakıya gələrək radionun xarici xəbərlər redaksiyasında ərəb dili şöbəsində çalışırdı. İş yoldaşları arasında oxuduğu bənzərsiz Kərkük mahnılarının sorağı Ənvər Əlibəyliyə qədər gedib çıxdı. Amma bu mahnıları kərküklülər 2 səslə, qadın və kişi səsləri ilə oxuyurdular. Uzun müddət Sinan Səidin həzin və məlahətli səsinə uyğun gələcək müğənni axtardılar. O, bir mahnısını Sara Qədimova ilə yazsa da, Nərminə xanımı tapan kimi qalan bütün duetlərini onunla birgə ifa etdi. “Ninnə-ninnə”, “Altun üzük” mahnılarına görə dinləyicilərin məktubları dayanmaq bilmirdi. Həyat yoldaşı Ramiz müəllim bəlkə də onu qısqanırdı deyə bütün yazılış və çəkilişlərdə özü də iştirak edirdi.

Bu bənzərsiz səs sahibi məşhurluqdan, səhnələrdən, fəxri adlardan, iddialardan, intriqalardan qaçırdı. Bəlkə elə ona görə də ona heç bir fəxri ad verilmədi. Hətta televiziya çəkilişləri zamanı operatorlardan xahiş edərdi ki, onu az göstərsinlər. Ansamblın Nərminə tərəfdə əyləşən üzvləri ondan daim şikayət edərdi ki, “sənə görə bizi də kadra az salırlar”. Bir də Şövkət Ələkbərova ilə səs bənzərliyi də ona mane olurdu. Çoxu onların ifasını səhv salırdı. Hətta bir dəfə Şövkət xanım özü zəng vuraraq “ay Nərminə, o gün radioda oxuyurdun, çaşdım, elə bildim oxuyan mənəm” söyləmişdi. Amma onlar özlərini bir-birinə rəqib saymazdılar. Sənətləri qədər şəxsiyyətləri də böyük idi bu xanımların.

...İndi onun lent yazılarının çoxu silinib. Hələ sağlığında Azərbaycan Dövlət Televiziyasının arxivini su basmışdı, neçə-neçə əsəri yox olmuşdu.

Nərminə xanım artıq ömrünün qürub çağına gəlmişdi. Qocalıq və xəstəlik onu əldən salmışdı. Gəncliyindən çəkdiyi qorxular, yaşadığı səksəkəli həyat nə vaxtsa öz fəsadlarını büruzə verməli idi. Onsuz da ürəyi cavanlıqdan xəstə idi. Ömrünün son illərində isə evdən bayıra çıxmazdı. Səhhəti o qədər pisləşmişdi ki, evin bir başından o başına stullarda otura-otura gedib çıxırdı. Amma arzusuna çatmışdı. Yeganə övladı olan qızı Sevinc həkim olduğu üçün anasının səhhətini nəzarətdə saxlayırdı. Ona qızının toyunu, nəvə şirinliyini görmək nəsib olmuşdu. Qızının həkim olması ilə fəxr edərdi. Tale elə gətirdi ki, bir gün əli həmin həkim-qızının əlində dünyadan köçdü Nərminə Məmmədova. Məzarı başında Sara Qədimova ağı söyləmişdi.

... Yaxşı ki, geriyə dönə bilən lentlər var. Nə yaxşı ki, bu lentlər canlı, təzə-tər saxlaya bilir hər şeyi, heç olmasa vəfalıdır bizlərdən. Bu lentlər hər dəfə fırlandıqca xatirimizə salır ki, Nərminə Məmmədova adlı bir gözəl xanım və istedadlı müğənni yaşadı bu etibarsız dünyada...

   Mətnin müəllifi: İradə İsaq

 

 

30 yanvar 2017
GO BACK