Qadin.NET / Tükəzban İsmayılova

Tükəzban İsmayılova

Tükəzban Məhərrəm qızı İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından özünü büruzə verən musiqi istedadı onu bütün həyatı boyu muğam sənətinə bağlamışdır. O, 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almış və peşəkar xanəndə kimi çıxış etməyə başlamışdır.
Əmək fəaliyyətinə 1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi başlayan Tükəzban İsmayılova 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Tükəzban İsmayılova
1956-cı ildə filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra o, 1962-ci ilə qədər burada çalışmışdır. Tükəzban İsmayılova 1962–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1978-1993-cü illərdə “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olmuş, 1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərmişdir.
Milli musiqimizin böyük sənətkarlar nəslinin görkəmli nümayəndəsi olmuş Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənirdi. Ömrünün altmış ildən artıq bir dövrünü muğama həsr edən Tükəzban İsmayılova musiqimizin inkişafı naminə böyük əmək sərf etmişdir. Müğənninin oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olmuşdur.
Musiqimizin bütün incəliklərini dərindən mənimsəmiş Tükəzban İsmayılova Azərbaycan xanəndəlik sənətinə layiqli töhfələr vermişdir. Onun özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirmişdir.
Tükəzban İsmayılova mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən sənətkar olmuşdur. Bir çox mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılmışdır. 
Tükəzban İsmayılova dünyanın bir çox ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. O, respublikamızda gənc xanəndələr nəslinin yetişdirilməsində də öz qüvvəsini əsirgəməmişdir.
Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali mükafatlarından biri olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tükəzban İsmayılova 24 mart 2008-ci ildə ömrünün 85-ci ilində Bakıda vəfat etmişdir.
31 may 2015
GO BACK