Qadin.NET / Frida Kalo

Frida Kalo

"Doğrudan da, uçmağa qanadlarım varsa, ayaqlar nəyimə gərək?"

Frida Kalo 1907-ci ildə Mexiko şəhərində dünyaya göz açıb. O, 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra onda axsaqlıq qalır. Həmyaşıdları  "Frida - ağac ayaq" deyə insafsızcasına sataşırdılar. Bunlara baxmayaraq, o, üzgüçülüklə, boksla məşqul olur, oğlanlarla futbol oynayırdı. Fiziki qüsuru gizlətməyə şalvarlar, evləndikdən sonra isə uzun milli donlar kömək edirdi. 

Frida Kalo

Ölümcül qəza baş verəndə Fridanın 18 yaşı vardı. 17 sentyabr 1925-ci ildə Frida məktəb yoldaşı ilə evə getdiyi zaman avtomobil  tramvayla toqquşur. Zərbə o qədər güclü olur ki, oğlan maşından yola atılır. O, kiçik yaralarla asan qurtulur. Frida isə… Tramvayın kollektorunun sınıq dəmir çubuğu mədədən keçib, çanaq sümüyünü parçalayaraq sol qasıqdan çıxır. Onurğa sümüyü üç yerdən zədələnir, hər iki budu sınır. Və beləcə iztirablarla dolu hərəkətsiz aylar başlayır.

Məhz bu vaxt o, atasından fırça və boya istəyir. Və avtoportretlər çəkməyə başlayır: "Vaxtımın çox hissəsini tənhalıqda keçirdiyim və ən yaxşı bildiyim mövzu olduğu üçün özümü çəkirəm".
22 yaşında Frida Kalo Meksikanın ən nüfuzlu institutuna qəbul olur. 1000 tələbədən yalnız 35-i qız idi. Orada Frida öz gələcək əri, Fransadan yeni dönmüş Dieqo Riviera  ilə tanış olur. Və 1929-cu ildə onlar ailə qururlar.
Toy günü 42 yaşlı Dieqo sərxoş halda tapançasından bir neçə dəfə göyə atəş açır və elə bu zaman ilk ailə münaqişəsi baş verir. Frida valideynlərinin yanına köçür. Dieqo ayılandan sonra Fridadan üzr istəyir və bağışlanır.
1934-ci ildə Dieqo Fridanın bacısı Kristina ilə ona xəyanət edir. O bunu açıq-aşkar, Fridaya əzab verdiyini bilərək edir, amma ondan ayrılmaq istəmir. Frida üçün zərbə şiddətli və əzabverici olur.Qürurlu qadın olduğu üçün o, əzablarını heç kəslə bölüşmək istəmirdi, bölüşmürdü - sadəcə hamısını kətan üzərində əks etdirirdi. Elə həmin vaxtlarda yaradıcılığındakı bəlkə də ən faciəvi şəkli çəkir: çılpaq, qanlı yaralarla dolu qadın bədəni.  Yanında əlində bıçaq tutmuş, üzündə biganə ifadə olan yaralayan şəxs var. Frida rəsmin adını "Sadəcə bir neçə cızıq" qoyur.
Frida ən çox həyatın özünü sevirdi və bu, hamını maqnit kimi cəlb edirdi. Dözülməz fiziki əzablara baxmayaraq o, yumor hissi ilə dolu idi, saatlarla gülə, ürəkdən əylənə bilirdi. Və yalnız əlinə fırça aldıqda özünə qaçılmaz olan şeylər barəsində düşünməyə icazə verirdi.
O, uşaq arzusunda idi, lakin dəhşətli zədə onun uşağı olması imkanını əlindən almışdı. Onun vəziyyətində insan üçün əsl igidlik olan üç hamiləlik faciəvi sonlanır. Və o, uşaqları çəkməyə başlayır. Şəkillərində körpələri çox zaman ölü təsvir edirdi.

 

Zədələnmiş onurğa daim özünü xatırladırdı. Buna görə də vaxtaşırı xəstəxanada yatmaq məcburiyyətində qalırdı. 1950-ci ildə onurğasında 7  əməliyyat keçirir, 9 ay xəstəxanada yatır. İndi o yalnız əlil arabasında hərəkət edə bilirdi. İki ildən sonra yeni faciə baş verir: sağ ayağını dizinə qədər amputasiya edirlər. 

1953-cü ildə ona təsəlli olan ilk şəxsi sərgisi keçirilir.  O, çox xoşbəxt idi - həmişəki kimi deyib-gülürdü. 

Evin tavanında isə boyalarla çəkilmiş böyük, parlaq kəpənəklər uçur. Frida onlara baxaraq sakitləşir, ağrıları azalır, yuxuya gedirdi.  

Heç bir avtoportretində Frida gülümsəmir: ciddi, hətta kədərli üz, qalın qaşlar, möhkəm-şəhvətli dodaqların üzərində incə, qara bığlar.

 

Onun rəsmlərinin ideyası detallarında, fonda, Fridanın yanında olan fiqurlarda kodlaşdırılıb. Ekspertlərin rəyinə görə, rəssamın simvolizmi milli ənənələrə, hind mifologiyasına əsaslanır.  

Frida Kalo 13 iyul 1954-cü ildə, 47 yaşını qeyd etdikdən bir həftə sonra sətəlcəmdən vəfat edir.

Frida Kalo

 Onun həyatından bəhs edən "Frida" filmi 2002-ci ildə "Oskar" mükafatı qazanır. Frida rolunda tanınmış aktrisa Salma Hayek çəkilib.

5 aprel 2014
GO BACK