Qadin.NET / “İtmiş sivilizasiya” tapmacası

“İtmiş sivilizasiya” tapmacası

“İtmiş sivilizasiya” tapmacası

Tarixdən kəşflərin öz zəmanəsinin bilik səviyyəsini qabaqladığına dair xeyli fakt məlumdur. Məsələn, 1636-cı ildə Şverter adlı bir şəxs özünün “Riyazi və texniki əyləncələr” kitabında teleqrafiyanın təməl prinsiplərini çox dəqiq izah edərək yazırdı ki, bir- birindən ayrı düşmüş iki fərd maqnitləşdirilmiş naqil vasitəsiylə əlaqə saxlaya bilər. Onda teleqrafın ixtirası və istifadəyə verilməsinə hələ 200 il qalırdı.

Bu mövzuda daha heyrətləndirici hal isə materiyanın quruluş nəzəriyyələrilə bağlı qədim alimlərin fikirləridir. Bizim eranın ll əsrində yaşamış yunan filosofu Sekst Empirik iddia edirdi ki, hələ Demokrit və Epikürdən bir neçə əsr öncə, təxminən eramızdan 2-3 əsr əvvəl yaşamış alimlər maddələrin tərkibinin gözəgörünməyən kiçik hissəciklərdən – atomlardan ibarət olduğunu bilirdilər. Hətta onlar hesab edirdilər ki, atom özü də mürəkkəb struktura malik olub hissələrə bölünə bilər.

Ən böyük tarixi tapmacalardan biri piramidaların tikilmə texnikasıdır. Misirdə yerləşənlərdən daha məşhuru Xeops piramidası 15 tondan 100 tona qədər ağırlığı olan daş bloklardan tikilib. Onun sərdabə hissəsinin tavanı qırmızı qranit tərkibli 70 tonluq monolit plitədən ibarətdir. Həmin nəhəng bloklar müasir tikililərdə onlardan 300 dəfə kiçik olan kvadrat daşların düzülüşünə nisbətdə 10 qat artıq dəqiqliklə bir-birinə uyğun qoyulub.

 “İtmiş sivilizasiya” tapmacası

İndiki Peru ərazisində yerləşən Maçu Pikçu və Saksaxuamandakı piramida və sərdabələr kompleksi də azacıq fərqlə bu tipli monolitlərdən tikilib. Oradakı uzunluğu 6, eni isə 3 metr olan nəhəng daşlar ideal dəqiqliklə bir-birinə uyğun düzülüb. “Bu dərəcədə dəqiq tikiliş texnikasına baxanda inanmaq çətindir ki, ümumiyyətlə, bu, insanlar tərəfindən tikilib, özü də ən azı 500 il öncə”- deyə amerikalı arxeoloq və tədqiqatçı Ziqfrid Hanter qeyd edir. Lakin Perudakı bu daşlar öz növbəsində heç də indiki Livan ərazisində yerləşən və yaşı 4 min il kimi iddia edilən Baalbek məbədindəki daşlardan böyük deyildir. Onun təməlində 750 ton ağırlığında monolitdən istifadə olunub. Tarixi və arxeoloji məlumatlara inansaq, o dövrdə insanlar nəinki sementi, heç əl arabasını da tanımırdılar. Bəs onlar bu cür ecazkar dəqiqlikdə olan tikilişə necə nail olmuşlar? – bu suala indi heç kim ağlabatan cavab verə bilmir. Həcər əl-Qublda 2 min tonluq daşın təyin olunmuş yerə hansı texnologiyanın tətbiqilə yerləşdirilməsi hələ də bizim üçün tapmaca olaraq qalır. Qeyd edək ki, bu daş dünyada ən nəhəng sal daşdır.

Hələ sovet dövründə fizika-riyaziyyat elmləri üzrə doktor professor M.M.Aqrest “Ədəbiyyat qəzeti”nin səhifələrində belə bir fərziyyə irəli sürdü ki, Baalbek məbədini hələ qədim dövrlərdə kosmosdan gəlmələr tikmiş və həmin daşların iriölçülü səthindən kosmodrom kimi istifadə etmişlər. Aqresə görə, Bibliyanın xeyli fraqmentləri, eləcə də Ölü dənizin qərb sahillərindən 1947-ci ildə tapılan “Qurman əlyazmaları” bu hipotezi inandırıcı surətdə təsdiq edir. Əlavə olaraq, bu hipotez sovet alimi və yazıçısı A.P.Kazançevin çalışmalarına da arxalanır (Kazançev Peru ərazisindəki Tiauanako xarabalığından tapılmış, bəlkə də, dünyanın ən qədim rəsmi olan daş üzərindəki oymalarda hansısa hərəkətli cisimlərin və uçan gəmilərin nəqş olunması faktı əsasında xeyli araşdırma aparmışdı). Misir və Livanın nəhəng tikililərinin Cənubi Amerikanın geniş səması altında ucaldılan analoji tikililərilə məntiqi əlaqəsinin olması şübhə doğurmur.

Yer kürəsində başqa bu cür nəhəng tikililər də mövcuddur. Ən çox diqqət çəkənlərdən biri İngiltərədəki Stounhencdir. Onun yaşı 4 min il kimi müəyyənləşib. Ən son tədqiqatlar bunu deməyə əsas verir ki, müxtəlif ölçülü daş bloklardan təşkil olunmuş bu meqalit öz quruluşu ilə unikal astronomik rəsədxana təsəvvürü yaradır. Blokların hər biri 30 ton ağırlığındadır, həm də onların bəziləri 400 km uzaqdan gətirilib. Sonra onlar uyğunlaşdırılıb və qərarlaşdırılmış yerə yüksək dəqiqliklə lazım olan qaydada qoyulub. O dövrdə İngiltərənin bu ərazisində hansı xalqın yaşaması barədə bilgimiz yoxdur. Lakin təxmin edilir ki, həmin xalqın bu cür dəqiq və əzəmətli tikililəri inşa etmək üçün imkanları olmayıb. Həm də astronomiya barədə uyğun biliklərə sahib ola bilmədiklərinə görə bu tip rəsədxanalar o insanlara, sadəcə, lazım ola bilməzdi.

Anlamaq üçün çətinlikdə yuxarıdakı faktdan heç də geri qalmayan bir tapmaca yenə vardır. 1772-ci ildə holland dənizçisi Yakov Roqqevan Sakit okeanın şərq hissəsində (sonradan özünün adlandırdığı) Pasxa adasını kəşf edir. XIX əsrdə oranın cəmi 200 sakini vardı, bu da sakinlərin adada tikilmiş nəhəng heykəllərin sayından 3 dəfə az olması demək idi. Heç qədimlərdə də Pasxa əhalisinin sayı 3 mini keçə bilməzdi. Adanın gil təbəqəsi məhsuldar deyil və yəqin ki, orada heç vaxt gövdəli ağaclar bitməyib. Bu da ağacların tikintidə “lom-ling” məqsədilə istifadə edilib ağırlığı 50 tonlarla ölçülən nəhəng daşların daşınması versiyasını heçə endirən ən böyük səbəbdir. Bəs onda həmin daşlar necə quraşdırılıb?

Adada ilk səyahətçilər peyda olanda həmin heykəllərin ayaq hissəsində heroqliflər əks etdirilmiş çoxsaylı lövhəciklər vardı. Deyilənə görə, səyahətçilər bu lövhəciklərin bir qismini məhv edir, qalan hissəsini isə hələ də saxlanılan Vatikan muzeyinə göndərirlər. Etnoqrafların araşdırıb oxuya bildikləri həmin fraqmentlərdə səmadan enən ilahi ağ irqdən bəhs edilir. Lakin bu məlumatın heykəllərlə hansısa əlaqəsinin olması sualı hələ də mübahisə mövzusudur.

Bir çox arxeoloqların fikrincə, Cənubi Amerika qitəsi hələ 30 min il öncə fəth edilib. Qədim tikililərin yeraltı qalıqları şahidlik edir ki, indiki Perunun ərazisində inklərin gəlişinə kimi yüksək texniki inkişaf yolu keçmiş, lakin təkəri kəşf etməyən bir xalq yaşamışdır. Əgər həmin torpaqda təxminən 2200 il öncəki suvarmanı həyata keçirsəydik, onda güclü ekskovator və buldozerlərsiz bu qayalıq ərazidə qrunt sularını bir yerə toplamağı bacarmazdıq. Mərkəzi və Cənubi Amerikada itmiş sivilizasiyaların axtarışı ilə 30 ildən çox məşğul olan amerikalı arxeoloq Hayyat Verril hesab edir ki, qədim irriqatorlar torpaq işləri görərkən maneə yaradan qayalıqları kəsib-dağıtmaq yolu ilə parçalamırdılar, onlar yüksək sıxlıqlı qranitləri xüsusi radioaktiv sıyığların köməyilə məhv edirdilər.

Perunun cənub-qərbində yerləşən yarımqayalıq zona Naskada yalnız quş uçuşu yüksəkliyindən görünən nəhəng coğrafi rəsm barədə də az elmi-kütləvi məqalələr yazılmayıb. Tanınmış alim professor Masson əmindir ki, bu irimiqyaslı coğrafi rəsmi yalnız qeyd edilən yüksəklikdən verilmiş göstərişlə “çəkmək” mümkün olardı. Bütün bunlar isə 1500 il qabaq baş verib. 

“İtmiş sivilizasiya” tapmacası

Müqəddəs hind kitabları “Ramayana” və “Mahabharata”da Yerə zühur edən “Ay və Günəşin oğulları”ndan şəxsiyyət kimi bəhs edilir. Bu qədim hind mətnlərində həmçinin müasir atom silahları təəssüratı yaradan silahlarla baş vermiş müharibə də təsvir edilib. Yaşı 2 mindən çox olan bu mətnlərdə hadisələr 20-30 min il qabaq baş verir. Bu irimiqyaslı müharibənin bir qütbündə döyüş filləri və atlarından istifadə edən əliqılınclı insanlar olsa da, digər qütbündə təyyarə, raket və bombalarla silahlanmış döyüşçülər var. “Ramayana” və “Mahabharata”da həmçinin ətrafında böyük hava axını yaradan və enerji mənbəyi civə olan disk formalı uçan apparatlar barədə də qeydlərə rast gəlmək olur (Yeri gəlmişkən, 1959-cu ildə Parijdə təşkil olunmuş Beynəlxalq Astronvtika Konqresində uçan kosmik gəmilərdə civə-ion motorlarının istifadəsi ideyası müzakirə olunmuşdu). Bu kitablarda “şəhərləri yerlə-yeksan edən Günəşdən 100 min dəfə daha parlaq” bomba partlayışları da ətraflı nağıl edilir.

Müasiri olmayan silahlar barədə insanların bu cür dəqiq və ətraflı fantaziyasının olduğunu təsəvvür etmək çox çətindir.

Bəşəriyyət tarixində sonacan anlaşılmayan növbəti faktı qeyd etmək yerinə düşərdi. Keçən əsrin 50-ci illərinin sonunda Sovet, Amerika və Hindistan alimləri yekdil qərara gəldilər ki, təxminən 10 min il öncə müasir eskimosların babaları indiki Orta Asiya, Monqolustan və Seylon ərazisində yaşayıblar. Onlar yalnız çox sonralar Qrenlandiyada mövcud olmuş və belə görünür ki, bu əraziyə təsadüfən gəlib çıxmışlar. Nə üçün? Nəyə görə bütünlüklə həmin tayfalar bərəkətli torpaqları tərk edərək “dünyanın o başında”, sərt iqlimli və yaşayış tərzi xeyli ağır olan torpaqlarda məskən salıblar? Hazırda bu suala heç bir alim cavab verə bilmir. Bəs qeyd edilən sirli miqrasiyanın iştirakçıları özləri bunu necə izah edirlər? Eskimosların folkloru əfsanələrlə zəngindir. Bir çox əfsanələrdə deyilir ki, dərin yaddaşlarda yaşayan zamanlarda onların babaları hansısa bir cənnətdən şimala gətirilmişlər…böyük dəmir quşlarda.

On, yüz və bəlkə də min illərdir ki, tarixin bəzi sirr və tapmcaları düşünən beyinləri heyrətləndirməkdədir. Həqiqət budur ki, müasir elm onları cavablandırmaq üçün yetərincə bilgili deyil.

Vadim İlin, Tarix elmləri namizədi

Mənbə: "Koleydoskop" jurnalı

Tərcümə etdi: Səbuhi Şahmursoy

23 mart 2016
GO BACK