Qadin.NET / İlhamiyyə Rza

İlhamiyyə Rza

 

Telejurnalistikada müəllif proqramlarının  mövcudluğu və inkişafı söz azadlığı və demokratik mühitin formalaşmasına bağlı olduğundan, cəmiyyətimizdə ulduzlaşmış müəllif-aparıcılar, ciddi təhlilçilər azdır və o azlardan biri də İlhamiyyə Rzadır.

İlhamiyyə Rza telejurnalistika fəaliyyətinə AzTV-də başlamışdır. İxtisasca jurnalist-filoloqdur. 1991-1993-cü illərdə AzTV-də  xəbərlər departamentinin reportyoru, 1994-1995-ci illərdə Türkiyə üçün Azərbaycan haqda həftəlik proqramın aparıcısı, 1996-1997-ci illərdə AzTV-də "Telefaks" xəbər proqramının şərhçisi, müxtəlif səhər proqramlarının aparıcısı kimi  fəaliyyət göstərmişdir. Dövlət televiziyasında “ Sabah ” Yaradıcılıq Birliyinin ədəbi hissə müdiri işlədiyi illərdə televiziya tamaşalarının redaktoru olmuşdur.  

2001-2002-ci  illərdə  “ Lider” TV-də  “Səhər” proqramının  baş redaktoru, Britaniya televiktorinasının Azərbaycan versiyası üzrə  “Milyonçu ”nun, “ ABA” kanalında gündəlik verilişin aparıcısı ,“ Space”də departament rəhbəri olaraq çalışmışdır. Eyni zamanda TV fəaliyyəti dövründə mətbuatda mütəmadi yazılarla çıxış etmişdir.  

2002-2006-cı illərdə   “Space ” telekanalında müəllif proqramının  rəhbəri və aparıcısı olmuşdur. Onun “Gecə kanalı ” adlı verilişi  geniş  tamaşaçı  kütləsi arasında populyarlıq qazanmış, eyni zamanda xalqın intellektual kəsiminin diqqətini cəlb etmişdir. Lakin bu layihənin ömrü cəmi dörd il davam etmişdir. Bu müddət ərzində o, yeni mövzular üzərində işləmiş , onları tam araşdırmışdır.

Müəllif proqramı Azərbaycan televiziya məkanının ən zəif inkişaf etmiş sahəsidir. Məlum olduğu kimi, Sovet dövründə bu sahə üzrə heç bir irəliləyiş olmamış , müstəqillik illərinin hazırki dönəmlərində isə söz azadlığı məhdudlaşdırıldığından mətbuat, xüsusilə elektron KİV bu baxımdan ağır təzyiqlərlə üz-üzə qalmışdır.

İlhamiyyə Rza da belə antidemokrat təzyiqlərlə rastlaşmış və öz  “Gecə kanalı ”nı bir çox digər müəlliflər kimi bağlamalı olmuşdur. Lakin televiziya məkanında öz yeri olan, fikir səviyyəsi ilə sevilən İlhamiyyə Rza yazarlıq fəaliyyətini bir an belə dayandırmamış, ictimai-sosial-mənəvi problemlərin cəsarətli sözçüsü olmuşdur. Bundan sonra İlhamiyyə Rza fəaliyyətini   “Gündəlik Azərbaycan” qəzetində davam etdirmiş, həmin qəzet zorakı yollarla dayandırılana kimi orada çalışmışdır.

 

İlhamiyyə Rza 2003-cü ildə telejurnalistika fəaliyyətinə görə  “ Həsən bəy Zərdabi adına mükafat” almışdır.

O, həyat yoldaşı yazıçı Həmid Herisçi ilə birgə “Gecə kanalı”  kitabının müəllifidir. Bu kitabda həm də teletənqid silsiləsindən məqalələri dərc olunmuşdur.

İlhamiyyə Rza dövri mətbuatda ardıcıl olaraq çıxış edir. Müxtəlif beynəlxalq proqramların iştirakçısıdır. Təxminən bir il müddətində İREX-in regional layihəsi çərçivəsində regional TV-lərlə işləmiş,  “Kəsişmə nöqtəsi ” adlı birgə həftəlik veriliş hazırlamışdır. Hazırda Treninq şirkətində ekspert məsləhətçisi qismində fəaliyyət göstərən İlhamiyyə xanımın şəxsi keyfiyyətləri, istedadı və peşəkarlığı , onun gələcəkdə daha böyük işlər görəcəyini deməyə əsas verir. 
1 oktyabr 2011
GO BACK