Salam Ana... Canım anam əgər bu məktubumu oxuyursansa deməli mən artıq şəhadət şərbətini içmişəm. Bu mənim sənə son məktubumdur. Bilirəm bu günə kimi sənə yazdığım hər məktubun, orda yazdığım hər cümlənin, hər kəlmənin sayını əzbər bilirsən. Bilirəm yazdığım məktubları hər gün oxuyursan. "Oğul, mənə telefonda mesaj yazma, mənə kağız üzərində məktub yaz deyirdin. Sənin iyini, əllərinin izini, yazarkən aldığın nəfəsini hiss edəcəm onda"
Burda qızğın döyüşlər gedir, erməni namərdləri bizi qorxaq hesab edir deyəsən, hücuma keçiblər. Dostlarım, əsgər yoldaşlarım qəhrəmancasına döyüşür. Artıq şəhidimiz də var. Bilirsən ana, onlara paxıllıq edirəm. Onlar sevidyi vətən üçün şəhid oldular. Onların qisasın almaq boynumuzun borcudur. Düşmənə aman verməyəcəyik, onaları torpaqlarımızdan çıxarana kimi döyüşəcəyik. Mən ölmək üçün döyüşmürəm ana, mən öldürmək üçün döyüşürəm, mən Vətənim üçün döyüşürəm. Olar da şəhid düşsəm ağlama! Sevin ana! Sevin ki, oğlun şəhid oldu! Fəxr elə mənimlə, üsyan eləmə!
Nə olsun ki, yemədin yedirdin, geyinmədin geyindirdin, nə olsun ki, məni böyütmək üçün yuxusuz gecələr keçirdin?! Nə olsun ki, mən bu dünyadan nakam gedirəm, nə olsun ki, sevdiyimə qovuşmadan, sənə olan borcumu qaytarmadan gedirəm. Yadındadır dərslərimi oxumadığım zaman məni cəzalandırardın, "tarixini bilməyən insandan vətəninə, millətinə xeyirli övlad olmaz" deyirdin. Anam, tarixini oxumaq istəmədiyim bu torpaqları məgər nə qədər çox sevirmişəm mən? Vətənimin dar günündə yanında olduğum üçün çox xoşbəxtəm ana. Onu namərdlərdən qorumağa çalışdığım üçün çox sevinirəm. Ölüm bizim üçün qorxulu deyil ana, düşmənə bir qarış torpaq vermək qorxuludur. Ağlama anam! Axı məni sən belə böyütdün, sən belə tərbiyələndirdin?! Axı sən deyirdin "Südüm sənə halal olmaz, sən baş əysən düşmənə" Əymədim ana! Düşmənə baş əymədim! Atam nə qədər zəhmli və güclü görünsə də sənin kimi güclü deyil ana. Sən yıxılarsan o ölər, sən üzülərsən o məhv olar. Sən güclü ol ki, ona dayaq ol! Atam, mənim canım atam!!! Sənə demək istədiyim o qədər sözüm qaldı ki, sənə göstərmək istədiyim o qədər yerlər var idi ki... Səni Qarabağda, Xankəndində gəzdirmək istəyirdim.
Hələ mən uşaq idim sənin bir cümləni hər zman eşidərdim" Qarabağımı dünya gözü ilə bir dəfə görsəm ölsəm qəm yeməzdim" Bağışla atam, səni bu arzuna çatdıra bilmədim. Ancaq əminəm ki, sən bu arzuna çatacaqsan. Az qalıb atam, az qalıb mənfur erməni namərdlədini torpaqlarımızdan qovub çıxarmağımıza, az qalıb! Anam, gözəl anam bu çətin günlərdə xalqımla qürur duydum. Xalqımızın bizim arxamızda olduğunu daim hiss etdik. Bizə dayaq olmaları bizi daha da ruhlandırır. Əgər başqa dövlətdə yaşasa idim Bu dövlətə . bu xalqa paxıllıq edərdim. Xalqımızın birliyi sevindirdi, qürurlandırdı bizi. Əgər biz bir olarıqsa , basılmaz Vətən!
Əllərindən, gözlərindən öpürəm ana. Əlvida Ana!