Qadin.NET / İsaak Nyuton

İsaak Nyuton

İsaak Nyuton

İsaak Nyuton 1643-cü ildə İngiltərədə fermer ailəsində dünyaya gəlmişdir. Onun valideynləri az savadlı adamlar idilər. Lakin uşaqlarına yaxşı təhsil verməyə çalışırdılar. Xasiyyətcə adamayovuşmaz olan İsaak məktəbdə o qədər də fəal deyildi. Belə bir uşağın gələcəkdə alim olacağı heç kəsin ağlına belə gəlmirdi. Balaca İsaak qəribə oyuncaqlar düzəltməyi sevirdi. Onun düzəltdiyi kiçik yel dəyirmanı təkcə uşaqları deyil, böyükləri də heyrətə gətirirdi. Külək əsəndə dəyirmanda az miqdarda buğda da üyütmək mümkün idi. Küləksiz havada isə dəyirmanı canlı dəyirmançı siçan hərəkətə gətirirdi. Siçanı dəyirman çarxının üstünə çıxmağa məcbur etməkdən ötrü İsaak çarxın üzərinə kiçik buğda torbası asmışdı. On dörd yaşında olanda o, pedalla hərəkətə gətirilən araba ixtira etdi. Bu arabanı velosipedin əcdadı hesab etmək olardı. Məktəbi bitirən Nyuton Kembricə gedərək dünyanın ən yaxşı universtetlərindən birinə daxil oldu. O, kasıb olduğu üçün həm oxuyur, həm də xidmətçi kimi işləyirdi. Günlərin birində universitet rəhbərliyi onun istedadlı tələbə olduğunu başa düşdü və ona təqaüd kəsdi. Bundan sonra İsaak daha xidmətçilik etmədi, bütün diqqətini təhsilə yönəltdi. İstedadlı oğlanın kiçik ixtiraları sonralar daha böyük kəşflərlə əvəz olundu. Yeni tipli teleskop yaratdığına görə Nyutonu London Kral cəmiyyətinə, başqa sözlə desək, İngiltərə Elmlər Akademiyasına üzv seçdilər.

İsaak Nyuton

Nyuton böyük alim olduqdan sonra da ətrafdakılara qapalı, hətta bir qədər kütbeyin adam təsirini bağışlayırdı. Bu da onun daim elmi düşüncələr içində olmağından irəli gəlirdi. Böyük alimin qəribəlikləri haqqında rəvayətlər var. Deyirlər ki, bir gün Nyuton itinə və pişiyinə qapı açmaqdan bezir və qapının aşağı hissəsindən iki dəlik açır. Böyüyü it üçün, kiçiyi isə pişiyi üçün.

Nyutonun ən böyük kəşflərindən biri ümumdünya cazibə qanunudur. Bu kəşf də məhşur rəvayətlə bağlıdır. Deyilənə görə, 1666-cı ildə Nyuton öz bağında dincələn zaman başına ağacdan alma düşür və o anlayır ki, hansısa bir qüvvə cisimləri Yer səthinə düşməyə məcbur edir. Beləliklə, adi bir alma Nyutonu cazibə qüvvəsi haqqında dərindən düşünməyə vadar edir. Amma bu düşüncələri qanun formasına salmaq, onların elmi təsdiqini vermək üçün fizikə 20 il vaxt lazım oldu. Nyutona qədər, yəqin ki, çoxlarının başına alma düşüb, amma onlar heç nə kəşf etməmişlər. Nyuton isə kəşf etdi, çünki o dahi idi. Böyük alim ətrafı müşahidə edir və daim özünə "niyə"? sualını verirdi. Nyutona qoyulmuş abidələrdən birinin üzərində belə sözlər həkk edilmişdir "Nyuton bəşəriyyətin yaraşığıdır".
24 oktyabr 2014
GO BACK