Əsgərova Salatın Əziz qızı 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.
Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə istedadlı jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir.
Ailəli idi, bir oğlu var.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd "Salatınkənd" adlanır.