Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlmişdir.
Qeyd edək ki, Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xan Cavanşirin oğlu Mehrəli bəyin nəticəsi olan Əhməd bəy Peterburqda hərbi məktəbi bitirib, 6 il rus ordusunda xidmət etdikdən sonra, Kəhrizli kəndinə qayıtmış, burada 50 il quruculuq işləri, xeyriyyəçiliklə məşğul olmuşdur. Aqrar sektorda o dövr üçün çox qabaqcıl texnoloji vasitələri tətbiq edən, kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir 7 "Qarabağnamə"dən ən məşhurunu - "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsəri yazmışdır. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilmişdir.
Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də indi Əhməd bəyi kasıbların böyük himayədarı, alicənab kişi kimi ehtiramla xatırlayırlar. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uzlaşır. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdur. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdir. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdır. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdur. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdür. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdir. Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır. Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim". Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridirE Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.
"Azərbaycan" qəzetinin Ağcabədi rayonunun Kəhrizli kəndində keçirdiyi "Dəyirmi masa" Həmidə xanım Cavanşir-Məmmədquluzadənin büstünün qarşısına əklil qoymaqla başlanıldı. Tədbir Həmidə xanımın ev muzeyində davam etdi. 4 otaqdan ibarət olan bu evdə Həmidə xanım doğulmuş, ağrılı-şirinli ömür sürmüş, Mirzə Cəlillə ən xoşbəxt anlarını yaşamışdır. Bəlkə də taleyin qismətidir ki, həmişə insanlara yardımçı olmuş, onların problemlərini həll etmiş Həmidə xanımın bu evi də son aylara qədər qayğıya möhtac olan məcburi köçkünlərin sığınacaq, daldalanacaq yeri olmuşdur. Hazırda muzeyin fəaliyyəti tam bərpa olunmuş və bura Həmidə xanımın yadigarı olan məişət əşyaları, əl tikmələri, ailə fotoarxivləri, əlyazmalarla təmin edilmişdir. "Dəyirmi masa"nı açan Ağacabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirdi ki, bu muzey iki böyük azərbaycanlının - Mirzə Cəlillə Həmidə xanımın nəfəsini, ruhunu yaşadan, Azərbaycan ədəbiyyatına, ziyalılığına böyük töhfələr verən müqəddəs ocaqdır: "Azərbaycan mətbuatının bayraqdarı olmuş "Əkinci"nin mənəvi varisi olan "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının tarixində böyük rol oynamış, nadanlığa, cahilliyə, savadsızlığa qarşı mübarizədə qabaqcıl maarifçilik flaqmanı olmuşdur. Bu jurnal Molla Nəsrəddin ədəbi məktəbini yaradaraq, Azərbaycan ziyalılarının keyfiyyət göstəricisinə çevrilmiş, xalqın mədəni və ictimai intibahında mühüm amil olmuşdur. Bu nailiyyətlərin müəllifi olan Mirzə Cəlil daim vurğulamışdır ki, onun uğurlarında Həmidə xanım Cavanşir-Məmmədquluzadənin də böyük payı var. Həmidə xanım qeyri-adi insan idi. Kəndin sakinlərinə heç vaxt rəiyyət kimi baxmayan bu xanım daim insanların xeyirxahı olmuş, onların sağlamlıqları ilə bağlı problemlərinin həllindən tutmuş savadlanmalarına qədər böyük bir himayədarlıq silsiləsi yaratmışdır. Kəhrizlinin ağsaqqal-ağbirçəkləri bu gün də Həmidə xanımın mərhəmətindən, xalqına olan sonsuz sevgisindən ağız dolusu danışırlar. Bu nəcib qadın çox kişinin qol qoymadığı işlərə baş vurmuş, əhalinin daha yaxşı dolanması, onların qayğılardan azad olması üçün öz sərvətini ürək genişliyi ilə sərf etmişdir. Həmidə xanım bu kənddə Mirzə Cəlil üçün rahat, isti bir ocaq yaratmış, bu böyük sənətkarın ədəbiyyatımızın inciləri sayılan xeyli əsərinin ərsəyə gəlməsinə mənəvi cəhətdən təkan vermişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək. Kəhrizlidə təşkil edilən bu tədbir də ölkə rəhbərinin çağırışına bir tövhə olaraq, Mirzə Cəlil və Həmidə xanım Məmmədquluzadələrin xatirəsinə böyük ehtiramın növbəti nümayişidir. Biz Ağcabədi camaatı, Kəhrizli sakinləri fəxr edirik ki, belə böyük insanların ruhlarının dolaşdığı, onların izlərinin mövcud olduğu bu şərəfli məkanda yaşayırıq". Yazıçılar Birliyinin Qarabağ bölgəsi üzrə nümayəndəliyinin rəhbəri Ənvər Əhməd Həmidə xanımın malik olduğu yüksək insani keyfiyyətlərin ona genetik xas olduğunu söylədi: "Pənahəli xan kimi əsilzadə zadəganın nəslindən, Əhməd bəy kimi böyük maarifçi ziyalının ailəsindən olan Həmidə xanım məhz belə ləyaqətli və örnək ömür sürməli idi. Bu gün sevindirici haldır ki, Azərbaycan xalqının adını yüksəklərə qaldıran ismətli xanımlarımız - Burla Xatun, Sara Xatun, Həcər və digərlərinin sırasında Həmidə xanımın da adı hörmətlə çəkilir. Tarixdə və yaddaşlarda bu qadının yüzlərlə fədakar əməli, xalqına olan bağlılığını əks etdirən yetərincə hadisələr yaşayır. Bunların hər biri sübut edir ki, Həmidə xanım Mirzə Cəlilə sadiq ömür-gün yoldaşı və ən yaxın silahdaş olmaqla bərabər, həm də onun adını zirvələrə qaldıran, böyük ustadın bənzərsiz yaradıcılığını öz yüksək şəxsi xarakteri ilə tamamlayan insan idi. Həmidə xanım Mirzə Cəlilin ailə üzvlərinə də xüsusi qayğı ilə yanaşarmış. Təsadüfi deyildir ki, bu böyük yazıçının kiçik qardaşı Əkbər də bir müddət burada yaşamış və məhz Kəhrizlidə - Həmidə xanımın ata-baba yurdunda dəfn olunmuşdur. Ötən əsrin əvvəllərində Qarabağda, o cümlədən Kəhrizli kəndində və ətrafda böyük aclıq və kütləvi epidemiya tüğyan edirdi. Belə təhlükəli məqamda Həmidə xanım yenə də öndə idi. O, öz faytonu ilə hər bir evə darı, un və digər ərzaqlar paylayır, tauna, qızılcaya qarşı əhaliyə peyvəndlər vurdurur, başqa müalicəvi vasitələr tətbiq edirdi. O dövrdə yüzlərlə insanı aclığın və ölümün cəngindən xilas edən bu nəcib xanım həm də saysız-hesabsız körpənin, yeniyetmənin savadlanmasını, beləliklə də, onların gələcəkdə cəmiyyətdə öz yerlərini tutmalarını təmin etdi. Həmidə xanım qadınların problemlərinin həllində xüsusi səy göstərirdi. Onların savadlanmasına, problemlərinin həllinə çalışaraq, hətta gəlin köçən qızlara da xüsusi cehiz ərmağanı ayırırdı. Həmidə xanım xeyirxahlığı, alicənablığı, mərhəməti ilə Azərbaycan tarixində yaşamaq haqqı qazanıb".
Kəhrizli kəndinin ağsaqqal sakini Mehdi Quliyev atasının xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Qeyd etdi ki, kəndə iki kəhriz çəkdirən Həmidə xanım ona müraciət edən hər bir sakinin problemini təcili həll edər, ümumiyyətlə isə daim özü kənd arasına çıxaraq, insanların qayğıları ilə maraqlanarmış. Milli və dini bayramları xüsusi təmtəraqla qeyd edən Həmidə xanım Novruzda böyük el şənliyi qurar, hər kəsə bayram sovqatı ayırar, kəndin mərkəzində isə Gülablıdan məşhur aşıqları dəvət edərək, əhalini bayram əhval-ruhiyyəsinə bürüyərmiş. Qurban bayramında isə hər bir ailənin payı hökmən verilməliymiş. Kəhrizlidə Mirzə Cəlilə də böyük ehtiram göstərilirmiş. Kənd ağsaqqalı Mürşid Rəsulov da bildirdi ki, Həmidə xanımın böyük səxavəti daim Kəhrizlidə dillər əzbəri olmuş, illər keçsə də, bu xeyirxah insanın savab əməlləri unudulmamışdır. Daim əhalinin ümid yeri olan Həmidə xanım Cavanşir-Məmmədquluzadə çəkinmədən öz varidatını el yolunda xərcləmişdir. Bölgədə xəstəliklər kütləvi yayılanda isə özü şəxsən kəndin körpələrini faytonuna mindirərək, növbə ilə mərkəzə aparar, onlara peyvənd vurduraraq, sağlam yaşamalarını təmin edərmiş. İsmixan Quliyev və digər kənd sakinləri də Həmidə xanım Cavanşir-Məmmədquluzadə barəsində işıqlı xatirəlrini tədbir iştirakçıları ilə bölüşdülər. "Dəyirmi masa"nın sonunda Ağcabədi Rayon İcra Hakimyyətinin başçısı Şahin Məmmədov qeyd etdi ki, Həmidə xanım daim xatirələrdə yaşamağa layiq ömür sürdü: "İnsanı əbədi yaşadan, ona hörmət qazandıran savab əməlləridir. Əgər Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə ömür sürməsəydi belə yenə də adını tarixə həkk etmək haqqı qazanacaqdı. Çünki onun xeyirxahlığı, yaxşılıqları müqayisəyəgəlməzdir. Bu qadının millətinə fəda edilən həyatıi dərindən öyrənilməli və gənc nəslə təbliğ edilməlidir". Sonda Kəhrizli kənd orta məktəbinin şagirdlərinin ifasında Həmidə xanımın yazdığı bayatılar səsləndi.
Mirzə Cəlilin xatirələrində Kəhrizli daim böyük ehtiramla yad edilib, kənd sakinləri barəsində hörmətlə söz açılıb. Böyük sənətkar qeyd edərmiş ki, hər dəfə Kəhrizliyə gələrkən hələ uzaqdan bu kəndin çinarlarını görər və sevinərmiş ki, onun üçün əziz və doğma olan bir yerə yenidən qayıdır: "Kəhrizliyə gələrkən hələ uzaq məsafədən yan-yana düzülmüş uca çinar ağaclarını görüb malikanəmizi tanıyır və bu zaman ürəyim sevinclə döyünməyə başlayır, doğma ailəmə, mənim üçün əziz olan dost-aşnaya tez qovuşmaq üçün faytonçunu tələsdirərəm. Mən ancaq burada, təbiətin bu sakit guşəsində özümü xoşbəxt hiss edirəm. Bu yerlərin gözəl baharı, füsunkar aylı gecələri, kölgəli bağları, güllərin ətri, bülbüllərin cəh-cəhi, "İsa-Musa" - deyə səsləşən quşların ahəngi, çoban tütəklərinin səhər erkən ətrafı bürüyən xoş avazı yorğun əsəblərimi sakitləşdrib fikirlərimə qol-qanad verir". Kəhrizlidə çinarlara həyat verən arxları da həssaslıqla qələmə alan Mirzə Cəlil üçün bunlar təbiət möcüzələri kimi səciyyələnirdi. İndi bu arxlar axmasa da, Mirzə Cəlilə Kəhrizlini uzaqdan soraq verən çinarlardan bəziləri hələ də yaşayır. Əminik ki, yeni pöhrələnəcək çinarlar tezliklə boy verəcək və Ağdamdan, Şuşadan, Xankəndidən keçən yollarımızda Kəhrizlinin də istiqamətini məhz bu çinarlarla müəyyən edəcəyik. Onda Mirzə Cəlilin, Həmidə xanımın Qarabağsızlıqdan nigaran ruhları da əbədi rahatlıq tapacaq.