Qadin.NET / Zeynəb Paşa

Zeynəb Paşa

ZEYNƏB PAŞA


Aslanın erkəyi,dişisi olmaz!
Qəhrəman qadınlarımız çox olub tarixdə.Qadın hökmdarımız Tomirisi,Şərqdə ilk diplomat qadın olan Sara Xatunu,Qaçaq Nəbinin Həcərini,Koroğlunun Nigarını və b. tanımayan yoxdu.Çünki onlar haqda kifayət qədər danışılıb.Təəssüf ki,onlardan heç də geri qalmayan bir çox qəhrəman qadınlarımız var ki,onlar ya heç yada düşmür,ya da çox az xatırlanırlar.Onlardan biri də Zeynəb Paşadı.

O həm də Bibişah Zeynəb Onbaşı Zeynəb ləqəbləri ilə tanınırdı.Zeynəb Paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kənli ailəsində anadan olub.Atası Şeyx Süleyman çox kasıb olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdi. 110 il bundan əvvəl (1900 miladi)40 Təbrizli xanımla birgə feodal qayda-qanunlarının çərçivəsindən çıxaraq daxli və xarici istismara qarşı qorxmadan hərbi mübarizəyə başlayır.
Sadə həyat keçirən Zeynəb Paşanın həyatının Reje cərəyanından qabaqki dövrü haqda heç mə`lumat yoxdur. Ən əvvəl Zeynəb xanımı Zeynəb Paşaya çevirən Reje cərəyanı haqqında.. Nəsrəddin şah dövründə tütün və tənbəkinin alqı-satqısı imtiyazı xarici şirkətlərə verildi. Bu hadisə millətin mübarizəyə başlamasına təkan verdi. Cərəyanın adı Reje idi. Ingiltərə fürsətdən istifadə edərək İranın bütün vilayətlərinə öz mə`murlarını göndərərək İranı istismar altına aldı. Hadisəyə ilk olaraq Təbriz reaksiya verdi. 2 min silahlı qüvvə yarandı. Şaha teleqraf göndərərək bu işdən vaz keçməsi bildirildi. Təbriz bazarı bağlandı. 1 neçə gün sonra dövlət mə`murları bazarı zor gücünə açdırdılar. 1-2saat geçmədi ki, bir qrup qadın əlində silah, başında ləçək bazara gəlib bazarı silah gücünə bağladaraq küçələrdə yoxa çıxdı. Onlara Zeynəb Paşa rəhbərlik edirdi. Dövlət mə`murları qadınların qabağında aciz qaldılar və bazar yenidən bağlandı. O dövrün şairlərindən biri Zeynəb Paşa və onun yoldaşları haqında belə deyir :

Hökm eylədi Zeynəb paşa
Cümlə ənasül-fəraşa.
Siz bazarı basın daşa
Dəyənəyi yağlayım gəlim
Patavamı bağlayım gəlim.

Xalqın mubarizəsi qarşisında Nəsrəddin şah öz qərarından geri çəkildi. Lakin qadınlar silahlarını yerə qoymadılar.Zeynəb Paşa xalqı mübarizəyə çağıran nitqlər edirdi. Çıxışlarının birində kişilərdən e`tiraz səsi eşidən bu mübariz qadın üzünü onlara tutaraq belə demişdi:
-Əgər siz kişilərin zülmkarlarla mübarizə etməyə cür`ətinis yoxdursa, qorxursunuzsa, alın bu ləçəyi siz bağlayın. Biz namusumuzu, malımızı, vətənimizi özümüz qoruyarıq. Bundan sonra kişi və kişilikdən danışmayın. Biz sizin əvəzinizə də vuruşarıq. Bu sözləri Söylədikdən sonra Zeynəb Paşa ləçəyini çıxarıb kişilərə tərəf atır və hamının təəccüb dolu baxışları altında yoxa çıxır...
O günlərdə varlılar qıtlıqdan istifadə ədərək ərzaq mallarını ambarlarda yığıb ehtiyat saxlardılar. Zeynəb Paşa onların yerini öyrənib, məhsulları ucuz qiymətə xalqa sataraq pulunu mal sahibinə qaytarırdı. Xalqın möhtəkirlərə qarşı çıxdığını görən hökumət Marağa qoşunlarını Təbrizə çağırdı. Silahlı mübarizədə bir kişi və beş qadın öldürüldü. Bə`zi ruhanilər də qadınlara qoşularaq Rus konsulluğuna yığıldı. "Çörək Çörək" şüarı Qacarlar əlehinə siyasi şüara çevrildi.
Zeynəb Paşanın mühüm işlərindən biri də Təbriz valisinin anbarını xalqın üzünə açması oldu. Qarışıqlıqlarda 30 nəfər öldürüldü. Vali vəliəhdin sarayına qaçdi.
Dostları Fatmanisə, Sultanbəyim, Mahşərəf, Canbəyim , Xeyransa , Mahbəyim, Şahbəyimlə bigə Nizamül-Üləmanın anbarını da açıb məhsullarını xalqə satan Zeynəb Paşa ömrünün sonuna yaxın bir karvanla Kərbəlanı ziyarət etməyə gedir. Osmanlı əsgərlərinin onların karvanının qarşısını kəsərək, Karvanı ələk-vələk etməsinə dözməyen Zeynəb Paşa yenidən silaha əl atır. Əsgərlər qaçıb aradan çıxırlar.
Çox təəssüf ki, Zeynəb Paşanın bu ziyarətdən sonraki həyatı haqqında heç bir mə`lumat yoxdur.

Onsuz da unutqanlığımizdan çox ziyan çəkmişik.Düşmənlərimizin əməllərini,hətta dostlarımızı,ümumiyyətlə keçmişimizi unutmağa meylliyik.Unutqanlıq olan yerdə isə nə sevgi olur,nə nifrət.Vətəni sevmək,düşmənə nifrət üçünsə unutmamalıyıq heç nəyi.

10 iyun 2010
GO BACK