Qadin.NET / Fədakar qadın: Pəri Topçubaşova

Fədakar qadın: Pəri Topçubaşova

 

 

Deyirlər, sağlam cəmiyyət qurmağın başlıca şərti ilk növbədə qızlara təhsil verməkdən, qadınları savadlı yetişdirməkdən başlayır.

Fədakar qadın: Pəri Topçubaşova

Əgər qadın savadlı, dünyagörüşlü olarsa, onun ailəsində böyüyən övladları da savadlı olacaq. Azərbaycanın çoxəsrlik tarixində cəmiyyətin inkişafı, maarifpərvər ideyaların təbliği istiqamətində mühüm rol oynamış bir çox qadınlarımız olub. Onlar cəmiyyətin müxtəlif sahələrində kişilərlə çiyin-çiyinə çalışıb, həyatını xalqın inkişafına həsr ediblər.

Belə maarifçi qadınlarımızdan biri də böyük ziyalı Həsən bəy Zərdabinin qızı, görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı Pəri xanım Topçubaşovadır.

Pəri xanım Topçubaşova 1873-cü ildə Zərdab rayonunda Həsən bəy Zərdabinin ailəsində dünyaya göz açıb. Dörd uşaqlı ailənin ilk övladı olan Pəri xanımı atası oxutmaq, ona yaxşı təhsil vermək arzusunda idi. Ancaq dövrə hakim olan ağır mühit, gerilik onun bu istəyinin qarşısına müxtəlif maneələr çıxarırdı.

XIX əsr çar Rusiyasının tərkibindəki Azərbaycanın mətbuat sahəsindəki ağır mühiti nadan və cahil müsəlmanların səyi nəticəsində xüsusilə dözülməz hal almışdı. Bu o zamanlar idi ki, təhsilli insanlar, maarifə meyl edən şəxslər asanlıqla öldürülə bilirdi. Buna görə də ictimai fəaliyyət göstərən ziyalıların işi bu şəraitdə xüsusilə çətin idi. Belə ziyalılardan olan Həsən bəy Zərdabini hökumət 1878-ci ildə Bakı realnı məktəbindəki müəllimlik vəzifəsindən azad edir. İki il Bakıda işsiz qalan Həsən bəy 1880-cı ildə ailəsi ilə birlikdə doğma kəndinə Zərdaba köçür. Bu zaman onun böyük qızı Pərinin 7 yaşı var idi. Ailənin maddi vəziyyətinin ağır olmağına baxmayaraq, Həsən bəy qızını oxutmaq arzusundan vaz keçməmişdi. Ancaq bu arzunun özü də bir çox maneələrə rast gəlirdi. Onlardan ən vacibi isə Azərbaycanda qız məktəbinin olmaması idi. Bu səsbəbdən də o, qızını Tiflisə aparır və vaxtı ilə Hənifə xanımın təhsil aldığı rus qız gimnaziyasına qoyur.

Tiflis mətbu orqanları və ziyalıları ilə mütəmadi əlaqə saxlayan Həsən bəy tez-tez gimnaziyaya gəlir, qızının dərsləri ilə maraqlanırdı. Qısa bir müddətdə Pəri xanım həm təhsili, həm də yüksək ədəb-ərkanı ilə müəllimlərinin hörmətini, sevgisini qazanır. Beləliklə, Tiflisdə rus qız gimnaziyasında ilk təhsil alan azərbaycanlı qız Pəri xanım oldu. Bu zamana qədər isə görkəmli dramaturq, ziyalı Mirzə Fətəli Axundov da öz qızı Nisəni rus məktəbində təhsil almağa göndərmişdi ki, digər azərbaycanlılar da qızlarını oxutsunlar.

Bir müddət sonra gimnaziya təhsili ilə kifayətlənməyən Pəri xanım Peterburqa gedir və 1889-cu ildə Peterburq Universitetinin Hüquq fakültəsini əla qiymətlərlə başa vurur. Tiflisdə, Bakıda məhkəmə köməkçisi, dairə məhkəməsinin katibi, vəkil və s. işlərdə işləyir. Təbii ki, bir əşya kimi satılan, öz hüququndan xəbərsiz azərbaycanlı qadınının nümayəndəsinin hüquq sahəsində çalışması o dövr üçün çox böyük nailiyyət idi.

Araşdırmaçı Qərənfil Dünyaminqızı yazır ki, Pəri xanım hələ Tiflisdə rus-qız gimnaziyasında oxuyarkən təhsilə, yeniliyə olan marağı ilə yanaşı, Şərq qadınlarına xas gözəlliyi, saflığı, sadəliyi ilə də Əlimərdan bəyin diqqətini cəlb edib. Aralarında səmimi bir dostluq yaranır və bu dostluq sonralar ülvü məhəbbətə, sədaqətli ömür-gün yoldaşlığına çevrilir. Deyilənlərə görə, onların bu səmimi münasibəti gimnaziyada vaxtilə Hənifə xanımın, sonralar isə Pəri xanımın müəllimi olan Mariya xanımın diqqətindən yayınmır. O, Həsən bəyə məktub yazaraq bu məsələni açır və Əlimərdan bəyin onun qızına layiq olduğunu bildirir. Həsən bəy Mariya xanımın məktubundan sonra böyük oğlu Midhətlə birgə Tiflisə gəlir, Əlimərdan bəylə tanış olur. Ədəb-ərkanlı, savadlı bu gənc Həsən bəyin də ürəyincə olur.

 

Beləliklə, Əlimərdan bəy Həsən bəylə Hənifə xanımın razılığını aldıqdan sonra onlar Tiflisdə Pəri xanımla ailə həyatı qururlar. Amma nədənsə Hənifə xanım bu toyda iştirak etmir. Q.Dünyaminqızı yazır ki, bu haqda Pəri xanımın, anası Hənifə xanıma yazdığı məktubunda məlumat verilir. Məktubda Pəri xanım yazırdı: "Mənim əziz anam, heyiflər olsun ki, sən bizim toyumuzda iştirak edə bilmədin. Dünən 31 dekabr tarixində kəbinimiz kəsildi və mən Mərdan bəyin evinə köçdüm. Hər şey çox gözəl və şən keçdi, bunu hətta xalam da təsdiqləyə bilər. Heyif, bircə sən yox idin. Əzizim mənim, bilirəm ki, sən burada olsaydın mənim xoşbəxtliyimə şərik olardın. Amma mən ümid edirəm ki, imkan tapan kimi sən yığışıb bizə gələcəksən. Mərdan bəyin kənd məktəbində dərsləri var və məzuniyyət götürmək üçün münasib vaxt deyil. Mərdan bəy söz verib ki, sənin arzunu həyata keçirəcək və sənin sevimli qızına layiq həyat yoldaşı olacaq. Anacan, bağışla ki, biz hər şeyi səndən xəbərsiz etmişik, amma mən ümid edirəm ki, sən heç bir şeyə qarşı etiraz etməyəcəksən. Öpürəm səni. Səni sevən qızın. Mənim ünvanım. Starovnaya küçəsi, Vinasovun evi. Pəri xanım Topçubaşova".

Araşdırmaçı yazır ki, dövrün lüzumsuz "adət-ənənəsinə" qarşı çıxan Həsən bəyin qızı Pəri xanım üçün Əlimərdan bəydən başlıq istəməsini Pəri xanımın anası Hənifə xanıma yazdığı məktubunda oxuduqda çox təəccüblənib. Məktubdan bəlli olur ki, Əlimərdan bəyin bu pulu verməyə imkanı olmadığı üçün Tiflisdə kiçik bir toy edərək Pəri xanımla ailə qurur. Bu haqda Pəri xanım yuxarıda qeyd etdiyimiz məktubunda yazırdı: "Mehriban ana. Kəbin mərasim zamanı kiçik bir anlaşılmazlıq oldu. Sən demə, atam Mərdan bəydən 10 000 pul tələb edib, amma Mərdan bəyin bu məbləğdə nəğd pulu olmadığı üçün verə bilməyib. Sonra Mərdan bəy mənə bildirdi ki, pula görə bu toyu pozmaq olmaz. Əziz anam, onsuz da mən əvvəl-axır ərə getməliydim və qoy bu insan başqası olmaqdansa məhz məni sevən olsun".

 

 

 

Həm Əlimərdan bəyi tanımadığına, həm də toyun belə tez olduğuna görə Hənifə xanım bu izdivacdan çox narahat idi. Onu sakitləşdirmək üçün Əlimərdan bəy də Hənifə xanıma məktub yazaraq qızının xoşbəxt olacağını əminliklə ona bildirirdi: "Çox hörmətli və əziz ana. Əminliklə bildirirəm ki, bundan sonra da Pəricana olan münasibətimi heç nə dəyişə bilməz, əksinə, bizim ailə həyatımızın hər yeni bir günündə mənim Pəricana olan sevgim daha da artır. Siz də bu gündən mənimçün doğma insana çevrilirsiniz. Düzdü hələ ki, mənə yalnız Pəricanın çoxhörmətli atasını və qardaşı Midhəti görmək qismət olub, amma mən tək onları deyil, qiyabi olsa da əziz ananı və kiçik qardaş və bacısını da çox sevirəm. Ümid edirəm ki, fürsət düşən kimi Sizinlə görüşüb, şəxsi keyfiyyətlərimlə olmasa da, amma Pəricana olan sevgimlə Sizin rəğbətinizi qazanmağa çalışacağam... Bir tək bu "xilasedici lövbərə" əsaslanaraq ümid edirəm ki, birinci növbədə mənim belə gec yazmağımı və toyumuzun məhz bu şəraitdə keçdiyini bizə bağışlayacaqsınız.

Sizi sevən və hörmət edən kürəkəniniz Əli Mərdan bəy Topçubaşov.

29 yanvar 1894-cü il".

 

1896-cı ildə Həsən bəy Zərdabdan ailəsi ilə birlikdə Bakıya köçür. Deyilənlərə görə onu Bakıya Hacı Zeynalabdin Tağıyev dəvət edir və ailəsi ilə birlikdə yaşaması üçün şərait də yaradır. Həsən bəy Bakıya gələndə şəhərdə inkişaf, canlanma hiss olunurdu. Buna görə də Həsən bəy ziyalıları başına toplamaq, mübarizə aparmaq, elmi təbliğ etmək fikri ilə ilk olaraq öz qızını və kürəkənini Bakıya dəvət edir. Elə həmin il ailə Həsən bəyin və Hənifə xanımın təklifi ilə Tiflisdən Bakıya köçür. Həsən bəylə Əlimərdan bəy arasında səmimi əqidə, məslək dostluğu yaranır. Həsən bəy hələ Zərdabda olarkən Əlimərdan bəyin redaktoru olduğu "Kaspi" ilə əməkdaşlıq edir, "Zərdabdan məktublar" adı ilə məqalələr göndərirdi. Lakin Bakıya köçdüyü həmin ildən etibarən bu əməkdaşlıq daha da sıxlaşır. 1896-cı ildən 1907-ci ilin noyabrına, yəni həyatının sonuna kimi Həsən bəy demək olar ki, "Kaspi"nin əksər problemlərini öz üzərinə götürür. Çünki bu zaman gənc redaktor Əlimərdan bəyin Həsən bəy kimi qocaman, təcrübəli bir jurnalistə, publisistə çox böyük ehtiyacı var idi. Xalqının mənafeyinin müdafiə olunması, islahatların hazırlanması, ictimai rəyin yaranması məsələlərini Əlimərdan bəy Həsən bəyin köməkliyi sayəsində "Kaspi"nin səhifələrində təbliğ etməyə nail olur. Daha çox siyasi işlərlə məşğul olan Əlimərdan bəy qəzetin taleyi üçün narahat deyildi. Çünki Həsən bəy kimi bir qəzetçi "Kaspi"nin qayğısına qalırdı.

Bu illərdə Hənifə xanım ilk övladı Pəri xanımın ailə həyatından çox məmnun idi. Kürəkəni Əlimərdan bəy həqiqətən onun sevimli Pəricanını xoşbəxt etmişdi. Təəssüf ki, bu xoşbəxtliyin ömrü qısa oldu. Onlar vətən, millət sevgisi yolunda Vətəndən didərgin düşdülər, təqiblərə, təhqirlərə məruz qaldılar.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əvəzsiz xidmətləri olmuş, fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərilmiş, müstəqil Azərbaycanın ilk parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşov 1919-cu ildə Paris sülh konfransına yola düşərkən ailəsini də özü ilə birlikdə aparır. Bu, Topçubaşovlar ailəsinin Vətəndən ömürlük gedişi olur. İllərlə Vətən həsrəti ilə qürbətdə Vətənin azadlığı uğrunda mübarizə aparan Əlimərdan bəyə Pəri xanım hər tərəfli dəstək olur. Hər ikisi yüksək hüquq təhsili almışdılar. Deyilənlərə görə, çox vaxt sənədlərin hazırlanmasında da Pəri xanım ona yardım edirmiş.

1895-ci ildə Əlimərdan bəy Topçubaşov qaynanası Hənifə xanıma yazdığı məktublarından birində Pəri xanımı "xilaskar mələyi" adlandırırdı. İllər keçdi və Pəri xanım ömrünün sonunacan Əlimərdan bəyin hərtərəfli xilaskarı oldu.

Əlimərdan bəy və Pəri xanım Topçubaşovaların izdivaclarından beş övladı olmuşdu. Onlardan dördü - oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşovlar, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova anaları ilə birlikdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak ediblər.

 

Fransada mühacirətdə olan Pəri xanım 1947-ci ildə orada dünyasını dəyişib, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunub.

 

 

 

Şahanə MÜŞFİQ

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 

525-ci qəzet 2018.- 31 yanvar.- S.6.

4 yanvar 2020
GO BACK