Qadin.NET / Maarifçi qadın: Şəfiqə Əfəndizadə

Maarifçi qadın: Şəfiqə Əfəndizadə

 

XX əsrin əvvəllərində azərbaycanlı qadınlar arasında təhsilin, maarifçiliyin yayılması çətin, kəşməkəşli bir yol keçib. Bu işdə yeniliklərdən tərəddüd edən və geri çəkilənlər də çox idi. Ancaq təşəbbüs göstərən, bu işə dəstək verən maarifçi qadınlar da vardı. Həmin maarifpərvər qadınlardan biri də Şəfiqə Əfəndizadə idi.

 

Maarifçi qadın: Şəfiqə Əfəndizadə

 

O, 1882-ci ildə Gürcüstanın tarixən türklərin (Ahıska) yaşadığı Cavaxetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulub. Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi idi. Övladlarının təhsil alması ilə şəxsən özü məşğul olurdu. Şəfiqə də bacısı Səidə ilə təhsillərini məhz atasından alır. On dörd yaşında ikən o, Nuxa (indiki Şəki) şəhərinə gəlir. Burada atasının çalışdığı “Darrüssiyada“ məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi qrupda dərs deyir. Lakin burada çox qalmır. Həmin il Bakıya gəlir. Qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışır. Böyük mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açır. Bununla da müsəlman Şərqində qadınların yüksək təhsil almasının təməli qoyulur.

Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə məktub yazaraq ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Ata bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün, belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə 1901-ci ildə Tiflisə qayıdır, orada imtahan verir və müəllimlik attestatı alır. Sonra yenidən Bakıya dönür. Rus-müsəlman qızlar məktəbində ana dilindən dərs deyir. O, cəhalətin hökm sürdüyü bir vaxtda müəllimə rəfiqəsi Səkinə Axundzadə ilə birlikdə dram dərnəyi yaradır. Qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, dövrün mətbuat xülasələri ilə tanış edir. Şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradır. Qızlara nəinki ədəbi əsərləri, dərslikləri oxumağı, eyni zamanda sərbəst, aydın, savadlı yazmağı da öyrədir. Gənc qızların yüksək təhsil almasına çalışan Şəfiqə xanım 1910-cu ilədək bu məktəbdə müəllimə kimi çalışır. Fars, rus və ərəb dillərini, Şərq klassik ədəbiyyatını dərindən öyrənir. Eyni zamanda, qadın pedaqoji məktəbində müəllimlik kurslarında dərs deyir.

 

Maarifçi qadın: Şəfiqə Əfəndizadə

 

 

O, həm də ilk qadın jurnalist olaraq publisistik fəaliyyətlə məşğul olur. 1903-cü ildə ilk qələm təcrübəsini "Şərqi-rus" qəzetində dərc etdirir. Sonralar qəzetdə dərc etdirdiyi məqalələrində qadınları maarifə, təhsil almağa çağırır. Şəfiqə xanım "Bir çox ümidlərimiz" sərlövhəli məqaləsində yazırdı: "Ümidlərimiz çox böyükdür...Hər bir rəzalətin səbəbi cəhalətdir. Cəhalətdən çıxmağın dərmanı isə elmdir, maarifdir..."

1905-ci il inqilabından sonra onun ictimai həyatdakı fəallığı daha da artır. 1906-cı ildə müəllimlərin Bakıda keçirilən I qurultayında iştirak edir. "Dəbistan" jurnalında dərc olunan məqalələrində ənənəvi olaraq qadın savadsızlığına qarşı çıxır. Qızların təhsil almasının vacibliyini göstərir. Uşaqların həyatından bəhs edən ilk hekayələri - “İki qızın söhbəti”, “Şəkər alması”, “İlk məhəbbət”, “Röya”, “Müəllim nədir”, “Mükafat” və s. "Dəbistan" və "Məktəb" jurnallarında dərc olunur. Hekayələrdə təlim-tərbiyə məsələləri bədii şəkildə təsvir edilir. Uşaqlarda doğma vətənə məhəbbət, xeyirxahlıq, mərdlik, doğruçuluq kimi gözəl keyfiyyətlər aşılanır. Şəfiqə Əfəndizadənin jurnalistika mühitinə cəlb edilməsində 1911-1912-ci illərdə nəşr olunan ilk qadın qəzeti "İşıq"ın mühüm rolu olub.

1917-ci ildə o, Cənubi Qafqaz müsəlmanlarının I qurultayında Şərq qadınlarının hüquqsuzluğu barədə danışır, yeni məktəblərin, teatrların açılmasını tələb edir. Tarixçi M.Oruclu bu barədə yazıb: "Şəfiqə Əfəndizadə və S.Talışxanova adlı iki azərbaycanlı qadının çıxışından sonra vəziyyət qurultay nümayəndələrini qadın məsələsinə ciddi münasibət bildirməyə vadar etdi. Qadınların çıxışından sonra keçmiş Bakı qazısı Ağa Məhəmməd Kərim tribunaya çıxdı. Onları qadınları şəriət qanunlarına zidd olaraq kişilər qarşısında üzüaçıq çıxış etdiklərinə görə mühakimə etdi. Bütün zal qızışaraq ayağa qalxdı. Qazı tribunadan düşməyə məcbur oldu ...".

"Azərbaycan" qəzetinin 5 iyun 1919-cu il tarixli nömrəsində dərc olunmuş "Milli bayram və qadınlarımız" adlı məqaləsində isə Şəfiqə xanım mayın 28-də Azərbaycanın istiqlaliyyətinin bütün dünyaya çatdırılmasından fərəhlə yazır. Hər bir azərbaycanlının bundan böyük qürur duyduğunu qeyd edir: "Mayın 28-də Azərbaycan istiqlalı sənayi-dövriyyəsi münasibətilə milli bayram təşkil olundu. O günün şərəfindən, təsirindən hər kəs, hər kəs məğrur idi ".

Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə "Analar! Qızlarınızı oxudunuz!" deyə qadınlara müraciət edir. Onun "Azərbaycan" qəzeti ilə əməkdaşlığı Xalq Cümhuriyyətinin süqutunadək davam edir. Sovet hakimiyyəti illərində də maarifpərvər qadın qızların yüksək təhsil alması naminə əvəzsiz xidmətlər göstərir. 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak edir. Bakıda yaradılan Darülmüəllimatın müəllimi olur. Moskvada qadınlar qurultayında nümayəndə kimi iştirak edir.

"Şərq qadını" jurnalı fəaliyyətə başladıqdan sonra bu nəşrlə fəal əməkdaşlıq edir. Redaksiya heyətinin üzvü seçilir. Jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olur. "Şərq qadını" o zaman onun haqqında yazıb: "Şəfiqə xanım bütün Cənubi Qafqazda ilk Azərbaycan dili müəlliməsi, jurnalisti və yazıçısı olmuşdur" (1924-cü il). Maarifçi qadın 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilir. Şəfiqə Əfəndizadə 1932-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olur.

O, 1959-cu ildə ömrünün müdrik çağında dünyasını dəyişir. Görkəmli ziyalı xanımın xatirəsi daima ehtiramla yad edilməyə layiqdir. Onun şərəfli ömür yolu gənc nəslə örnəkdir.

 

Savalan Fərəcov

Mənbə: http://medeniyyet.az/page/news/19039/Maarifci-qadinlarimiz:-Sefiqe-Efendizade.html

25 aprel 2020
GO BACK