Demək olar ki, hər birimiz zamanın azlığından şikayət edirik. "Vaxt çatdırmıram", "vaxtım yoxdur", "vaxt uçur" kimi frazalar da bizə çox tanışdır. Şagirdlərdən tutmuş iş adamlarına kimi hamı bir ağızdan bu cümlələri ən azı gündə 2-3 dəfə işlədir. 24 saatın 8-10 saatını yuxuya sərf etsək, vaxt çatdırmadığımızı dediyimiz amma görülməsi vacib olan işlərə vaxt çatdırmamağımız, həqiqətənmi zamanın azlığıdır, yoxsa bizim onu düzgün bölüşdürə bilməməyimizdir?
Bu mövzuya müraciət etməyimin əsas səbəbi, özümün də zaman-zaman vaxt qıtlığından şikayət etməyimdir. Düşünürəm ki, hər şeyə vaxt çatdırmaq üçün vaxtın düzgün bölüşdürülməsi əsas məsələlərdən biridir. Amma bunu hamı bacarmır. Bəs nə etməli? Nədir bizim vaxtımızı alan? Bəlkə faydasız işlər, normaya düşməyən fəaliyyət, ya astagəllik? Gəlin kiçik hesablama edək
Hər şeydən əvvəl sizin vaxtınızı "yeyən" fəaliyyətlətlərinizi bir yerə qeyd edin. O fəaliyyətlər ki, həyatınıza faydalı heç nə gətirmir. Başqa sözlə desək, gün ərzində vaxtınızı "hədər yerə aparanlar"a ayırdığınız zamanı təqribi rəqəmlərlə yazın. Məsələn:
Facebooku gəzişmək, online olan dostlarla lazım oldu olmadı danışmaq - 3 saat
E-maili gündə bir neçə dəfə yoxlamaq - 10 dəqiqə
YouTube-da vaxt aparan videolara və ya lazımsız TV proqramlara baxmaq - 2 saat
Məhşurların mənasız həyat tərzlərini, bir biri ilə yaratdıqları şouları izləmək, oxumaq - 30 dəqiqə
WhatsApp söhbətləri, kontaktında whatsappı olan bütün nömrələrin profil şəkillərinə və statuslarına göz gəzdirmək - 3 saat və daha çox
Hələ bunun twitteri, instagramı, telefon danışıqları var.
Sərf etdiyiniz zamanın təqribi rəqəmlərini yazdıqdan sonra kiçik bir hesablama edin və siz sadəcə şok olacaqsız. Gəlin misal çəkdiyimiz yuxarıdakı rəqəmləri hesablayaq - 8 saat 40 dəqiqə! 24 saatımızın 8-10 saatı yuxudursa, yerdə qalan 16-10 saatımın da kobud sayda desək 8 saat 40 dəqiqəsini bu cür boş yerə xərcləyiriksə bizim özümzüə ayıracağımız zaman kəsiyi cəmisi 7-8 saatdır ki, bu zaman da işdə və ya dərsdə oluruq. Bu 24 saatın içində BİZ haradayıq? Faydalı işlərimiz haradadır?
Əslində çoxumuz bunun həllini uzun uzun "etməli olduqlarımız" siyahısını yazmaqda görürük. Çox vaxt siyahıda bir ay ərzində bütün görməli olduğumuz işləri yazırıq, amma onlar da gözümüzə batır və bizi qorxuzur. Burda isə psixoloji oyun oynamaq lazımdır. Beləki, hər səhər etməli olduğunuz 3 işi qeyd edin. Bu daha asan görünəcək və konkret işlər olduğu üçün işin görülməsi prosesi də surətlənəcək. Və beləliklə aylıq etməli olduqlarınızı gün-gün yazaraq daha asanlaşdıra bilərsiniz (bilərik).
Sərf etdiyimiz zamanı ölçməyi bacarmalıyıq. Belə deyək, öz beynimizdə timer qurmalıyıq. Məsələn "Bu işi saat 1-ə kimi görüb saat 2-ə 15 dəqiqə işləmişdən o biri işimi görməliyəm." Bu prinsiplə işimizi qurmalı və ona riayət etməliyik. O zaman nə ləng tərpənər, nə də lazımsız işləri gördüyümüz işin içinə salarıq və işimizi rahatca tamamlayar və ya o günə müəyyən etdiyimiz məsələnin bir qismini görmüş olarıq. Bu zaman əsas məsələ, qəfil gələn qonaqlar və ya qəfil meydana gələn gölənilməz hadisələrdir. Bunu müəyyən etmək isə sizə qalıb.
Əlbəttə ki, biz özümüzü ancaq işə verməliyik kimi bir fikirə düşmək də yersizdir. Planlarımızın müqabilində, zamanımızı doğru bölməyimiz müüqabilində özümüz özümzü mükafatlandırırıq. Onda daha stabil olan sərbəst zamanımızda ailəmizə, dostlarımıza vaxt ayırır (söhbət canlı ünsiyyətdən gedir), kitab oxuyur, sevdiyimiz şirniyyatı bişirir, "ay daa dərs etməliyəm amma bu kinoya baxmaq istəyirəm" sözünü işlətmədən, heç bir vicdan əzabı keçirtmədən, məsuliyyət daşımadan sərbəst zamanımızı ürəyimiz istədiyimiz kimi dəyərləndiririk.
Əsas məsələ odur ki, etməyi düşünməyin - sadəcə edin! Siz düşündüyünüz zaman başqaları artıq birinci, beşinci addımı atır. Əgər bir işi görməyi beyninizdə planlaşdırmısınızsa artıq, daha nəyi gözləyirsiz? İrəli gedin. Siz etməli olduğunuz işləri etməyi düşündükcə, həyat və maraqlarınız siz görmədən yanınzdan ötüb keçir. Həmçinin də əksinə, siz özünzü tamamən maraqlara və boş əyləncəyə verdikcə, cəmiyyətdən, dünya görüşündən, mənəvi inkişafdan geri qalırsız. Balansı tutmaq, onu görmək, anlamaq bəlkə də asandır, amma əldə saxlamaq və həyata keçirmək asan deyil.
Zaman bizim özümzündür, onu doğru və ya yalnış yerə sərf etmək də tamamilə özümzün əlindədir.
Vəsilə ABBAS