Danışıq qabiliyyətini artırmaq və gözəlləşdirmək üçün sizlərə bir neçə qayda təqdim edirik:
1. Müxtəlif ədəbi dərgiləri çox oxuyun: qəzet, jurnal, bədii əsərlər və s. Ən gözəli isə bizim klassik ədəbiyyatımızı mütaliə etməkdir. Bu ədəbi nümunələrdən bir çoxunu məktəb vaxtı oxuyarkən bizə keçmişlər. Oxuyarkən tələsmək lazım deyil, hər bir ifadəyə diqqət yetirmək və düşünmək lazımdır. Bu, sözləri düzgün yerləşdirmək, həmçinin lüğət ehtiyatını gücləndirmək imkanı yaradacaqdır.
2. Parazit sözləri nitqinizdən çıxarmağa çalışın: "deməli", "yəni", "məsələn", "necə ki", "ümumiyyətlə", "hər halda" və s. kimi sözləri. Çalışın ki, söz danışarkən güclü emosional duyğularınızı qabartmayasınız. Sadə ifadələrdən istifadə edin və tələsməyin.
3. Mütləq danışıq ahənginə diqqət yetirmək lazımdır. Monoton danışıq həmişə darıxdırıcı əhval-ruhiyyə yaradır. Pauzaları gözləyin və müəyyən məqamlarda emosiya qatın, amma bunu çox güclü və qabarıq etməyin.
4. Danışıq zamanı müxtəlif metaforalardan, müqayisələrdən, hikmətli sözlərdən istifadə edin. Sözsüz ki, bu, sizin danışığınıza can verəcəkdir. Əlbəttə, yumoru da yaddan çıxarmaq lazım deyil. Hətta müəyyən bir məqamda özünüzə qarşı tənqidi yanaşmaq, zarafat etmək labüddürsə, bundan çəkinməyin.
5. Danışıq tərzinizi inkişaf etdirmək üçün geniş ünsiyyət dairəsinə malik olmaq lazımdır. Əgər buna əliniz çatmırsa televizor və radiodan da istifadə edə bilərsiniz. Məsələn, bəyəndiyiniz teleaparıcını, onun işlətdiyi ifadələri və intonasiyanı yamsılaya bilərsiniz.
6. Bir dənə də maraqlı bir məşğələ vardır. Evdə hər hansısa bir əşyanı götürün. Məsələn, tavanı. Çalışın beş dəqiqə ərzində onun haqqında ədəbi dildə nə isə bir şey danışasınız. Əvvəlcə bu sizdə çətinlik yaradacaqdır. Lakin getdikcə daha da asanlaşacaqdır. Get-gedə məşğələnin zamanını artırın və mövzunu çətinləşdirin. Belə bir çalışma sizdə az müddət ərzində düzgün sözləri seçmək qabiliyyəti yaradacaqdır və bir saat ərzində təkrarçılığa yol vermədən hansısa bir tava haqqında gözəl nitq söyləmək qabiliyyətinə malik olmuş olacaqsınız.
Mütəmadi olaraq lüğət bazasını artırmaq və bütün bunları danışıq zamanı istifadə etməklə siz görəcəksiniz ki, sözlər üzərində iqtidarı ələ keçirmisiniz və bu sözlər sizə tabe olaraq əmrinizdə durmuşdur.
Hər bir yandan informasiya əldə etmək lazımdır: kitablardan, məqalələrdən, qəzetlərdən. Sizə tanış olmayan və mənalarını bilmədiyiniz sözləri əzbərləyin. Onları düzgün tələffüz etməyi öyrənin.
Bir neçə ay bu cür çalışqanlıq göstərdikdən sonra danışıq zamanı fikrinizi çatdıra bilməmək kimi bir çətinliyiniz olmayacaqdır. Siz asan şəkildə malik olduğunuz dillə məsələlərin durumunu gözəl şəkildə ətrafdakılara başa sala biləcəksiniz.
Hazırladı: Fərid Abdullah.