Qadin.NET / Özünə əminliyi gücləndirməyin 10 praktik yolu

Özünə əminliyi gücləndirməyin 10 praktik yolu

Bu məqalədə göstərilən hər bir üsul ilk baxışdan sadə görünə bilər. Amma onların hər biri olduqca effektiv və praktikdir. Elə bu gündən biri və ya bir neçəsini yerinə yetirməyə başlayın ki, həyatınızı həmişəlik müsbətə doğru dəyişəsiniz. Hansı yaşda olursunuzsa, olun, bu mümkündür!

 

Özünə əminliyi gücləndirməyin 10 praktik yolu:

 Yoqa ilə məşğul ol.

Özünə əminliyi gücləndirməyin 10 praktik yolu

Yoqanın nə qədər faydalı olduğundan çoxlarınızın xəbəri var. Amma yoqa təkcə bədənin elastikliyini artırmaq, sağlamlığı bərpa etmək, stress və depressiyadan azad olmaqda kömək etmir. Yeni araşdırma göstərir ki, o, həqiqətən insanın daxili balans və özünə əminliyini gücləndirir. Bu iki faktor isə həyatın hər bir sahəsində uğurlu olmaq üçün çox önəmlidir.

İndiana Universitetinin dosenti və Roudebush VA Tibb Mərkəzinin reabilitasiya üzrə tədqiqatçı alimi, elmlər namizədi Arlen Şmid (Arlene Schmid PhD) maraqlı bir təcrübə aparmışdır. İnsult keçirmiş bir qrup pasient 8 həftəlik kurs üzrə həftədə 2 dəfə olmaqla yoqa dərslərinə cəlb olunmuşdur. Sonda alınan nəticələr alimdə dərin təəssürat oyatmışdır. İştirakçıların, ümumilikdə, balans göstəricilərində 15% artım müşahidə olunmuşdur. Onlar həmçinin gündəlik işlərini yerinə yetirərkən özlərini daha əmin hiss etmişlər.

 Hər Gün meditasiya et. 

 Özünə əminliyi gücləndirməyin 10 praktik yolu

Yoqa beyin, bədən və ruh arasında balans yaratsa da, meditasiya beyni “tam qaydaya” salmaqda əvəzsizdir. Çünki beyin bizim “Mental evimizdir”. Yaşadığımız evi daima təmiz saxlamağa çalışdığımız kimi, beynimizi də mütəmadi saflaşdırmaq, yenidən təravətləndirmək məqsədilə, meditasiya praktikasını hər gün yerinə yetirməliyik. Beyin tam sakitləşib hadisələrə subyektiv deyil, obyektiv yanaşanda nə istədiyini daha yaxşı bilir. Nə istədiyini dəqiq bilən insan isə özünə əminliyin canlı nümunəsidir. Elə deyilmi?

 Mənfi düşüncələri dərhal məhv et.

 Özünə əminliyi gücləndirməyin 10 praktik yolu

Hər birimizin beyninə gün ərzində onlarla, yüzlərlə mənfi enerjili fikirlər gələ bilər və gəlir də. Bu, çox normal bir haldır. Amma bu, dolğun, xoşbəxt həyat tərzindən uzaqlaşmaqdır. Ona görə də mənfi fikirlər və emosiyalar sizə hücum çəkdiyi andan dərhal onları yerindəcə məhv edin. Böyüməsinə imkan verməyin. Bunun üçün hər kəs ona sevinc, müsbət enerji verən müəyyən kiçik addımlar ata bilər: məsələn, meditasiya etmək, ruhlandırıcı musiqi dinləmək, mürgüləmək, hobbinizlə məşğul olmaq, müsbət təsir edən kitab oxumaq və s.

Özü ilə istəmədiyimiz həyatı gətirən mənfi düşüncələri dəf etməyin ən yaxşı yolu onları müsbət fikirlərlə əvəz etməkdir. Amma dərhal!

Xüsusən özünüz haqda beyninizdə başlayan mühakimələrə dərhal son qoyun. Bu, özünə güvənc hissini azaldır və bütün həyatəhəmiyyətli qərarlarınıza mənfi təsir edir. Bir işə başlarkən və ya onun tam ortasında beyninizdən belə bir fikir keçə bilər: “Bunu etmək çətindir. Yaxşısı budur, gedim televizora baxım, ya da dincəlim”. Bu fikri dərhal müsbət düşüncə ilə əvəzləyin: “İşim lap az qalıb. Onu bitirdikdən sonra özümü mütləq mükafatlandıracağam” və s. bu kimi konstruktiv düşüncə vərdişi formalaşdırmaq çox faydalıdır. Mən bu metoddan tez-tez istifadə edirəm və həqiqətən, işə yarayır.

 Özünü daha yaxından tanı.

Özünə əminliyi gücləndirməyin 10 praktik yolu

Özünü yaxından tanımaq kamillikdir. Yalnız bu halda dəqiq nə istədiyini bilib özünə ən uyğun həyat yolu seçə bilərsən. Ona görə də özün özünün müşahidəçisi ol. Düşüncələrini izlə, onları dinlə. Hətta özün barədə bir dəftər və ya jurnal tut. Oraya özün haqqında bildiklərini, özünə necə yanaşdığını, nə üçün özün haqda bu cür düşündüyünü, özündə nəyi bəyənmədiyini və s. bu kimi neqativ fikirləri analiz et. Bir sözlə, özünü və özün haqda fikirləri analiz et. Gör, özün barədə daha çox mənfi yoxsa müsbət düşünürsən? Sonra özünlə bağlı müsbət düşüncə və məlumatları yaz. Gör, özündə hansı xüsusiyyətləri bəyənirsən, əldə etdiyin nələrlə fəxr edirsən, özünlə qürur duyursanmı, özündə nəyə qiymət verirsən və s.

 Öz həyat prinsiplərinə uyğun yaşa.

Özünə əminliyi gücləndirməyin 10 praktik yolu

İctimai rəy və yaşadığımız mühit uşaqlığımızdan bizim həyatımıza birbaşa təsir edir. Amma bu o demək deyil ki, biz özümüzü unudub daima başqalarının həyatını yaşamalıyıq. Bu, əslində, yaşamaq deyil, bizə bircə dəfə verilmiş həyatı boşuna xərcləməkdir. Bir insanın isə başqalarına verə biləcəyi ən gözəl hədiyyə – onun öz xoşbəxtliyidir. Çünki xoşbəxt insanın ətrafa saçdığı müsbət enerji başqalarının da həyatını müsbətə doğru dəyişir.

Ona görə də unutmayın: hər kəs unikaldır və bu həyata fərqli baxışı ilə fərqlənir. Bizi özəl edən də elə budur. Sizi xoşbəxt edən, sizi siz edən həyat prinsiplərinizi müəyyənləşdirin və onları pozmamağa çalışın. Nə olursa olsun! Bu, sizdə özünə əminlik hissini daha da artıracaq.

 İmicini dəyiş.

Bəli, bəzən əminlik üçün insanın əhvalını yüksəldəcək bir dəyişikliyə ehtiyacı olur. Xüsusən də zahiri görünüşdə. Ona görə də yeni bir geyim, yeni saç düzümü və s. bu kimi elementlər imicinizi müsbətə doğru dəyişməyə imkan verir. Və insan güzgüyə öz yeni imicində nəzər saldıqda, özü özünü sanki yeni həyata səsləyir. Daxili səsiniz artıq yeni bir həyata başlamağa hazır olduğunu sizə dönə-dönə pıçıldayır.

 Davranışında daha çox müsbət olmağa çalış.

Özünə əminliyi gücləndirməyin 10 praktik yolu

Əminliyi gücləndirmək üçün müsbət düşünmək, özünü müsbət hiss etmək kifayət deyil. Çünki biz nə ediriksə, ondan ibarətik. Başqa sözlə, biz – elə davranışlarımızıq. Biz sussaq da, əməllərimiz daima haqqımızda danışır. Ona görə də müsbət düşüncələrimizi gündəlik həyatda davranışa çevirməyə səy göstərməliyik. Əlbəttə, həyat yolumuzda mənfi enerjili insanlar və hadisələrlə tez-tez rastlaşa bilərik. Amma onlara mənfi cavab reaksiyası göstərmək – sizdə özünüzə güvənc hissini artırmayacaq. Bu, bir çıxış yolu deyil. Əksinə, onlara kamilliyə gedən yolda həyat səyahətinizin ayrılmaz bir parçası kimi baxın. Axı həyat təzadlar olarkən daha gözəl və daha qiymətlidir.

 Qarşına kiçik bir məsqəd qoy və ona nail ol.

 

Özünə əminliyi gücləndirməyin 10 praktik yolu

Bu məqaləni oxuyan hər kəsin yəqin ki, beynində iri məqsədləri var. Kim bilir, bəlkə də illərlə həyata keçirmək istədiyi, amma heç zaman başlamağa cəsarət etmədiyi, və ya edib də uğursuz olduğu məqsəd və ya niyyətlər. İnanın ki, təslim olmaq öz limitsizliyi ilə insanı heyrətləndirən bu həyatda bir çıxış yolu deyil. Xüsusən insan anlayanda ki, daxilində sonsuz imkanlarla bu dünyaya gəlib… o zaman təslim olmağı ağlının ucundan belə keçirmirsən, əksinə, hər məğlubiyyət və ya uğursuzluğa, sadəcə, səni öz məqsədinə daha da yaxınlaşdıran bir addım kimi baxırsan. Çünki insan pilləkənin birinci pilləsindən dərhal 10-cu pilləsinə bir dəfəyə qalxa bilməz. Bunun üçün təbii ki, bir-bir hər pilləni qalxmalısınız. Necə bunu normal qarşılayıb, hər gün əminliklə yolunuza davam edirsiniz, çatacağınız niyyətə də ən yüksək pillə kimi, keçən hər günə, bəzən yıxılsanız da, atdığınız hər addıma isə qalxdığınız bir pillə kimi baxın. Əminliklə irəliyə addımlayın. Nə yerinizdə dayanmayın, nə də geriyə dönməyin.

Bəzən biz ona görə tez ruhdan düşürük ki, qarşımıza qoyduğumuz iri məqsədə qısa zamanda çatmaq istəyirik. Amma o zirvəyə yalnız aşağıdakı pillələri bir-bir qalxmaqla yüksələ bilərsiniz. Ona görə də elə indi özünüz üçün iri məqsədinizə doğru sizi bir pillə yaxınlaşdıracaq kiçik bir məqsəd və ya tapşırıq müəyyənləşdirin. Elə bir sadə, asan tapşırıq olsun ki, onu bir neçə gündə (maksimum bir həftə ərzində) yerinə yetirib öz uğurunuzdan müsbət enerji alasınız. Özünüzə və yaşadığınız həyata, etdiyiniz seçimlərə, verdiyiniz qərarlara olan əminliyiniz də beləcə hər pilləni qalxdıqca daha da artacaq.

 Yeni, kiçik bir vərdiş formalaşdır və ya dəyişdir.

Özünə əminliyi gücləndirməyin 10 praktik yolu

Sizdə illərlə formalaşmış çətin, mənfi vərdişdən bəhs etmirəm. Çox kiçik bir vərdişi asanlıqla dəyişməyi nəzərdə tuturam. Məsələn, səhər 10 dəqiqə daha tez oyanmaq, və ya səhər acqarına bir fincan su içmək və ya hər gün bir fincan yaşıl çay içmək və s.

Bir sözlə, elə bir sadə davranış modeli seçin ki, onu asanlıqla hər gün edə biləcəyinizə əmin olasınız. Və bu yeni vərdişə bir ay sadiq qalın. Düz 30 gün! 30 gündən sonra özünüzü nəinki çox müsbət hiss edəcəksiniz, özünüzə verdiyiniz dəyər artacaq. Bu da sizdə “Mən Daha Artığını Bacararam” fikrini formalaşdıracaq.

 Hər gün yeni biliklə silahlan.

Özünə əminliyi gücləndirməyin 10 praktik yolu

İnanın ki, indiyədək oxuduğum, əldə etdiyim biliklər, apardığım araşdırmalar olmasaydı, heç zaman stress və depressiya ilə mübarizə apara bilməzdim. İnsanlardan çox, oxuduğum kitablar mənim ən yaxın dostum olub, düşüncə tərzimi və həyatımı müsbətə doğru dəyişib və hələ də dəyişir. Öyrənmək, yeni biliklər qazanmaq təkcə insanın əminliyini, həyat gücünü, cəsarətini artırmır, həm də həyata daha müsbət baxmasına kömək edir.

Özü də bilik dedikdə, mən, sadəcə, nəzəri şəkildə öyrəndiklərimizi deyil, öyrənib tətbiq etdiklərimizi, gəldiyimiz nəticələri, təcrübələri nəzərdə tuturam. Çünki bir insanın bildikləri onun dərk etdikləri qədərdir. Dərk etmək isə öyrəndiklərimizi praktikada sınamaqla mümkündür.

Bu anda Nizami Gəncəvinin sevdiyim bir kəlamını xatırladım və elə onunla da məqaləni bitirirəm:

“Elmlə, hünərlə, basqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz”.   (Nizami Gəncəvi)

P. S.

Məncə, Nizami burada elm dedikdə biliyi, hünər dedikdə isə praktikanı nəzərdə tutub. Çünki məhz praktika zamanı insan özünü  sözün əsl mənasında kəşf edir, yeni-yeni vərdiş və bacarıqlar formalaşdırır və elə "həyat" adlı səyahətimizi maraqlı edən də budur. Elə deyilmi? 
Bəs siz necə? Özünə güvəncinizi artırmaq üçün gündəlik addımlar atırsınızmı?
Müəllif:
Master Yaşam Kouçu
Arzu Kərimova
fb.com/yoqam

4 fevral 2016
GO BACK