Qadin.NET / Albert Kamyu (həyatı)

Albert Kamyu (həyatı)

İnsanlar ölür və xoşbəxt deyillər..

Albert Kamyu (həyatı)

Fransız yazıçısı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957), sağlığında "Qərbin vicdanı" adlandırılmış Albert Kamyu Əlcəzairdə doğulmuşdu. 

Əslən elzaslı atası Lüsyen Kamyu kənd təsərrüfatı plantasiyalarında fəhləlik edirdi. O Albertin 1 yaşı tamam olmamış Birinci dünya müharibəsi cəbhələrində həlak olmuşdu. İspan mənşəli anası Katrin Sintes azsavadlı qadın idi. Ərinin ölüm xəbərini alanda stressdən dili tutulmuşdu. Oğlunu saxlamaq üçün evlərdə qulluqçuluğa başlamış, Albert isə daha çox nənəsinin və şikəst dayısının himayəsində böyümüşdü. Kiçik yaşlarından taleyinə bu qədər çətinliklər düşməsinə baxmayaraq, özünə qapanmamışdı.

Albert Kamyunun şəxsiyyət kimi yetişməsində müəllimi Lui Jermenin böyük təsiri olmuşdur. Jermen şagirdinin istedadını kəşf etdikdən sonra ona bacardığı köməyi göstərmişdi. 1936-cı ildə Albert Kamyu Əlcəzair Universitetinin fəlsəfə fakültəsini magistr dərəcəsi ilə bitirmişdi. Ali təhsil diplomu alana qədər müxtəlif peşələr dəyişmiş, həyatın və insanların hər üzünü görmüşdü.

Həmin dövrdə vərəm xəstəliyindən müalicə olunan Kamyu fransız Alpına, habelə İtaliya, İspaniya, Çexoslovakiya və Fransaya səyahət edib. Əlcəzairli fransız üçün tamamilə fərqli olan yeni dünyanın təəssüratları onun Astar və üz (1936) esselər kitabında öz əksini tapmışdı. 1936-cı ildə yazıçı həm də Xoşbəxt ölüm adlı ilk romanı üzərində işləməyə başlamışdı. Əsərin natamam versiyası müəllifin faciəli ölümündən çox sonra – 1971-ci ildə çap olunub.

1930-cu illərin II yarısında Albert Kamyu artıq Əlcəzairin aparıcı yazıçı və intellektuallarından biri sayılırdı. O, dramaturq, rejissor və aktyor kimi fəaliyyət göstərməklə yanaşı həm də ölkənin əsas qəzeti olan "Alger Republica"nın redaktoru, siyasi icmalçısı və ədəbi şərhçisi idi. Nikah (1938) adlı ikinci kitabı çap olunandan sonra yazıçı həmişəlik Fransaya köçür.

Fransanın faşist işğalına məruz qaldığı İkinci Dünya müharibəsi illərində Albert Kamyu Müqavimət hərəkatının fəal iştirakçılarından idi. Parisdə gizli nəşr olunan "Le Combat" (azərb. "Döyüş") qəzeti ilə əməkdaşlıq edirdi. Əlcəzairdə başladığı və sayəsində şöhrət qazandığı "Yad" (1942) povestini də müəllif alman işğalı altındakı Parisdə tamamlayır. Müəllif bu əsərində insanın tədricən yadlaşmasının, özgələşməsinin fəlsəfi-psixoloji mexanizmini açmağa çalışmışdı.

Eyni ildə və təxminən eyni ruhda yazılan "Sizif əfsanəsi" adlı fəlsəfi essesində Albert Kamyu insan mövcudluğunu bütün ömrünü hədər işə həsr etmiş Sizifin əməyi ilə müqayisə edirdi. Müəllif eyni zamanda o biri dünyada vəd olunan rahatlıq haqqında xristian ideyasına qarşı çıxaraq həyatın mənasını Sizif əməyində – gündəlik işdə, bitib-tükənmək bilməyən mübarizədə, daimi fəaliyyətdə görürdü.

Müharibə başa çatdıqdan sonra da Kamyu bir müddət gündəlik qəzetə çevrilən "Döyüş"də çalışmış, lakin fikir ayrılığından redaksiyanı tərk edir. 1947-ci ildə yazıçının üçüncü iri həcmli əsəri – "Taun" romanı çap olunur. O, bu əsəri hələ 1944-cü ildə yazmışdı. Əlcəzairin Oran şəhərindəki vəba epidemiyasının təsviri əslində simvolik səciyyə daşıyırdı. Taun bir neçə il əvvəl Fransanı və bütün Avropanı bürüyən faşizm idi, daha geniş mənada o, ölümün və pisliklərin rəmzi idi.

Albert Kamyu (həyatı)

Tənqidçilərin fikrincə, Kamyunun ən yaxşı dram əsəri sayılan "Kaliqula" (1945) pyesi də unversal şər mövzusuna həsr edilmişdi. Bu pyes absurd teatrının tarixində bütöv bir mərhələyə çevrilmişdi. Müharibədən sonra fransız ədəbiyyatının aparıcı simalarından biri kimi tanınan Albert Kamyu ekzistensialistlər və Jan Pol Sartrla yaxınlaşsa da, bir müddət sonra "yanlış nəticələrə gətirib çıxaran" bu fəlsəfi cərəyandan uzaqlaşmışdı.

Yaradıcılığında fəlsəfi esselərə daha böyük ağırlıq verən Kamyu 1950-ci illərdə çap olunan Üsyankar insan (1951), Süqut (1956) kimi əsərlərində insan azadlıqlarını və ləyaqətini məhdudlaşdıran diktator rejimlərini, totalitarizmin müxtəlif formalarını və saxta xristian əxlaqını kəskin tənqid etmişdi.

Albert Kamyu 1957-ci ildə "insan vicdanının həlledici rolunu aşkara çıxarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə" Nobel mükafatı aldı. Yazıçı lakonik Nobel mühazirəsində bütün yaradıcılıq növlərinin başlıca vəzifəsinin "ağ yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq" olduğu fikrini əsaslandırmışdı.

Nobel mükafatı alanda Albert Kamyunun 44 yaşı vardı. O, yazıçı üçün yetkinlik dövrü sayılan yaşa yenicə qədəm qoymuşdu. Apardığı qeydlərdən və dostlarının xatirələrindən də göründüyü kimi, böyük planlarla yaşayırdı.  Lakin bu planları həyata keçirmək qismətində deyilmiş. 

1960-cı il yanvar ayının 4-də Alber Kamyu yaxın dostu Mişel Qallimarın ailəsi ilə birlikdə “Facel-Veqa” avtomobilində Provans şəhərindən Parisə qayıdırdı. Maşının sürəti bir o qədər də yüksək deyildi, çünki yolun bir neçə yerində döngə vardı və üstəlik həmin gün maşındakı sərnişinlər də, maşını sürənlər də heç yerə tələsmirdilər. Parisdən 102 kilometr məsafədə Le Peti və Vilnyev-la-Qviyar şəhərləri arasında yerləşən Vilbleven yaxınlığındakı döngədə maşın idarəsini itirərək yoldan çıxdı və aşdı. Dəhşətli qəza nəticəsində Alber Kamyu yerindəcə dünyasını dəyişdi. Həmin vaxt saatlar yerli vaxtla 13.54-ü göstərirdi. Maşının içində olan Mişel Qallimar isə iki gündən sonra xəstəxanada öldü. Qəzadan yalnız Qallimarın qızı və həyat yoldaşı sağ qurtara bilmişdilər. Maşından yazıçının şəxsi əşyaları arasında onun tamamlaya bilmədiyi “İlk insan” povestinin əlyazmaları və istifadə olunmamış dəmiryolu bileti tapılmışdı. Kamyunu Fransanın cənubunda Lyuberon rayonunda Lurmaren adlı yerdə dəfn etdilər.

13 sentyabr 2015
GO BACK