Neçə gün idi beynimdə ictimai fəaliyyətdə fərdi inkişaf və kollektivçilik anlayışlarını tərəziyə qoyurdum. Nəticədə eqoya istiqamətlənmiş fərdiyyətçiliyi seçdim. Bunu feysbukda status şəklində yazırdım ki, axırda blogpost alındı.
Ən çox ictimai fəaliyyətdə olan, təşkilatlarda təmsil olunan gənclərə, tələbələrə məsləhət görürəm: qapalı kollektivlərə, birliklərə, təşkilatlara bağlı olmağa, onlara aid olmağa gərək yoxdur, fərdi şəkildə iştirak edin. Bütün növ sosial fəaliyyət əslində öz mahiyyətində fərdi inkişafa istiqamətlənib. Amma incə bir məsələ var. Fərdi inkişafın çata biləcəyiniz ən yuxarı zirvəsi uğurlu formada kollektivdə işləməyi bacarmaqdır. Uğurlu kollektiv iştirakçısı olmaq bu sahədə qazana biləcəyiniz ən yaxşı xüsusiyyətlərdəndir.
Söhbət heç uğurlu lider olmaqdan da getmir, məcbru deyil ki, lider olasınız, ola bilsin belə xüsusi bacarığınız yoxdur, amma uğurlu kollektiv iştirakçısı olmaq sizin imkanlarınızı daha çox artıra bilər.
Bu həm də liderlərə də (lider olmaq arzusunda olanlara) aiddir. Kollektivlə işi bacarmayan adamdan lider olmaz. Lider lazım olanda danışmalı, lazım olmayanda susmalıdır. Ümumi işin naminə eqosunu söndürməlidir. Kollektivinə dəyər verməlidir. Bu mərhələdən keçməyən adam lider ola bilməz.
Yuxarıda da dediyim kimi, bunlara yiyələnmək üçün hansısa təşkilata bağlanmaq, qapanmaq, lazım deyil. Özünüzü hansısa bir təşkilatın parçası kimi düşünməyə ehtiyac yoxdu. Çünki bu insanı limitləyir. Yeni ünsiyyət bacarıqları insanı daha təkmil edir. Bunu kollektiv xaricində əldə etmək mümkün deyil. Müxtəlif kollektivlərdə buna yiyələnmək isə fərdi bacarıqlar üçün əvəzolunmazdır.
Soruşsaz, mənim özümün də bağlı olduğum təşkilat(lar) olub, onlar mənimçün öz dəyərini həmin kollektivlərə görə saxlayır, amma eqom fərdiyyətçiliklə kollektiv arasında balansı həmişə qoruya bilib. Bütün iştirak etdiyim kollektivlərdən öz fərdi bacarıqlarım üçün az şey qazanmamışam. Əsas olan da budur. Yazıya qoyduğum şəkil də bir növ buna aiddir: o kellektivin sırasında olun, amma rənginiz boz olmasın.
Tural Babayev