Qadin.NET / Zamanın su kimi axıb getməməsi üçün 15 tövsiyə

Zamanın su kimi axıb getməməsi üçün 15 tövsiyə

Zamanın su kimi axıb getməməsi üçün 15 tövsiyə

Zaman biz insanlar üçün ən əhəmiyyətli anlayışdır. Əhəmiyyətli olduğu qədər məhsuldar istifadə edilə bilməsi onun dəyərini artırır. Ancaq tez-tez zamanı yaxşı qiymətləndirə bilmədiyimiz üçün onun "su kimi axıb getdiyi"ndən dəm vurarıq… Budur, sizə "zamanın su kimi axıb getməməsi" üçün 15 tövsiyə…

Zamanın su kimi axıb getməsi mövzusu dost-tanış söhbətlərinin əsas gündəm maddəsidir. İstər çalışan insanlar olsun, istər ev xanımları, fərq etməz, hər kəsdə bir işi tamamlaya bilməmə, zamanı işə çatdıra bilməmə problemi baş alıb gedir.
Əgər zamanın su kimi axıb getməsini istəmirsinizsə, edəcəyiniz bəzi tədbirlərlə bunun qarşısını ala bilərsiniz.
1. Əvvəlcə əlinizə kağız-qələm alın və düşünməyə başlayın. Əvvəl həftə boyunca, daha sonra gün boyunca zamanınızı ən çox harada xərclədiyinizi anlamağa çalışın. Bütün həftə ərzində nə etdim? Günləri tək-tək düşünün, hansı gün nə etdiyiniz haqda fikirləşin. Bunları edərkən "Əsl etmək istədiklərim bunlar idimi? Keçən həftə boyunca etmək istədiyim hansı əhəmiyyətli işləri heç cür edə bilmədim?" kimi suallar əsasında siyahı hazırlayın. Kağızın bir üzü "Etmək istədiklərim, amma edə bilmədiklərim", ikinci üzü "Etdiklərim və edərkən gərəksiz yerə zaman xərclədiklərim" şəklində olsun. Gözünüzlə zamanın nələrə getdiyini gördükdə zamanı idarə etməyə olan həvəsiniz artacaq.
2. İşləyən və ya ev xanımı olmağınızın fərqi yoxdur, hər gün üçün etməli olduqlarınızın siyahısını hazırlayın. Amma siyahınız məqbul siyahı olsun. Edə biləcəyinizdən çoxunu yazıb siyahının gerisində qalmaqdansa, həddindən artıq ideal olmayan, amma məqbul bir siyahıyla başlayın yeni günə. Və hər axşam siyahınızın nə qədərini yerinə yetirdiyinizə nəzarət edin. Edə bilmədikləriniz haqqında düşünün. "Niyə edə bilmədim? Səbəbi nədir? Araya girən hesablamadığım detallardırmı?" Əgər nəzərə almadığınız detallar hər axşam diqqətinizi çəkirsə, demək, planınız olmayan işlərə çox zaman ayırırsınız. Ani gələn təkliflər, başqa insanların xahişləri və s. kimi. Bu vəziyyətdə bəzilərinə "Yox" deməyə başlamağınız lazımdır. Məsələn, ev təmizliyinə başlayırsınız, bu zaman rəfiqəniz zəng etdi, "Gəl çay içək" dedi. "Bu gün olmaz, işə başladım, sabah gələrəm" deyin və sabahkı siyahınıza rəfiqənizlə çay içməyi də əlavə edərək gününüzü planlayın.

3. Hər günün sonunda sabahısı gün üçün yeni plan qurun. Bu gün edə bilmədiyiniz işinizi də əlavə edərək, yeni bir siyahı hazırlayın.
4. Ən tipik səhv əhəmiyyətli sandığınız işlərinizin əslində kifayət qədər təcili olmadığı gerçəyidir! Bu ikisini bir-birindən yaxşı ayırmaq lazımdır. Deyək ki soyuducunu təmizləməyiniz lazımdır, çox çirklənib. Onunla zaman itirirsiniz, amma eyni zamanda marketə getməyiniz lazımdır, çünki evdə yeyəcək bir şey yoxdur. Soyuducunun başına keçdiyi zaman xanımlar təmizliyə ən az üç saat vaxt sərf edir. Beləcə, uşağın yatmaq vaxtıyla üst-üstə düşür, axşam olur, alış-veriş edilmir. Halbuki, daha əhəmiyyətli olan deyil, təcili olan iş edilməli idi. Zamanı idarə etmənin ən əhəmiyyətli nöqtəsi bu qismdir. Şüar nə idi? Əhəmiyyətli olan deyil, təcili olan əvvəl ediləcək!
5. O gün üçün siyahınız uzundursa, kefinizə görə və vaciblik sırasına görə başlaya bilərsiniz. Bəzən az vaxt alan, əhəmiyyətsiz görünən işlər olur. Onları da işlərin arasına salıb aradan çıxarmaq yaxşı bir üsuldur.
6. Xanımlar, üzünüzə demək olmasın, amma  televizor qarşısında çox zaman keçirirsiniz. Fatmagül idi, Feriha idi, kim kiminlə evləndi deyərkən axşam olur. Bu məsələdə qərarlı olmalısınız. Hər gün üçün ən çox sevdiyiniz proqramı seçib onu nizamlı izləyə bilərsiniz, amma hamısını nizamlı izləməyə cəhd etsəniz, yandınız! Qərarlı olmalısınız. Heç olmasa TV izləyərkən paltarlarınızı ütüləyə, yeməyinizin kartof-soğanını hazırlaya bilərsiniz. Həm istədiyiniz proqramı izləmiş olar, həm də evdəki işlərin bitməsinə nail ola bilərsiniz.
Zamanın su kimi axıb getməməsi üçün 15 tövsiyə

7. Çalışan xanımların TV izləmək vərdişləri yoxdur, amma sosial mediada hesabları, gələn mailləri var. Sizlər də əhəmiyyətli işlərinizi etmədən əvvəl maillərinizlə çox zaman keçirməməyə diqqət edin. İşinizin bir parçası olaraq maillərinizə baxmaq məcburiyyətindəsinizsə, zaman öldürməyinizə səbəb olacaq gərəksiz məktublara vaxt ayırmayın. 
8. Xüsusilə evdar xanımlar, erkən yatın və erkən oyanın. Gecələr uzun müddət televiziya izləyərək, internet başında oturaraq səhəri açırsınız. Daha sonra günorta dərsə gedən uşağınızı az qala məktəbə güc-bəla ilə çatdırırsınız. Səhər namazını qılıb yatan, günorta 11-12-də oyanan qadının ev işi təbii ki, bitməz! Analarınızı nümunə götürün. Erkən oyanar, daha nahar hazırlayarkən bir tərəfdən yeməklərini bişirər, uşaqları məktəbə göndərən kimi ev işlərini görər, gəzməyə gedər, qonaq qəbul edər və "zaman çatmır" deyə şikayət etməzdilər. Üstəlik, indiki kimi hər şey elektronik də deyildi. Gecəni gecə, gündüzü gündüz olaraq qiymətləndirirdilər, vəssalam.

9. Gün içində bir-biriylə əlaqəli işləri birlikdə etməyə çalışın. Beləcə, zaman qazanmış olarsınız.
10. Zamanınıza dəyər verin ki, başqaları da sizin zamanınıza dəyər versin. İşləyənlər üçün də, evdar xanımlar üçün də bu prinsip etibarlıdır. Evinizə və ya iş yerinizə müəyyən insanlar davamlı gedib-gəlirlərsə və siz heç nə deyə bilmirsinizsə, amma öz işlərinizin də ləngidiyindən narahatsınızsa, vəziyyəti şirin dillə qarşı tərəfə deməlisiniz. Məsələn, evdə olduğunuz vaxt qonşular davamlı gəlirsə, "Canım xoş gəldin. Təcili işlərim var, çatdırmağa çalışıram, işlərimi bitirən kimi çay hazırlayıb çağıraram səni, olarmı?" deməyə çalışın.
11. Bəzi günlər insanın bütün kefi və enerjisi yerində olur. Elə vaxtlarda heç sevmədiyiniz və sizə çətin gələn işlərinizi tamamlamağa çalışın.
12. Hər hansı bir işə başlayarkən, gərəyindən çox zamanınızı almaması üçün müəyyən bir zaman təyin edin. Məsələn, "bu işi iki saat içində bitirəcəyəm". Və o iki saatda bitirin.

13. Gündəlik işləriniz üçün nə qədər zaman ayırdığınıza baxın. Daha aktiv və ardıcıl etmək üçün qısaldılmış zaman limitləri qoyun özünüzə. Beləcə, daha ardıcıl çalışarsınız.
14. Hər gün axşam mümkün qədər gününüzü nəzərdən keçirin. "Nə etmək istəyirdim, nə qədərini etdim?" deyə sual verin özünüzə. Proqramınızın geridə qaldığı yerləri və geri qalma səbəblərinizi təsbit edin. Sabahısı gün üçün edəcəyiniz yeni siyahınızda bu günkü səhvləri etməməyə çalışın.
15. Telefonla danışmaq çox zaman alır. Mümkün olduqca danışııq müddətlərinizi qısaldın. Belə getsə, tezliklə beyninizdə şiş yaranacaq onsuz da! Danışıqları qısalda bilmirsinizsə, iş görərkən telefonunuzu səssizə qoyub, özünüzdən uzaqlaşdırın. Bir işi bitirdikdən sonra digər işinizə keçməzdən əvvəl kimlərin zəng etdiyinə baxın. Təcili olanlarına zəng edin. Uzun danışıb, vaxtınızı alacaq olanları işi bitirəndən sonraya saxlayın.

Unudulmaması lazım olan ən əhəmiyyətli məsələ: bir işdə özünüzü nizama salmaq istəyirsinizsə, həmin məsələdə özünüzü buna məcbur etməlisiniz. Yəni özümüzü məcbur etmədən, kefimizi pozmadan zamanı idarə etmək mümkün olmaz. 

24 mart 2016
GO BACK