Bu sualla özünə müraciət edən hər bir kəs öz hərəkəti, işi, davranışı və rəftarı ilə ona müsbət cavab verə bisəydi,həyatımızda əsəbilik halları azalar, inciklik aradan götürülər, pislik və narazılığın kökü kəsilərdi. Onların yerini xoş əhvali-ruhiyyə,səmimi münasibət,sevinc və qəlb rahatlığı tutardı.
Həssaslıq insan mənəviyyatının ən gözəl,xeyirxah keyfiyyətidir. Həssas adam insaflı,nəzakətli və təvazökar olur.
Təbiətən həssas və qayğıkeş olan adam başqalarına qarşı heç bir zaman laqeyd və diqqətsiz ola bilmir. Maraqlıdır ki,həssas adam öz həssaslığını nümayiş etdirməyə can atmır,həssaslıq onun qəlbindən doğur və bir anda, özü belə hiss etmədən, təbii halda təzahür edir,ətrafdakıları sevindirir,razı salır.Mənim təsadüf etdiyim sürücü kimi...
Yağışlı, çiskinli bir gün idi. Avtobus dayanacağına xeyli adam toplanmışdı.Hamı səbirsizliklə avtobus gözləyirdi.Əlində bağlama olan qoca bir kişi xüsusən narahat idi. Yükü ağırdı,islanmışdı,üşüyürdü.Deyəsən hara isə tələsirdi.Hiss olunurdu ki, avtobusa birinci minmək istəyir.Elə bu anda avtobus göründü. Dayanacaqdakı adamlar hərəkətə gəldilər.Qoca da özünü yığışdırdı. Bilmirəm, sürücü qocanın bu hərəkətini gördü ya yox, ancaq onu bilirəm ki,avtobus elə dayandı ki,qapı düz qocanın qabağında açıldı. Qoca özünü irəli verdi,növbədəkilər onun qolundan tutub yükünə kömək etdilər,qoca içəri girdi,cavan bir qız durub yerini ona verdi.Qoca əyləşib rahat nəfəs aldı .Sürücü başqa sərnişinlərin mindiyinə arxayın olandan sonra avtobusu ehmalca yerindən tərpətdi.
Yalnız sonra başa düşdüm ki,avtobusun zəif və yorğun qocanın düz qarşısında dayanması xoş bir təsadüfün nəticəsi deyilmiş,bəlkə də cavan sürücünün həssaslığının,xeyirxahlığının, qayğıkeşliyinin nəticəsiymiş. O,uzaqdan qocanın vəziyyətini görüb hiss etmiş və imkanında olan köməyi ondan əsirgəməmişdi.
Ola bilsin , oxucuların bəzisi etiraz edib desin ki,bu xırda hərəkətdir,həssaslıq kimi dərin və geniş mənalı keyfiyyəti belə kiçik və adi hərəkətlə bağlamaq düz olmaz.Ancaq məsələ burasındadır ki,laqeydliyin, biganəliyin balacası-böyüyü olmadığı kimi,həssaslığın da, həssas hərəkətin də balacası-böyüyü yoxdur.Ona görə insana göstərilən balaca bir həssaslığın qədrini bilmək,kiçik bir qayğıkeşliyi təqdir etmək lazımdır.Çünki bəzən biz elə biganəlik,elə laqeydliklə qarşılaşırıq ki,onun acısını ürəkağrısını, qəlb narahatlığını uzun zaman unuda bilmirik.
Bəzən biz elə adamlardan etinasızlıq, laqeydlik görürük ki, həssas olmaq insanlara diqqət və qayğıyla yanaşmaq, onların peşəsinin,qulluq etdikləri sahənin əsas tələbidir. Buna misal olaraq isə tanıdığım bir yaşlı kişinin danışdığı hadisəni gətirmək istərdim. "Həyat yoldaşımın ad günü idi.Ona hədiyyə almaq üçün ətriyyat mağazasına gəldim. Piştaxtanın arxasında iki satıcı qız şirin söhbət edirdi. Onlara müraciət edib,mehribancasına dedim: "Xanım qızlar, mənə ahıl qadına münasib bir duxi seçin" Qızlar heç etina da etmədilər. Xahişimi təkrar etdim. Biri narazı halda söhbətdən ayrılıb soruşdu: "Nə, ahıl nə deməkdir?". "Ahıl, qoca, yaşa dolmuş deməkdir". Bu dəfə o biri qız dilləndi :"A, ay əmi biz qocayıq ki,qocaya lazım olan duxini bilək?". "Xeyir, qızım qoca deyilsiniz, amma vaxt olacaq ki,qocalacaqsınız". "Onda gələrsiniz sizə lazım olan duxini seçərik. İndi odey hamısı vitrindədir. Bir də qoca arvadın duxi nəyinə gərəkdir?!"--deyə söhbətlərinə davam etdilər. Doğrusu bu kobudluq,bu qanacaqsızlıq əhvalımı pozdu. Kor -peşman dükandan çıxdım...
Həssas adam dünyanın ən qanacaqlı adamıdır.Qanacaqdan kəm olanlar həssaslıqdan da kəm olurlar.
Cavan katibənin adi bir arayış üçün vətəndaşların başına açdığı oyunun yəqin ki,bir çoxunuz şahidi olmusuz: " Ay xala , tez gəlmisən, çıx bayıra, qəbulun başlamasına hələ beş dəqiqə var". Bunu cavan bir qız nənəsi yaşında olan qadına deyir, heç utanıb- qızarmır da . Şəhərin içindəki dükanlardan meyvə - tərəvəz alanlar bəzən elə kobudluqla qarşılaşırlar ki,onları yazmaq, təsvir etmək də çətindir. "Day-day seçmək olmaz,alırsan al, almırsan sürüş". Mehmanxanalarda "administrator" stolunun arxasında amiranə bir görkəmlə əyləşən bəzi boyalı xanımların həssaslığından danışmağa belə dəyməz.Çünki onlar başlarını qaldırıb sənin üzünə belə baxmırlar : "Ay yoldaş, mən adam dili ilə deyirəm, yer yoxdur, vəssalam!".
Qəribədir ki,biz çox zaman həssaslıqdan məhrum olan bu nəzakətsiz adamların açıq-aşkar kobudluğuna dözürük, dinmirik,hətta onları yola gətirmək, qanuni haqqımızı onlardan almaq üçün həlimləşirik,dil tökürük. Bunu götdükcə onların ayağı yer alır, onlar daha da etinasızlaşır, bizim mənliyimizə daha ağır zərbələr vurmaqdan. Bizi incitməkdən, narazı salmaqdan,elə bil,həzz alırlar.Bax, buna dözmək,imkan vermək olmaz.
Sonda isə demək istərdim ki,gəlin,biz birinci yolu tutaq, həssaslıq şəxsiyyətimizin parlaq, nəcib keyfiyyətinə çevrilib bütün ömür boyu qəlbimizdə,əməlimizdə yaşasın , ətrafdakılara xoş anlar ,gözəl duyğular bəxş etsin.