Temperament tiplərinə görə insanlar 4 qrupa ayrılır: sanqvinik, xolerik, melanxolik və fleqmatik.
Sanqvinik
Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olurlar, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır, yorulmadan uzun müddət işləyə bilir.
Sanqviniklər həddən artıq qayda-qanuna əməl edən olurlar.
Hissləri asanlıqla bir-birini əvəz edir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri insanlarla asanlıqla ünsiyyətə girə bilir, bir işdən digərinə asanlıqla keçə bilirlər. Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları 1 dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsir, gedir, gəlirlər.
Oturaq iş onlarlıq deyil. Onların maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də böyük həvəslə, coşqunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər.
Son dərəcə emosional olsalar da yaddaşları zəifdir. Onlar üçün yalnız bu gün, bu an, bu saat var. Bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdırlar.
Xolerik
Xoleriklər həddən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur.
Başladıqları işi axıra qədər yerinə yetirməyə meyilli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Müvazinətsiz olurlar. Onların son dərəcə coşğun xarakteri var. Kəmhövsələlidirlər. Çox nadir hallarda “susmaq lazım gələndə birinci ol” tövsiyyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanlar ətrafı ilə tez-tez yola getmir, münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.
Fleqmatik
Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna önəm vermirlər.
İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlar öz diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Onlarda daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onları asanlıqla özlərindən çıxarmaq mümkün olmur. Yeni insanlara çətin alışırlar. Səkit və təmkinli olurlar.
Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Bu tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Sakit və soyuqqanlı təəssurat oyadan bu insanlar sadiq bir dostdurlar. Həmişə rəfiqələrini və dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.
Melanxolik
Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcə küsəyəndirlər. Mimika və hərəkətləri dərindən ifadəli deyildir. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Həddindən artıq təkliyə qapılırlar. Onlar tez ruhdan düşür, bəzən gücü çatan işi axıra qədər yerinə yetirmirlər. Onlarda içə qapanıqlıq yüksək olur. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. MƏNə yalnız tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Onları yerindən tərpətmək müşkül məsələdir. Başladıqları işi yarımçıq qoymaq adətləridir.