İlk qadın məcmuəsinin naşiri
XX əsrin əvvəllərində azərbaycanlı qadınların savad əldə etməsi ziyalıların qarşısında duran vacib məsələlərdən idi. Qadın hüquqları uğrunda fəal mübarizəyə qoşulanlardan biri də Xədicə Əlibəyova olub.
Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub. Atası Tiflisin hörmətli ziyalılarından idi və qızının təlim-tərbiyəsi ilə yaxından məşğul olmuşdu. Xədicə Tiflis Qızlar gimnaziyasını bitirdikdən sonra tibb sahəsində ali təhsil alır. Hüquqşünas, ictimai xadim, publisist Mustafa bəy Əlibəyovla (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatda daha fəal iştirak edir. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə “Yaşıl qələm”in, “Hidayət” xeyriyyə cəmiyyətinin katibi, həmçinin ”Möhtaclara kömək” cəmiyyətinin, “Əhrar” partiyasının üzvü olur.
22 yanvar 1911-ci ildə Bakıda redaktoru Xədicə Əlibəyova, naşiri Mustafa bəy Əlibəyova olmaqla ilk qadın mətbuat orqanı - “İşıq” qəzeti təsis edilir. “Kaspi” qəzeti ertəsi gün yazırdı: “Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan “İşıq” qəzetəsinin ilk nömrəsi tatar dilində (Azərbaycan dili - red.) çapdan çıxıb. Qəzetə müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır”.
Qəzet ilk sayında məram və məqsədini açıqlayaraq xalqa müraciətlə yazırdı: “Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yolu ilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, başlıcası, evdarlıq və uşaqların tərbiyəsi şöbələri olacaqdır. Bundan başqa, qəzet bütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir”.
Ziyalı qadınlardan Asya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Səidə Şeyxzadə, Nabat Nərimanova və Gövhər Şövqiyyə və başqa maarifpərvər qadınlar nəşrin ətrafında böyük inamla birləşmişdilər. X.Əlibəyovanın “Hüquqlarımız” sərlövhəli silsilə məqalələrində qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın klublarının, savad kurslarının açılması, uşaqların tərbiyəsi, ev işləri və sağlamlıq məsələləri ətrafında gedən mübarizə və s. geniş şəkildə əksini tapırdı.
Görkəmli ədib və ziyalılardan M.Hadi, Y.V.Çəmənzəmənli, B.Şahtaxtinski, İ.Məlikov və başqaları qadın mətbuatının öncülü olan “İşıq” qəzetinin nəşrinə sevinərək təbrik məktubu yazmışdılar. B.Şahtaxtinski “Yeri gəlmişkən” adlı məktubunda bildirirdi: “Yalnız tərbiyəli, savadlı və bizi əhatə edən həyatı gözəl tanıyan ana övladını yaxşı tərbiyə və həyatını yaxşı təmin edə bilər... Bu həyat qanunu elə onların vasitəsilə azərbaycanlılarla maarif arasında bir körpü qurdu”. Tədqiqatçı Rəqibə Məmmədova araşdırmasında yazır ki, qəzetin bağlanma təhlükəsini hiss edən redaktor X.Əlibəyova nəşrin birillik nömrəsini çar II Nikolayın xanımı imperatriçə Aleksandra Fyodorovnaya göndərmək üçün ərizə yazır və ondan icazə istəyir. İmperatriçə Xədicə xanımın xahişini razılıqla qarşılayır.
Göründüyü kimi, X.Əlibəyova milli mətbuatımızın ilk qadın mətbu orqanının azərbaycanlı qadınların həyatındakı əhəmiyyətli rolunu dəyərləndirərək onun davamlı nəşri üçün əlindən gələni edib. Bütün bunlara baxmayaraq, “İşıq” qəzeti cəmi bir il nəşr olunub və bu müddətdə 68 nömrəsi işıq üzü görüb.
1912-ci ildə qəzetin nəşri dayandırılır və Xədicə xanım Şəkiyə köçür. O, 1920-ci ildən 1946-cı ilədək Şəkidə həkimlik fəaliyyətini davam etdirir. Eyni zamanda Şəkidə savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak edir. Ömrünün ahıl çağlarında Bakıya köçür və 1961-ci ildə burada vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 1 fevral.- S.14.
http://www.anl.az/down/meqale/medeniyyet/2017/fevral/526437.htm
XƏBƏR LENTİ
Güləşçimiz 23 saniyəyə ermənini məğlub etdi
Jirinovski "Qarabağ planı"nı açıqladı
Ən uyğun vaxtı bilək
Körpələrin ayaqlarından niyə öpmək olmaz?
Dərinizdəki yağı 4 mərhələ ilə təmizləyin
Bərdədə leysan yağdı
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Tim Burton filmləri
Azərbaycanın su mənbələrində monitorinqlər aparılacaq
Facebook-da daha bir yenilik
İşarət dili ilə şeirlər deyir, hətta mahnılar oxuyur-VİDEO
Səmada misilsiz hadisə - “Günəş tacı” müşahidə olundu - VİDEO
Peçenye keks (foto resept)
Məşhur həkim özünü koronavirusdan necə qoruyur?
Qarın yağlarını əridən detoks
“Müslüm” filminin qalmaqalları səngimək bilmir
Azərbaycanda 340-dan çox dərmanın satışı və istifadəsi qadağan edildi
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi
İyul ayında yolka qurub, fişəng atıb, 2021-ci ili qeyd etdilər - VİDEO
Özümüzü NEQATİVdən qurtarmanın yolları
"Aşk-ı Memnu"nun aktyoru öldü
Küçələrdə reklam yerləşdirmək istəyənlər üçün ödəniş qaydaları dəyişdirilir
Hava haqqında - 14.09.2013
Şəraiti dəyərləndirməyi bacaran insanlar
İçimizdəki imza
Məşhur aktrisa gəlinlik geyindi-FOTO
Sevgi dolu anlar-3
Enerjimizi boş yerə xərclədiyimiz 3 hal
Yeni helikopter açıqlaması
Azərbaycanda Qafqaz Kuboku keçirilib
Quru dərilər üçün darçın
Lahmacun ev üsulu (foto resept)
Tənbəlliyin səbəbi xasiyyət deyil
Daha bir ayrılıq nişanəsi-FOTO
"Eurovision-2014": Azərbaycan finalda! - FOTOSESSİYA
Gözaltı qaraltıları üçün 5 üsul
Yaxşı ana olmağın sirləri
2020 yaz modasına istiqamət verən trendlər
Rianna "Victoria’s Secret"ə qarşı-FOTO
Sarı rəng sevənlərin xarakterik xüsusiyyətləri
"Bu, Azərbaycana gözəl bir reklam olacaq"
İş axtaranlara müjdə
Yağlı dəriyə necə qulluq etməli?
Fərqli şam ağacı dekoru
İrəvanda cümə namazı qılmaq istəyirlər
Ronaldodan təsirli paylaşım -FOTO
Geri qayıdan dəb
Nemtsovu kim öldürdü?
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
- ŞƏRHLƏR