Qadin.NET / Mənzil sahələrinə mülkiyyət və digər əşya hüquqları

Mənzil sahələrinə mülkiyyət və digər əşya hüquqları

Mənzil sahələrinə mülkiyyət və digər əşya hüquqları

Yaşayış sahəsi mülkiyyətçisinin və ona məxsus olan sahədə yaşayan digər vətəndaşların hüquq və vəzifələri

Maddə 29. Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri

29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.

29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.

29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri

30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2 — 30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.

30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

Maddə 31. Dövlət ehtiyacları üçün torpaq sahəsi alınarkən yaşayış sahəsi mülkiyyətçisinin mənzil hüquqlarının təmin edilməsi

31.1. Yaşayış sahəsi onun altındakı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mülkiyyətçidən satın alınma yolu ilə alına bilər. Yaşayış sahəsinin bir hissəsi yalnız mülkiyyətçinin razılığı ilə satın alına bilər.

31.2. Yaşayış sahəsinin satın alınması barədə qərar müvafiq torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması barədə qərarla birlikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Belə qərarın qəbul edilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

31.3. Yaşayış sahəsinin satın alınması barədə bu Məcəllənin 31.2-ci maddəsində nəzərdə tutulan qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

31.4. Yaşayış sahəsinin satın alınması barədə qərar qəbul etmiş orqan həmin sahənin satın alınmasından ən azı bir il qabaqcadan yaşayış sahəsinin mülkiyyətçisinə ona məxsus olan yaşayış sahəsinin satın alınması barədə qərar və həmin qərarın bu Məcəllənin 31.3-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınması tarixi barədə yazılı formada məlumat verməlidir. Mülkiyyətçi tərəfindən həmin məlumatın alındığı gündən bir il müddət keçənədək yaşayış sahəsinin satın alınmasına yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

31.5. Satın alınmağa məruz qalan yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsinin satın alınması barədə qərarın dövlət qeydiyyatına alındığı andan yaşayış sahəsinin satın alınması haqqında razılaşma əldə edilənə və ya məhkəmə tərəfindən qərar qəbul edilənədək yaşayış sahəsinə sahiblik etmək, ondan istifadə etmək, öz mülahizəsi ilə barəsində sərəncam vermək, yaşayış sahəsinə onun təyinatına görə istifadəsini təmin edən zəruri xərclər çəkmək hüququna malikdir. Mülkiyyətçi yaşayış sahəsinin satın alınma qiyməti müəyyənləşdirilərkən, satın alınan yaşayış sahəsinin dəyərini əhəmiyyətli dərəcədə artıran göstərilən müddətdə qoyulan sərmayələrlə bağlı xərclər və zərərin ona aid edilməsi riskini daşıyır.

31.6. Yaşayış sahəsinin satınalma qiyməti, satınalmanın müddəti və digər şərtləri mülkiyyətçi ilə bağlanmış razılaşmada müəyyən edilir. Razılaşmaya müvafiq səlahiyyət verilmiş dövlət orqanının və ya digər qurumun satın alınan yaşayış sahəsinin satınalma qiymətini ödəmək öhdəliyi daxil edilir.

31.7. Yaşayış sahəsinin satınalma qiyməti müəyyənləşdirilərkən bu qiymətə yaşayış sahəsinin bazar qiyməti, habelə əldən çıxmış fayda da daxil olmaqla, mülkiyyətçinin yaşayış yerini dəyişməsi, başqa yaşayış sahəsini mülkiyyətinə əldə edənədək digər yaşayış sahəsindən müvəqqəti istifadə etməsi (əgər bu Məcəllənin 31.6-cı maddəsində göstərilən razılaşmada başqa yaşayış sahəsi əldə edilənədək satın alınan yaşayış sahəsindən istifadə hüququnun saxlanması nəzərdə tutulmayıbsa), köçməsi, mülkiyyətinə əldə edilməsi üçün başqa yaşayış sahəsinin axtarışı, başqa yaşayış sahəsinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi, üçüncü şəxslər qarşısında öhdəliklərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar dəyən zərər daxil edilir.

31.8. Yaşayış sahəsinin mülkiyyətçisi ilə razılaşmaya əsasən ona satın alınan yaşayış sahəsinin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə, başqa yaşayış sahəsi verilə bilər.

31.9. Yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin satın alınması barədə qərarla razılaşmadıqda və ya yaşayış sahəsinin satınalma qiymətinə və ya satınalmanın digər şərtlərinə dair onunla razılaşma əldə edilmədikdə, həmin qərarı qəbul etmiş dövlət orqanı yaşayış sahəsinin dövlət ehtiyacları üçün satın alınması barədə məhkəmədə iddia qaldıra bilər. Yaşayış sahəsinin dövlət ehtiyacları üçün satın alınması barədə məhkəmədə iddia yaşayış sahəsinin mülkiyyətçisinə bu Məcəllənin 31.4-cü maddəsində göstərilən məlumat göndərildiyi andan iki il müddətində qaldırıla bilər.

Maddə 32. Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsindən istifadə

32.1. Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsindən istifadə hüququ olan şəxs müvafiq vəsiyyətnamədə göstərilən müddətə həmin yaşayış sahəsindən onun mülkiyyətçisi ilə bərabər istifadə edir. Vəsiyyət tapşırığında müəyyən edilən müddət bitdikdən sonra həmin vətəndaşın yaşayış sahəsindən istifadə hüququna xitam verilir, bu şərtlə ki, həmin vətəndaşın bu yaşayış sahəsindən istifadə hüququ üçün digər qanuni əsaslar olmasın.

32.2. Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsində yaşayan mülki hüquqi fəaliyyət qabiliyyətli vətəndaşlar həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə həmin yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə məsuliyyət daşıyır, bu şərtlə ki, göstərilən mülkiyyətçi ilə vətəndaşlar arasında başqa razılaşma olmasın.

32.3. Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsində yaşayan vətəndaş vəsiyyət tapşırığından irəli gələn yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququna malikdir.

Maddə 33. Ömürlük dolandırmaqla himayəçilik müqaviləsi əsasında yaşayış sahəsindən istifadə

Ömürlük dolandırmaqla himayəçilik haqqında müqavilədə başqa hal müəyyən edilməyibsə, yaşayış sahəsində ömürlük dolandırmaqla himayəçilik müqaviləsi əsasında yaşayan vətəndaş yaşayış sahəsindən bu Məcəllənin 32-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə istifadə edir.

Maddə 34. Yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən istifadə qaydalarını pozan şəxsin yaşayış sahəsindən çıxarılması

34.1. Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır.

34.2. Yaşayış sahəsindən məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı və ya vəsiyyət tapşırığı əsasında istifadə edən vətəndaş həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə, müntəzəm olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozduqda və ya yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) yol verməklə onunla təsərrüfatsızcasına rəftar etdikdə, yaşayış sahəsinin mülkiyyətçisi həmin vətəndaşı pozuntuların aradan qaldırılması barədə xəbərdarlıq etmək hüququna malikdir. Əgər göstərilən pozuntular yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) gətirib çıxarırsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin təmir edilməsi üçün ağlabatan müddət təyin etmək hüququna da malikdir. Əgər həmin vətəndaş yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən edilən xəbərdarlıqdan sonra qonşuların hüquqlarını və qanuni mənafelərini pozmaqda və ya yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməkdə davam edərsə və ya üzrlü səbəblər olmadan zəruri təmir işlərini aparmazsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır.


3 noyabr 2011
GO BACK