Qadin.NET / Nigaha xitam verilməsi!

Nigaha xitam verilməsi!

Əziz xanımlar, biz keçən mövzuda Nigahın bağlanma qaydası və şərtləri ilə tanış olduq. İndi isə diqqətinizə tam əksini çatdırmaq istərdim.

 

NİKAHA XİTAM VERİLMƏSİ

Maddə 14. Nikaha xitam verilməsinin əsasları

14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.

14.2. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.

Maddə 15. Ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması

Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın

razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Maddə 16. Nikaha xitam verilməsi qaydası

Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata kecirilir.

Maddə 17. Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi

17.1. Ər-arvadın yetkinlik yaşına catmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.

17.2. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin

(arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:

17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qəbiliyyəti olmayan hesab edildikdə;

17.2.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.

17.4. Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Maddə 18. Müvafiq icra hakimiyyəti orqanında nikahın pozulması zamanı ər-arvad arasında yaranan mübahisələrə baxılması

Ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mubahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.

Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması

19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata kecirilir.

Maddə 20. Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması

20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər arvadın  barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda  və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Maddə 21. Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında pozulması

21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

21.2. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür.

21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata kecirilir.

Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər

22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

22.2. Bu Məcəllənin 22.1-ci maddəsində gostərilən məsələlər uzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:

22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını muəyyən etməli;

22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;

22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;

22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

22.3. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.

Maddə 23. Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı

23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gundən nikaha xitam verilmiş sayılır.

23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.

23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.

Maddə 24. Qaçmış elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda nikahın bərpası

24.1. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər.

24.2. Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz. 

Təbii ki, heç bir xanım ailəni quranda onun nə vaxtsa dağılacağını arzu etmir. Amma gözəl bir söz var- Yuvanı dişi quş qurur! 

Sizin fikirinizcə hansı halda ailəyə, nigaha son qoymaq, ayrılmaq  düzgündür? 

Sizin hamınıza  fiziki və mənəvi cəhətdən sağlam ailə səadəti arzulayıram!

27 may 2011
GO BACK