Qadin.NET / Şəxsiyyətin cinsi toxunulmazlığı

Şəxsiyyətin cinsi toxunulmazlığı

  

ŞƏXSİYYƏTİN CİNSİ

TOXUNULMAZLIĞI VƏ CİNSİ

AZADLIĞI ƏLEYHİNƏ

OLAN CİNAYƏTLƏR

  

 Maddə 149. Zorlama 

 

149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma--

 

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

149.2. Eyni əməllər:

149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

149.2.2. zərər çəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;

149.2.3. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə;

149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;

149.2.5. təkrar törədildikdə--

 

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

149.3. Eyni əməllər:

149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;

149.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;

149.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə--

 

səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

QEYD: Qanun hamiya aiddir və qanuna əməl etmək hamının borcudur!

2 aprel 2011
GO BACK