Qadin.NET / "Azad qadın" və "itirilən papaq"

"Azad qadın" və "itirilən papaq"

 

Yəgin ki, çoxunuz "Nizami" metrostansiyasının qarşısında ucaldılan heykəli görmüsünüz: başından çadrasını atan, bədənin əzalarını qabarıq şəkildə nümayiş etdirən və bununla da fəxr edən, Azərbaycanlı qadınını təmsil edən "Azad qadın" heykəli. Bu daş qadınla ilk tanışlığım məktəb illərində ağlımın yenicə kəsdiyi illərdə olub. Atamın əlindən tutub, o zaman mənə çox hündür görünən "soyunan qadının" yanından keçəndə ixtiyarsız içimdə bir nifrət yarandı bu daş qadına qarşı... O vaxtlar hələ İslam, din anlayışım yox idi, amma dərk edə bilmədim ki, soyunan qadına heykəl qoyularmı?! Axı mən belə görmüşəm ki, "ağıllı" qız heç corabını da atasının yanında geyinməz. Bəs bu nədir?! İsmət, namus idealı kimi gördüyüm anama bənzəyən qadın, küçənin ortasında, hündür bir yerdə hamının gözü önündə soyunur?! Uşaq ağlımda bu daş qadına qarşı olan hisslərim belə oldu...

Bir az da Azərbaycan qadınını soyunan şəkildə təsvir etməyə layiq görənlər barədə...

Heykəl 1960-cı ildə tanınmış heykəltaraş Fuad Əbdürrəhmanov və memar  Mikayıl Hüseynov tərəfindən hazırlanıb. Heykəltəraş öz "möhtəşəm" əsəri barədə : "Mən qadının əsarətdən qurtarmasını heykəldə əks etdirərək, Azərbaycan qadınının sadəcə çadranı atdığını göstərməklə kifayətlənmək fikrində deyildim, onun yeni simasının formalaşması kimi dərin bir psixoloji prosesə mürəkkəb, uzun, bəzən də əziyyətli prosesə müəyyən dərəcədə toxunmaq istərdim. " - deyib. Heykəltaraş həqiqətən də bunu bacardı, yəni Azərbaycan qadının yeni simasını formalaşdırdı, belə ki, bu yeni sima artıq Azərbaycan qadınına bənzəmir! (Müəllifin sənətkarlığına heç bir söz demirəm, yanlış anlaşılmasın, Azərbaycanlı kimi xalqımın mədəniyyətinin inkişafına yalnız sevinirəm.)

Bu heykəl bolşevik rejiminin qalığıdır və nə qədər ki, ölkədə bolşevik düşüncəli insanlar var, bu daş qadın da olacaq. Təəssüflər olsun ki, namuslu, abır-həyalı, örtülü Azırbaycan qadınını soyunduraraq "azadlıq" verdilər. Əslində isə bununla qadının özünə azadlıq yox, ona "tamaşa" etməyə azadlıq verildi... Bəs bu heykəlin Azərbaycanda nə işi var? Axı Azərbyacan qadının geyimində soyunmaq yoxdur? Bəs milli dəyərlərimiz, tariximiz deyərək şüar etdiklərimiz necə olsun? Azərbaycan xanımının milli geyimi belədirmi? O daş heykəlin üzərində, Azərbaycanı tarixnin bir hissəsindən qopardılar... 

 

Azərbaycan qadının geyimini əlindən almaqla bir tarixin üzərindən xətt çəkildi. Tarixi olmayan xalqın vətənpərvərlikdən danışmağa haqqı varmı? Qadınını soyunduran "kişisi" olan xalqın qeyrəti olarmı? Bəlkə də elə buna görə Qarabağı "verdik" - axı vətənpərvərliyimiz natamamdır... Bəlkə elə buna görə Xocalıda qız-gəlinlərin namusuna toxunanda qeyrət çəkəcənimiz olmadı?..

Azərbaycan qadını soyunmaqla qazandımı, uduzdumu?  Bəli, Azərbaycan qadını çadrada olduğu illərdə təhsildən, inkişafdan, əllərinə fürsət düşmüş cahillər tərəfindən yayındırılırdı. Amma bunun çarəsini ən asan və ən alçaq yolla həll etdilər "qeyrətlilər": soyundurmaqla. Başqa yol yox idimi? Əlbəttə var idi, həyatın istifadə qaydası kitabında çarə var. Amma bu çarə çoxuna sərf etmirdi... İndi də etmir. Qurana uyan İslam dini yaşansaydı, hər kəs iki dünyada da məsud olardı. Azərbaycan qadınını azadlığa çıxarmaq bəhanəsi ilə beyinlər yuyuldu, qeyrət, namus da yuyldu - çünki qeyrəti olmayan xalqı yıxmaq asandır! Qadını soyundurub, "kişisinin" əlinə də mikrofon verəndən sonra xalqı yıxmağa nə var ki! Qurd ağacı içindən yediyi kimi, azad qadın və əlimikrofonlu kişilər xalqı çürüdəcəkdi onsuz da... Necə ki, indi  şahidiyik... 

 Azərbaycan qadınını soyundurmaqla başlanan "oyunun" nəticəsi nə oldu?

Qəlbində imansızlıq toxumu olanlar "dövlətin əmridir" deyib soyundular, ərləri etiraz edənlər, dövlətinə arxalanıb ailələrinə soyuqluq saldılar... Bəs bu gün vəziyyət necədir? Bu gün gender bərabərliyi ən aktual mövzulardan birinə çevrilib. Niyə? Məgər İslama uyan bəndənin buna ehtiyacı varmı? Bu Yaradana qarşı çıxmaq demək deyilsə, bəs nədir? "Allahın haqq dini qadını kifayət qədər qorumur" -  düşünmədən, daha doğrusu dərin düşündüyümüzü sanaraq, əslində çox səthi düşünərək bu fikir yeridilir beyinlərə və qəlblərə. Allah qadını yad gözlərdən qoruyaraq ona örtünməyi əmr etdiyi halda, bunu səhv sanıb soyunmağın doğru olduğunu, Allahın mömin xanımlara boş-boşuna evdən çıxmamağı əmri qarşısında tam əksini şüar edirik. Nəticədə, bir çox qadınlar özlərinin ehtiyacı olmadan işləmək, evdən sərbəst çıxmaq, həyat yoldaşından xəbərsiz nələri isə etmək və s. hüququ olduğunu, hətta kişilərlə eynihüquqlu olduqlarını düşüncəsiylə əməl edirlər. Həm özlərini, həm də onlara tamaşa edərək günah qazanmalarına yol açdıqları kişiləri günaha batırırlar. Ailələrinə, övladlarına kifayət qədər vaxt ayıra bilmirlər. Gənclik isə, qızlı-oğlanlı şoubiznesə can atır. Valideynlər "müasir" qızlarının yad ölkələrdə bədənlərinin gözəlliyinə verilən dəyəri alqışlayır. Televiziya ekranlarına baxmaz, küçəyə çıxmaz olduq - çünki hara baxırsan zina! Qadınlığımla bəzi qadınlara baxmağa, yanımdan keçəndə belə eyni cinsdən olduğumuza utanıram... (bu cümləni oxumaq belə qəlbimizi göynədir...)

Şərq qadını çarşabını çıxaranda müasirləşdik deyib papağımı göyə atdım. O gün bu gündür papağımı tapa bilmirəm. (Cəlil Məmmədquluzadə) 

Rəhmətliyin sözünə qüvvət - arvadlarının örtünməyinə mənfi baxmaqları bir yana, onların bədənlərini yad kişilərin görməsinə dözən "kişiləri" heç anlaya bilmirəm, yəgin kişi qeyrətli olduğumdan çətin ki, nə vaxtsa anlaya bilim...

Ramiz Rövşənin "Azad qadın heykəli" şerini bu məqaləyə əlavə etməmək mümkün deyil:

Yox, sənin də canın daşdan deyilmiş,

Gör səni nə günə qoydular, qadın.

Əvvəlcə çadranı açdılar sənin,

Sonra paltarını soyundurdular…

Sonra səni soğan kimi qat- qat

Soydular, qadın.

Zalımların gözü də yaşarmadı,

Bu quldurlar içində, de,

Səni soymağı, kim bacarmadı?

Bir sevginin işığı düşmüşdü üz–gözünə

Soydular, o işığı da soydular.

Qurmadığın ev–eşiyi,

Doğmadığın uşağı da soydular,

Gör səni nə günə qoydular, qadın.

Sonra abrın-həyan soyuldu getdi,

Sonra səbrin, dözümün.

Göz yaşları taladı,

Soydu getdi gözünü...

Gözlərin lümlüt qaldı.

 

Sonra gözlərindən öpdülər yenə,

Adına nəğmələr qoşdular, qadın.

Səndən ötrüymüş sən demə

İnqilablar, savaşlar,

Axan qanlar,

Kəsilən başlar, qadın.

İnqilabı neynirdin ki?

Sən özün inqilabsan,

Sən başdan ayağacan

oxunmamamış kitabsan.

Kimsə səni gözlərindən

oxumağa başladı,

Kimsə ayaqlarından.

Amma heç kəs oxuyub sona çata bilmədi,

Ortada ilişib qaldı hamısı.

 

Nə üstdən aşağı baxırsan bizə?

Yoxsa bizi də sən doğmusan, qadın?

Sənin doğduqların azad deyilsə,

Özün necə azad olmusan, qadın?

Yox, sənin azadlığın yarımçıqdır deməli,

Sən də yarımçıqsan, biz də yarımçıq.

Yaxşımız da, pisimiz də yarımçıq.

Sən bizi təzədən doğ, "Azad qadın" heykəli,

Amma cırtdan doğma,

Sən bizi div doğ,

Amma yarımçıq yox, bizi bütöv doğ.

Onda sən də tamam azad olarsan!

Ey mənim daş anam, azad olarsan!

Səni Yaradanın əmrlərini unutma, ey Azərbaycanın azad qadını:

Nur surəsi 31: “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar - görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”. 

Əhzab surəsi 59: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”

Mənə görə "azad qadın", Rəbbinin əmrlərinə azad şəkildə əməl edəndir. Bəs sizə görə?

İtirilmiş papaqları tezliklə tapmaq arzusu ilə...

 







10 aprel 2016
GO BACK