Qadin.NET / Qadınlara yol verin...

Qadınlara yol verin...

Qadınlara yol verin...

Kimdir qadın? Cəmiyyətdə nədir onun rolu əks cinsin gözündə? Bacarıqlı ev xanımı, xeyirxah həyat yoldaşı, qayğıkeş ana, sevimli qadın, özünə inanan, güclü iş adamı... və s. Bu siyahını uzatmaq olar, ən əsası isə bu cəhətlər hər qadında cəmlənir. Amma nədənsə hər kəs bunu görmür, yaxud görür, nədənsə qəbul etməyə çətinlik çəkir. Düşüncələrdə qadın zəif məxluqdur. Yalnız 1 gün, ilin 365 gününün bircə günü qadına həsr edilir. Bütün TV və radiolarda, kütləvi informasiya məkanlarında qadınların dahi varlıq olmasından, onların qəhrəmanlığından bəhs edilir, yalnız 1 gün...

Qadınlara yol verin...

Yaxşı olardı ki, biz qadınların cəmiyyətdəki rolu və qəhrəmanlığı 8 mart bayramı günü deyil, həmişə xatırlansın. İstəsəniz də, istəməsəniz də, qadın zərif olduğu qədər hər işin öhdəsindən gəlməyi bacaran güclü məxluqdur. 8 mart bayramının özü də Qədim Romada martın ilk günündən analıq və uşaqlıq ilahəsi günü kimi qeyd olunub, günümüzə gəlib çıxıb. Fransa inqilabı zamanı, əhali qadın seçki hüququ azadlığı, bərabərlik və qardaşlıq tələbi ilə çıxış edib, haqqını istəyib. O gündən bu günə qadınlar kişilərlə eyni hüquqlu oldu. Bəzən qəbul edilmiş bu bərabərlik əməldə yox, dildə özünü göstərir.

Razılaşaq ki, qadın mürəkkəb həyat, problemli ailə öhdəliklərindən gələn, çiyinlərinə qoyulan yükləri var gücü ilə qaldıran məxluqdur. Bəs niyə ''zəif'' , bəlkə onun gücünü görmək çətindir? Axı bu məxluq indi cəmiyyətin bütün işlərində iştirak edir. Siyasətdə belə bacarıqlı xanımlar az deyil.

Həyat özü qadını daha aktiv və obyektiv olmağa vadar edir. O özü-özünə iş axtarır ki, qarşısındakı məqsədləri həyata keçirsin, uşaqlarına bir gələcək qursun. Bu, olduqca normaldır. Qadın da insandır. O da kişilər kimi cəmiyyətdə bir sıra işlər gorüb, müstəqil olmaq istəyir. Bu sevimli varlıq dünyaya qapılar açmaq arzusundadır. Bu arzu heç də onlara ailəsi haqqında düşünməyə mane olmur. Əksinə, o, ailəsinin gələcəyini düşünüb addım atır. Müasir dünyada bir çox qadın ömrünü evdə oturmaqla, uşaqlarının qayğısı və məişət işləri ilə bitirmək istəmir. O, əksinə bunlarla yanaşı dünyaya baxmaq istəyir, özünə açdığı qapı ilə yeni-yeni mənzərələr görmək istəyir. Onun buna haqqı var.

Qadınlara yol verin...

Qadın psixologiyası kişilərdən tamam fərqlidir. Nəyi ki qadın görür, kişilərin bunu görməsi mümkün deyil. Nəyi ki kişi düşünür, qadın bunun tamam əksini düşünür. Lakin bu gözlər və düşüncələr cəmiyyətdə birləşəndə böyük uğurlara imza atmaq mümkündür. Odur ki, qadınlara zəif deməyin və yol verin ki, cəmiyyət inkişaf etsin...

7 mart 2016
GO BACK