Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında
ƏSASNAMƏ
1. Bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi məsələlərinə baxılması və onların həlli qaydalarını müəyyən edir.
2. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edir. (Bundan sonra Əsasnamədə Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi əvəzinə uyğun olaraq DİN, MTN və XİN yazılacaq).
Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:
4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
yaşayış yerindən ailə tərkibi haqqında arayış;
dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış.
Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir. Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.
3. Vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlığa xitam verilməsi barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən DİN təqdim olunmuş sənədləri rəy verilmək üçün MTN-ə köndərir. MTN-ə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. DİN əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərir.
4. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.
5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi, bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa edilməsi barədə vəsatəti MTN-dən alınmış rəylə birlikdə DİN tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təqdim edilmiş materiallar əsasında həmin Komissiya tərəfindən şəxsin vəsatəti rədd edilir. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və vətəndaşlığa xitam verilmə ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində onlara DİN və ya XİN tərəfindən yazılı məlumat verilir.
6. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.
7. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaşı hesab olunur.
8. 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan və 1999-cu il sentyabrın 30-dək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün ərizə ilə müraciət etmiş şəxslərə bu Əsasnamənin 2-7-ci bəndlərində nəzərdə tutulmuş vətəndaşlığa qəbul edilmə qaydaları şamil edilmir. Həmin şəxslər ərizə ilə DİN-ə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
yaşayış yerindən arayış;
şəxsin vətəndaşlığını təsdiq edən sənəd.
Ərizə ilə müraciət etmiş şəxslərə DİN tərəfindən Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd verilir.
9. Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında o, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.
10. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;
ailə tərkibi haqqında arayış;
QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur).
11. Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış vəsatətləri Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər DİN-ə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə təqdim edirlər.
12. Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluq idarələrinə daxil olmuş sənədlər Azərbaycan Respublikasının XİN-ə göndərilir.
13. DİN və ya XİN həmin sənədləri baxılmaq üçün MTN-ə göndərir, MTN-ə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır, DİN və ya XİN əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Prezidentin İcra Aparatına göndərir. Bu Əsasnamənin 5-ci bəndində nəzərdə tutulan məhdudiyyətlər aşkar edildikdə Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında şəxsin vəsatəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilir.
14. Azərbaycan Respublikasında yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə əcnəbidirsə və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
15. Əcnəbi uşağı övladlığa götürən və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşı, digəri isə əcnəbidirsə, həmin uşaq övladlığa götürənlərin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
16. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxarsa, həm də üzərində Azərbaycan Respublikası vətəndaşlarının qəyyumluğu və ya himayəçiliyi müəyyən edilmiş uşağın böyüdülməsində iştirak etmirsə, valideynlərin, qəyyumun və ya himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlaya bilər.
17. Bu Əsasnamənin 14-16-cı bəndlərində nəzərdə tutulan hallarda Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir və ona aşağıdakı sənədlər əlavə edilir:
valideynlərin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) vətəndaşlığı haqqında sənədlərin surəti;
övladlığa götürmə, qəyyumluq, himayəçilik haqqında sənədlərin surəti;
yaşayış yerindən ailə tərkibi haqqında arayış;
valideynin (övladlığa götürən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin və 14-18 yaşında olan uşağın) notarial qaydada təsdiq edilmiş razılığı;
uşağın 4 ədəd 3x4 ölçüdə fotoşəkli.
həmin müraciətə bu Əsasnamənin 11-13-cü bəndlərində nəzərdə tutulan qaydada baxılır.
18. Azərbaycan Respublikası vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilə bilər.
19. Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə DİN-ə və ya XİN-ə müraciət edir.
Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur:
4 ədəd 3x4 ölçüdə fotoşəkil;
yaşayış yerindən ailə tərkibi haqqında arayış;
dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər (həmin sənədlərin siyahısını Azərbaycan Respublikasının DİN-i Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir);
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
20. Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar DİN-ə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə XİN-ə təqdim edirlər.
21. DİN və ya XİN həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün MTN-ə göndərir. MTN-ə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır, DİN və ya XİN əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərir.
Bu Əsasnamənin 6-cı bəndində göstərilmiş hallar aşkar olarsa, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatəti rədd edilə bilər.
22. Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, bu valideynin vəsatəti ilə və ya Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürən əcnəbilərin vəsatətləri ilə uşaq Azərbaycan Respublikası vətəndaşlığından çıxarıla bilər.
23. Bu hallarda ərizə-anketə bu Əsasnamənin 11-13-cü bəndində nəzərdə tutulmuş qaydada baxılır.
24. Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişdirsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.
25. Əsasnamənin 24-cü bəndində sadalanan hallar müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə toplanmış sənədlər rəylə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir.
26. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası və ya vətəndaşlığa xitam verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı tərəfindən DİN və ya XİN-ə göndərilir. DİN və ya XİN qəbul edilmiş qərar barədə vəsatət qaldıran şəxsə yazılı məlumat verir. Eyni zamanda, DİN və ya XİN vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.
27. Vətəndaşlıq məsələləri ilə əlaqədar bu Əsasnamədə nəzərdə tutulmuş sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim edildikdən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır.
28. Savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.
29. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır.
30. Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.
31. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası və ya vətəndaşlığa xitam verilməsi barədə məlumatlar əlaqədar dövlət orqanlarında vahid informasiya bazasında toplanır.
Vətəndaşlıq məsələləri ilə bağlı müraciət edənlər üçün Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şəxsi iş açılır və daimi saxlanılır.
32. Vətəndaşlıq məsələləri üzrə qəbul olunan qərarların icrası üzərində nəzarəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı həyata keçirir.