Qadin.NET / Hz. Əlinin duası

Hz. Əlinin duası

Ey lütfü bol Allahım! Sənə həmd edərəm. Ey yeganə Məbud! Sənin qarşısında əyilərəm. Ucasan, qullarından dilədiyinə sonsuz nemətlər verərsən. Dilədiyini hüsrana düçar edərsən. Ey Yaradanım! Sənə sığınaram. Varlıq və darlıq zamanında Sənə münacaat edərəm, hər an sənə yalvararam. Hərçənd günahlarım çox, lakin Sənin əfvin ondan daha böyükdür, ümidsizliyə səbəb yoxdur. Əgər Sən də məni qapından qovsan, kimə sığınaram, kimdən mədət gözləyərəm, mənə başqa kim şəfaətçi olar? Ya Rəbb! Halımı görürsən, yoxsulluğumu bilirsən. Gizli niyazımı duyursan. Məni Səndən ümid kəsənlərə qatma, qüsuruma baxma, daha çox gözlətmə, ümidsizliyə atma. Sənin əzəmətin qarşısında boyun əydim, düzə gəldim, səcdəyə bağlandım. Allahım! Dünyadan sıyrılıb hüzuruna gəlirkən məni, Sözü Tövhiddən ayırma. Sənin narın da xoş, nurun da xoşdur. Sənin rəhmətindən ümid kəsmərəm. Mal və oğulların fayda vermədiyi o qorxunc gündə sənin əfvinə nail olmaq istəyərəm, mənə əfvin yetər, lütfünü göstər. Sən mənə yol göstərsən, heç bir vaxt yolumu çaşmaram. Sən yol göstərməzsənsə, dəlalətdə qalaram. Əgər Sənin əfvin tək yaxşılara məxsus isə ya pislərin bağışlayıcısı kim olacaq? Hər kəsin İlahı sənsən. Mən ümmətin ən müttəqisi ola bilmədimsə, ən pisi də sayılmam. Sənin əfvinə sarılıram, etiraf edərəm, günahım böyük, lakin Sənin əfvin ondan daha böyükdür. Sənin lütfünü xatırlayınca, ürəyimə təsəlli dolur. Günahlarımı düşündükcə, gözlərimdən yaş tökülür. Sən şanına layiq olanı et, məni bağışla! Məni sənin fəzli lütfündən başqa bir yerə müraciət etməyəcək bir fitrətdə yaratdın. Nə ümid etsəm, səndən ümid edirəm. Ən böyük narahatlığım - məni Sən də qapından qovsan, əliboş çevirsən, halım necə olar? Allahım, görürsən, qafillər yuxudadır, mən isə gecə qaranlığında əl açıb Sənə niyaz edirəm. Dualarım Sənə yüksəlsin, niyazlarım məqbul olsun. Hər kəs nə gözləsə, ancaq Sənin lütfündən gözləyər. Hər biri Cənnətə girmək istər, Sən mənə Cənnətdə didarını göstər, bu mənə yetər. Ey insanlara doğru yolu göstərmək üçün Peyğəmbər göndərən Allah! Fəxri Kainat hörmətinə, Səni təsbeh edən, təkdis edən xeyirli ümmət eşqinə, bizi imandan, Qurandan, İslamdan ayırma. Müsəlman olaraq dirilt. Rəsulundan şəfaət ümid edirəm. Bizi ondan məhrum etmə. Səndən əfvi bağışlama diləyirəm. Bizi boş çevirmə, Allahım! Bizi boş çevirmə.

İndi gəlin biz düşünək, əgər Hz. Əli Peyğəmbərimiz Məhəmmədin (S.A.V) əmisi oğlu, kürəkəni, İslamda “Elmin Qapısı”  (Peyğəmbərimiz Məhəmməd (S.A.V) ona Allahın aslanı adını vermişdi)  Allaha bu cür dua edirsə, bizlər bu qədər günahların içində ola-ola gün ərzində əllərimizi açıb Allaha yalvarmağa belə vaxt tapmırıq. Halbuki, ən çox duaya bizim ehtiyacımız var.

Ey Rəbbim! Ölmədən əvvəl tövbəni, ölüm anında səadəti, axirətdə Cənnətini, Cənnətində Camalını göstərməyi nəsib et bizlərə ! .. AMİN… AMİN… AMİN…

6 oktyabr 2011
GO BACK