Qul olaraq hər dərdinizi Allaha açarsınız, hər ehtiyacınızı Allahdan istəyərsiniz, hər çətinliyinizi Allaha ifadə edərsiniz. Bunun adı duadır, dua da qulluğun özü və əsasıdır. İnsan dua və ibadətlə Rəbbiylə əlaqə yaradar. Dua ilə edilən istəklər və ehtiyaclar Allaha yaxınlaşmaq üçün bir vəsilədir.
Bu istəklərimizi Allah istəməyimizə gərək qalmadan da verərdi. Bədənimizi, göz, qulaq, ağız, burun kimi orqanlarımızı, ruhumuzu, həyatımızı, ağılımızı, ürəyimizi; sevgi, şəfqət və mərhəmət kimi duyğularımızı, dünyanı və içindəkiləri, Ayı, Günəşi, oksigeni və havanı biz istəmədən verib, verir. İş və həyat yoldaşı kimi dünyəvi ehtiyaclarımızı iradəmizə, istəyimizə və duamıza buraxmışsa, bunun bir mənası, bir məqsədi, fərqli bir səbəbi vardır. Bu məqsəd və səbəb insanın hər vaxt və hər vəsiləylə duaya yönəlməsi, hər an Rəbbinə olan ehtiyacını dilə gətirərək mömincə bir həyat sürməsidir.
Dua ibadətdir, Allaha əl açmaqdır, ona olan qulluğumuzu ifadə etməkdir. Edilən duanın necə qəbul ediləcəyi isə Allahın əlindədir. İstəsə duamızı eynilə qəbul edər. Bəzən də bizi və gələcəyimizi bizdən daha yaxşı bildiyi üçün qəbul etməz, ehtiyacımız olan bir başqa şeyi verər. Və ya başımıza gələcək bəlanı sovuşdurar, ya da duamızı sonsuz həyatımız üçün qəbul edər, əbədi nemətlər verər. Çünki onlara daha çox möhtacıq. Bizim üçün nəyin xeyirli olacağını Allah təqdir edər. Hansı işə girməyin və ya kiminlə ailə qurmağın bizim üçün xeyirli nəticələr doğurmayacağı Allahın əzəli elmində var olduğu, taleyimizə o şəkildə yazıldığı üçün onları yerinə yetirməzsə, bu, duamızın rədd edilməsi demək deyil.
Hz. Məryəmin anası Allahdan oğlan istəyir, Allah ona qız övladı verir. Bu qız da evlənmədən hamilə qalır və Hz. İsa kimi uşaq dünyaya gətirir. Və diqqət edin: Quranda Məryəmin anasının bu duası üçün "Allah onun duasını ən gözəl bir şəkildə qəbul etdi" deyilir. "Bəlkə də sizin xoşlanmadığınız şey sizin üçün xeyirli olar; xoşlandığınız şey isə sizin üçün bir şər olar. Allah bilər, siz bilməzsiniz". (Bəqərə, 2:216) ayəsində açıqca bildirildiyi kimi, nəticə etibarilə bizə şər görünən bir şey xeyirli ola bilər. Bütün bunlarla bərabər dua etməkdən bezməyəcəyik. Ehtiyacımız qarşılanana qədər duaya davam edəcəyik. Üsyan etmədən, intiqam almış kimi hərəkət etmədən…
"Qəza və qədərə razı olmadığın, bəlalara səbr etmədiyin və nemətlərə də şükür etmədiyin zaman, özünə Allahdan başqa bir Rəbb axtar! Halbuki, Ondan başqa Rəbb yoxdur. (Abdulkadir Ceylani). Taleyinlə razı olmaq döyüş, çəkişmə və didişmə sonunda dünyəvilik əldə etməkdən daha gözəldir. Çünki Allahın təqdirinə razı olmaq hər vəziyyətdə həyatı gözəlləşdirər, şirinləşdirər.
Allah bütün müsəlmanların dualarını qəbul etsin və bizləri tək buraxmasın, inşAllah. Amin!