Qadin.NET / Paylaşmaq

Paylaşmaq

Böyük şəxslərdən biri evində oturarkən birdən qapısı döyülür. Görür ki, köhnə tanışlarından biridir. Allah rizası üçün sədəqə istəməyə gələn köhnə dostundan utanaraq onun gözünə görünmür. Dərhal içəri qaçıb əlinə sandıqdan nə keçdisə, hamısını gətirib qapı aralığından uzadır. Adam dua edib getdikdən sonra o şəxs hönkür-hönkür ağlamaya başlayır. Xanımı "Verdiklərin gözünə çox göründüyü, etdiyin comərdliyə peşman olduğun üçünmü ağlayırsan?" deyə soruşur. Adam belə cavab verir: "Xeyr! Ağlına gələn səhv fikirdi. Mən verdiyim pul üçün deyil, uzun zamandan bəri görmədiyim bir dostumun halını soruşmadığım üçün, onu dilənməyə məcbur ediləcək vəziyyətə gətirdiyimə ağlayıram!.."

Gəlin, bu böyük şəxsə yoldaşlıq edib biz də ağlayaq!

Təsəlli gözləyən qonşumuza çarə ola bilməməyimizə, cavabını unutduğumuz məktublara, axtarmadığımız dostlarımıza, ziyarət etmədiyimiz xəstələrə ağlayaq. Bəlkə də ən pisi, bu hissimizi itirməyimizə və ağlamağı unutduğumuza ağlayaq. Çox şeyin fərqinə varmadan yaşayırıq. Küçədə təlaşla irəliləyərkən həyatdan ümidini itirmiş biri keçir yanımızdan. Alaqaranlıqda bazar artıqlarını yığan yoxsulları görürük. Zibil qabını qarışdıran adamın barmaqları cırıq ayaqqabısının içində donarkən, sadə bir boya qutusu ilə həyatla döyüşən kiçik bir uşaq görərik. Yaxşılıq etməyi uzaqlarda axtarmayaq. Əslində o, yanımızda bizi gözləməkdədir. Elə insanlar vardır ki, pulsuzluqdan və ya maddi çatışmazlıqlardan deyil, yalnız sevgi sözcüyünə həsrət qalaraq diqqətsizlikdən ölər. Bəzən pişiyin ayaq tıqqıltısı və ya küləyin sürüdüyü kağızın xışıltısı ümid vermək üçün insanın yerini ala bilir…

Bir ailə "Görəsən, hansı restorana gedək?" deyə düşünərkən, yan qonşunun elektrik borcunu ödəyə bilmədiyi üçün istifadə etdiyi şam aşır və yanğın baş verir.

Yaxşılıq həyata məna qazandırar. Yaxşılıq elə bir dildir ki, həm dilsizlər onunla danışa bilər, həm də karlar onu eşidər... Həyat - yaxşılıq yarışıdır və sevməkdir. Sevmək isə boş sözlə olmur. Sevmək maraqlanmaqdır. Zaman ayırmaqdır. Paylaşmaqdır.

9 sentyabr 2011
GO BACK