Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində haram olması buyurulan qidalardan başqa heç bir qida haram deyildir. Allahın halal buyurduğu qidanı haram saymaq böyük günahdır. Uca Allah buyurur:
"Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"- deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar" (ən-Nəhl, 116).
Haram qidalar
Uca Allah haram etdiyi qidaları təfərrüatı ilə bizə bəyan edərək buyurur:
"Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, - ölməmiş kəsdikləriniz istisnadır, - dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır..." (əl-Maidə, 3).
Həmçinin buyurur:
"De: "Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm". Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir" (əl-Ənam, 145).
"Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. (Həcc edərkən) ihramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun!" (əl-Maidə, 96).
Hansı qida ölü heyvan kimidir?
Heyvan sağ ikən onun bədənindən kəsilib götürülmüş ət parçası ölü heyvan əti kimidir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Heyvan sağ ikən ondan kəsilib götürülmüş tikə ölü heyvan əti kimidir". (Əbu Davud, 2841).
Köpək dişli heyvanın və caynaqlı quşun yeyilməsi haramdır
Rəvayət edilir ki, İbn Abbas demişdir: "Peyğəmbər köpək dişli heyvanların və caynaqlı quşların yeyilməsini haram etmişdir" (Muslim, 1934).
Nəcasətlə qidalanmış heyvanın yeyilməsi haramdır
Rəvayət edilir ki, İbn Ömər demişdir: "Peyğəmbər nəcasətlə qidalanmış heyvanın ətini yeməyi və südünü içməyi qadağan etmişdir" (Əbu Davud, 3767).
Nəcasətlə qidalanmış heyvan üç gün qapalı yerdə saxlanılıb təmiz qidalarla yemləndikdən sonra kəsilib yeyilə bilər.
Haram olunan qidanın zərurət halında yeyilməsinə icazə verilir
Uca Allah buyurur: "...Hər kəs günaha meyl etməyərək aclıq üzündən haram olanlardan istifadə etməyə məcbur olarsa, bilsin ki, Allah Bağışlayandır, Rəhmlidir" (əl-Maidə, 3)
Milli.Az