Qadin.NET / Ey ana, Allahın zikrindən yayınma!

Ey ana, Allahın zikrindən yayınma!

Ey ana, Allahın zikrindən yayınma!
Bu məqalədə müraciətimiz əziz müsəlman analaradır. Uca Allahın qadına övlad nəsib etməsi ən böyük nemətdir. Bununla qadın analıq zirvəsinə ucalmaqla yanaşı, cəmiyyət üçün faydalı olan vətəndaş, Allahın dininə çağıran dəvətçi yetişdirə bilər. Beləliklə də Axirəti üçün fayda qazanmış olar.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İnsan öldükdə onun əməlləri də tamamlanır. Yalnız üçündən başqa: davamlı sədəqə, faydalı elm və dua edən saleh övlad".
Övlad ana bətnində formalaşmağa başladığı gündən anada övladına sevgi hissləri yaranır. Bəzən ana övladını o qədər sevməyə başlayır ki, uşaq dünyaya gəldikdən sonra bütün sevgisini ona bəxş edib, bu nemətə görə Allaha şükrünü daha da artırmaqdansa, övlad nemətini səbəb gətirərək Allahın dinində zəiflik göstərməyə başlayır.
Halbuki Uca Allah buyurur:
“Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır". (əz-Zumər surəsi, 54-58)
Ümumiyyətlə dünyada mövcud olan insanların hər birinin qəlbində müxtəlif sevgi mövcuddur. Kimisinin qəlbində Allaha, Onun Rəsuluna (Allahın ona salavat və salamı olsun), İslama olan sevgi yaşayır, kimisinin qəlbində dünyaya, övladına, vaideynlərinə, musiqiyə, zinaya,içkiyə olan sevgi yaşayır.
İnsanlardan eləsi vardır ki, Allaha və Rəsuluna (Allahın ona salavat və salamı olsun) olan sevgisi dünyadakı hər bir şeydən üstündür. Bu insan qəlbində yaşayan məhəbbətin növlərindən biri olmaqla, imanın zirvəsi hesab edilir.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Canım Əlində olan Allaha and olsun ki, sizdən biriniz məni valideynindən və övladından çox istəməyincə, iman gətirmiş olmaz”. (əl-Buxari, 14)
Allaha olan sevginin bariz nümunəsi Allah üçün sevmək və Allah üçün nifrət etməkdir. Nəfsimizə xoş gələn bir şeyi Allah üçün tərk etməkdir. Həmçinin Allaha və Rəsuluna olan sevgimizi isbat etmək üçün Onun buyurduqlarını yerinə yetirmək və qadağan etdiyi şeylərdən çəkinməkdir.
Əziz ana, əgər Allah səni seçərək, ən böyük neməti bəxş etməklə analıq şərəfinə nail etmişsə Allaha və Rəsuluna olan sevgin daha da artmalıdır. Bunu sübut etmək üçünsə övlad neməti səni Allahın zikrinə daha da bağlamalı, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) buyurduqlarına əməl etməyə daha da sövq etməlidir.
İnsanlardan eləsi də vardır ki, Allahla yanaşı bir kəsi sevirlər. Bu sevgi yaradılışın hikməti olan Tövhidə ziddir. Yəni bunu edən insanlar məhəbbətdə Allaha şərik qoşmuş olurlar. Uca Allah buyurur:
“İnsanlardan elələri də vardır ki Allahdan qeyrilərini Ona tay tutur, və onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah sevgisi daha güclüdür». (əl-Bəqərə surəsi, 165)
Uca Allah ayədə bildirir ki, bəzi insanlar Allahdan qeyrilərini Allahı sevdikləri kimi sevirlər, daha sonra isə bəyan edir ki, möminlər müşriklərin sevgisindən daha böyük sevgi ilə Allahı sevirlər. Bu isə ona görədir ki, möminlər sevgini tək Allaha xas edirlər, müşriklər isə sevgini Allah və şərikləri arasında paylaşırlar. Tək Allaha olan sevgi isə müştərək sevgidən daha güclüdür.
«Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa günahları isə dilədiyi kimsəyə bağışlayar». (ən-Nisa surəsi, 48)
Bəzən analar özləri də fərqinə varmadan övladlarının haqqını Allahın haqqından üstün tutub, ibadətlərində səhlənkarlıq edirlər. Bu səhlənkarlıq hətta, fərz namazlarında belə özünü biruzə verir. Övladlarının gecələr qayğısını çəkmələrini səbəb gətirərək sübh namazlarına qalxa bilmədiklərindən şikayətlənirlər. Həmçinin övladlarının gündüz qayğılarının çoxluğunu səbəb götürərək Quran oxuya və ya elm ala bilməmələrindən şikayətlənirlər. Bütün bunların səbəbi ilə bir müddət sonra imanlarının zəiflədiyindən şikayətlənirlər. Halbuki müsəlman ana gündəlik düzgün plan qurmaqla həm Allahın haqqını, həm də övladının haqqını Allahın izni ilə layiqincə verə bilər. Sadəcə bunu istəmək lazımdır.
Allahın haqqını lazımınca verdikdə isə insanların haqqını da ödəməsi rahat olacaqdır. İnsan Allaha olan sevgisini dünya nemətlərinin hamısından üstün etdikcə, dünyaya göz dikmədikcə Allah da onu sevir, insanlar da onu sevir.
Bir gün Rasulullahın (Allahın ona salavat və salamı olsun) yanına bir nəfər gəlib və deyir: «Ya Rasulullah, mənə helə bir əməl öyrət ki, onu yerinə yetirdiyim zaman məni həm Allah sevsin, həm də insanlar.»Peyğəmbər ona 2 nəsihət edib deyir: "Dünyaya göz dikmə, Allah səni sevsin. İnsanların əlində olana göz dikmə,insanlar səni sevsin". 
Qüdsi hədisdə Allah-Təala buyurur:
«Kim mənim dostumla düşmənçilik etsə,mən də ona hərb elan edərəm.Qulumun mənə sevimli olan və onun vasitəsi ilə mənə yaxınlaşdığı ən gözəl əməl,ona vacib buyurduğum əməllərdir.O ona vacib buyurduğum əməlləri yerinə yetirdikcə mənə sevimli olur,və mənə yaxınlaşır.Bundan əlavə qulum nafilə ibadətlərini yerinə yetirməklə mənə o qədər yaxınlaşar ki,onu bir az daha artıq sevərəm.Əgər mən onu sevsəm,onun eşidən qulağı,görən gözü,tutan əli və yeriyən ayağı olaram.Məndən nə diləsə,dilədiyini verərəm.Sığınacaq istəsə ona sığınacaq verərəm.Və mənim üçün onun canını almaqdan daha çətin bir şey yoxdur,cünki o ölməyi sevmədiyi kimi,məndə ona əzab verməyi sevmirəm».
Abu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Rasulullah(Allahın ona salavat və salamı olsun) buyurur: "Əgər Allah öz qullarından kimisə sevərsə,Cəbrayil (Allahın ona salamı olsun) yanına çağırar və deyər: "Mən bu qulumu sevirəm,səndə onu sev!". Cəbrayıl (Allahın ona salamı olsun) o qulu sevər,və səma əhlinə müraciyət edib deyər:"Allah bu qulu sevir,siz də onu sevin». Səma əhli də onu sevər.Və o qula Allah tərəfindən hidayət gələr".
İnsanların qəlbində Allah tərəfindən təbbi sevgi mövcuddur. Bu ananın övladına, övladın valideynlərə, qardaşın qardaşa və.s olan sevgisidir. İnsanlar Allahı sevdikcə O da digər insanların qəlbində həmin kəs üçün sevgi yaradır. Beləliklə, bir müsəlman Allahı layiqincə ucaltdıqca, Rəsulunu sevib tabe olduqca Allah da digər müsəlman bacı və qatdaşların qəlbində O kəs üçün sevgi yaradacaqdır. Uca Allah buyurur:
«İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman qəlblərdə bir sevgi yaradacaq».(Məryəm surəsi, 96)
Ayədən də aydın olur ki qəlblər də sevgini yaradan ər-Rəhmandır,yəni birinci Allahı razı salmaq lazımdır.Allahın əmrlərini yerinə yetirib,qadağalarından çəkinmək lazımdır! Ey müsəlman ana, çalış ki, övladın səni Allahı razı salacaq əməllər etməkdən yayındırmasın!

29 avqust 2011
GO BACK