Can verməkdə olana və ya vəfat etmiş kəsə Yasin surəsini oxumaq olarmı?
Sual: Bizim cəmiyyətdə, adət-ənənəyə görə insanlar dəstə halında kimsə ölməmişdən əvvəl və sonra Yasin surəsini oxuyurlar. Bilmək istəyirəm ki, bu cür adətin sünnədə (Peyğəmbərin yolunda, hədislərində) əsası varmı? Yoxsa bu əməl bidətdir (dinə sonradan daxil edilmişdir)?
Cavab: Həmdü-sənalar Allaha məxsusdur. İki məsələ arasında mütləq fərq qoymalıyıq. Bu iki məsələ aşağıdakılardır:
1. Can verməkdə olan (sağ) kəsə Yasin oxumaq
2. Artıq dünyasını dəyişmiş (meyyitə) kəsə Yasin oxumaq.
Can verməkdə olan kəsə Yasin oxumaq məsələsinə gəldikdə bu əməl Səhabələrin bəzilərindən rəvayət olunub. İmam Əhməd özünün “Müsnəd” əsərində Səvfandan rəvayət edir: “Mənim şeyxlərim mənə söylədilər ki, Ğudeyf ibn əl-Haris əl-Sumani can verərkən onlar onun yanında idilər. O dedi: “Sizlərdən kimsə Yasin oxuya bilirmi?" Beləliklə, Saleh ibn Şureyh əl-Səkuni bunu oxudu və o qırxıncı ayəyə çatdıqda Ğudeyf vəfat etdi. Şeyxlərim deyərdilər ki, Yasin surəsi can verməkdə olan bir kəsin yanında oxunduqda bu ölüm iztirabını, ağrısını yüngülləşdirir”. Bu Səfvanın rəyi idi. İsa ibn əl-Mötəmir (Yasin surəsini) İbn Məb`əd vəfat edərkən onun üçün oxumuşdu (“əl-Müsnəd” əsəri, (16355)).
Şeyx Albani (rahimahullah) özünün “İrva əl-Ğalil” əsərində (3/152) demişdir: “Bu Ğudeyf ibn əl-Harisə gedib çatan səhih bir sənəddir. Allah ondan razı olsun. Adları qeyd olunmayan “şeyxlər”-dən başqa hədisin ricalları siqadır (etibarlı, əmin) və ona görə də məchuldur (məlum deyil, bilinmir). Lakin onların (şeyxlərin) məchul olması onların sayının çox olması ilə əvəz edilir, əlalxüsus da onlar Tabiin nəslindədirlər...”.
Şeyx ibn Üseymin “əş-Şərh əl-Mumti fi Əhkam əl-Cənəiz” əsərində demişdir: “Hədisin səhih olduğunu düşünən kəs can verməkdə olan kəsə Yasin surəsini oxuya bilər”. O izah edir ki, bunun belə olmasının səbəbi budur ki, bu surə Cənnət barəsində gözəl xəbərlərdən, müjdədən bəhs edir. Necə ki, ayədə bildirilir: “(Şəhərin sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki”. (Yasin 36:26) və eləcə də, ruhun rahat çıxmasını asanlaşdırır. Eyni zamanda bunun digər səbəbləri də var.
Dünyasını dəyişmiş kəsə Yasin surəsini oxumaq məsələsinə gəldikdə, buna icazə verən heç bir səhih hədis yoxdur. Əbu Davud və digərləri “Ölülərinizə Yasin oxuyun”, deyə bildirilən bir hədis rəvayət etmişlər. Lakin bu hədis səhih deyil, çünki bu hədisin isnadında ziddiyyətlər var və hədisi rəvayət edənlər məchuldur. Bunu Şeyx Albani “İrva əl-Ğaliil, hədis в„– 688” əsərində bildirmişdir. Ölülərə Yasin oxumaq bidət hesab edilir, necə ki, bu barədə Əhkam əl-Cənəiz əsərinin sonunda qeyd edir. Bəzi insanlar düşünür ki, ölən insanın üzərində Yasin surəsini qırx dəfə oxumaq lazımdır və bəziləri isə başsağlığı vermək üçün toplaşan, yas tutanlar arasında Quranın nüsxələrini paylayırlar ki, onlar bunu oxusunlar və yaxud vəfat etmiş kəsin ruhuna məsciddə oxumaq üçün məclis, yığıncaq təşkil edirlər. Bütün bunların sünnətdə heç bir əsası yoxdur və bunlar sonradan dinə daxil edilmiş bidət (yeni) əməllərdir, bunlardan çəkinməli və digər insanları bu barədə xəbərdar etməliyik. Tövfiq Allahdandır.
Muhammad Saleh əlMunəccid