Quranda üç növ rabitə növü var.
1. Peyğəmbərin camaatla olan rabitəsi - Rəhmət. "Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərmişik". ("Ənbiya", 107)
2. Camaatın Peyğəmbərlə olan rabitəsi - Məvəddət. Qeyd edim ki, bizim dildə məvəddət sözünün tam ekvivalenti yoxdur və onu ifadə etmək çətindir. Düzdür, bəzi tərcüməçilər onu məhəbbət kimi veriblər. Lakin məvəddət məhəbbətdən daha üstündür. Məvəddətdə sevgi bəsləməkdən əlavə həm də bu sevgini əməldə göstərmək, sevgidə sədaqətli, sabitqədəm və itaətkar olmaq nəzərdə tutulur. Quranda deyilir: "De: Mən sizdən ona görə (yəni elçiliyimin qarşılığında) yalnız yaxınlar barədə məvəddət istəyirəm". ("Şura", 23)
3. Ər və qadın arasındakı rabitə - həm rəhmət, həm məvəddət. Quranda deyilir: "Və (Allah) sizin aranızda məvəddət və rəhmət yaratdı". ("Rum", 21) Rəhmətdə bir növ bəxşiş də vardır. Kişi öz evində elə bir əxlaqa sahib olmalıdır ki, ev əhli hamılıqla onu görməyi, evdə olmadıqda evə tez dönməyini arzu etsin. Mütəfəkkirlərdən biri qadınlara məsləhət üçün belə nəsihət vermişdi ki, qadın da elə olmalıdır ki, ər özünü yalnız onun yanında xoşbəxt hiss etsin, yəni hara getsə də qadını üçün darıxacaq durumda olsun.
Farid Abdullah