Köpək dişi olan heyvanların yeyilməsi qadağandır.
Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Köpək dişi olan vəhşi heyvanların yeyilməsi qadağandır” (Müslim 1933). Bura daxildir: aslan, pələng, canavar, tülkü, ayı, fil və s. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Fil müsəlmanların qidasından sayılmaz” (“Əhkamu Zəbaih” 139).
Bu qadağadan istisnadır kaftar (goreşən): İbn Əbu Ammar rəvayət edir ki, Cabirdən – radıyallahu anhu soruşdum: “Kaftarı ovlamaq olarmı?”. O: “Bəli” dedi. Mən: “Allahı Rəsulu buna icazə veribmi?”. O: “Bəli”, deyə cavab verdi (Əbu Davud 3801, Tirmizi 851, Nəsəi 5/191, əl-Albani “Səhih”12. -Kaftarın qadağan olunması barədə Tirmizidə gələn hədis isə zəifdir).
Ev və çöl dovşanını yemək icazəlidir. Ənəs – radıyallahu anhu - rəvayət edir ki, günlərin birində insanlar Marr az-Zahranədə dovşanı qovaraq tutmaq istəyirdilər. Lakin yorulub əldən düşdülər. Mən isə qaçaraq onu tutdum. Dovşanı Əbu Təlhənin – radıyallahu anhu - yanına gətirdim. Əbu Təlhə – radıyallahu anhu - onu kəsərək budunu (arxa ayaqlarını) Peyğəmbərə – sallallahu aleyhi və səlləm – göndərdi” (Buxari 2672, Müslim 1953). Caynaqlı quşların yeyilməsi qadağandır.
İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – köpək dişi olan vəhşi heyvanların və caynaqlı quşların yeyilməsini qadağan etmişdir” (Müslim 1934). Bura daxildir: qartal, qırğı, şahin, qızılquş və s.
Toyuğun caynaqları olsa da belə yeyilməsi icazəlidir. Əbu Musa – radıyallahu anhu - rəvayət edir ki, mən Peyğəmbərin – sallallahu aleyhi və səlləm – toyuq yediyini gördüm (Buxari 5517, Müslim 1649).
Bura aiddir: sərçə, göyərçin və s. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sərçə kəsdiyi zaman belə rəhmli olan kimsəyə Allah Qiyamət günü rəhm edər” (Təbərani “Kəbir” 7915, əl-Albani “Həsən”).
Ev Eşşəyi, qatır, at:
Cabir – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xeybər günü ev eşşəklərinin ətini yeməyi qadağan, atın ətini isə halal etdi”(Buxari 4219, Müslim 1941). Vəhşi çöl eşşəklərinə gəldikdə isə onların yeyilməsinə icazə verilmişdir. Əbu Qatədə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – soruşdum: “Ya Rəsulallah! Biz ovda vəhşi çöl eşşəyini ovladıq və əti hələ də bizdə qalmaqdadır”. Peyğəmbər: “Qalan əti də yeyin (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun ətindən yemişdir)” (Buxari 1824, Müslim 1196). Cabir b. Abdullah – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xeybər günü eşşək ətini, qatırı, köpək dişi olan vəhşi heyvanları və caynaqlı quşların ətini yeməyi qadağan etmişdir (Əhməd 3/323, Tirmizi 4/61)
İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: “İmam Şafii – rahmətullahi aleyhi - və Şafii məzhəbindən olanlardan bir qrupu qatırı və eyni zamanda bu yolla əmələ gəlmiş heyvanların (Mələz – hibrit, iki müxtəlif cinsli növün və ya sortun cütləşməsindən əmələ gələn heyvan və ya bitki) yeyilməsini qadağan edirdilər...” (“Məcmua” 9/27).
Əsmə b. Əbu Bəkr – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında biz Mədinədə at kəsib yedik (Buxari 5511,5512, Müslim).
Müxtəlif həşəratlar və meymun:
İmam Şafii, Əhməd və s. alimlər bu ayəyə əsaslanaraq: “(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...”. (əl- Əraf 157). bunları yeməyi qadağan ediblər: Milçək, ağcaqanad, hörmüçək, eşşəkarısı və s. Çəyirtkə istisnadır: Abdullah b. Auf – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər yeddi (altı) döyüşdə iştirak etdik, hamısında da çəyirtkə yemişdik” (Buxari 5495, Müslim 1952). Hafiz b. AbdulBər – rahmətullahi aleyhi - deyir ki: “Meymunun satılmasının və yeyilməsinin qadağan edilməsi barəsində biz alimlər arasında heç bir fikir ayrılığı olduğunu bilmirəm” (“Şərhul Kəbir” 11/68).
Heyvanları mələz etmək
İbn Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – atları və digər heyvanları mələz etməyi qadağan etmişdir (Mələz – hibrit, iki müxtəlif cinsli növün və ya sortun cütləşməsindən əmələ gələn heyvan və ya bitki) (İmam Əhməd).
Heyvanları döyüşdürmək
Mücahid – radıyallahu anhu - rəvayət edir ki, İbn Ömər – radıyallahu anhu – heyvanları döyüşdürməyi yaxşı işlərdən saymazdı (Buxari “Ədəbul Mufrad” 1232). Əbu Məsud əl-Ənsari – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – itdən gələn gəliri (ticarətindən, döyüşdürməkdən), zinakarın qazancını və kahinlikdən gələn pulu götürməyi qadağan etmişdir (Buxari 2237, Müslim 1567)
Xoruza söymək
Zeyd b. Xalid əl-Cuheyni – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Xoruzu söyməyin. Çünki o, namaza oyadır”(Əbu Davud 5101).
Hazırlayan və tərtib edən: K.Hüseyn
... Ardı var...