Qadin.NET / “İnsanların ən elmlisi kimdir? ”

“İnsanların ən elmlisi kimdir? ”

 

Ubey ibn Kəb (Allah ondan razı olsun)  rəvayət edir ki, Peyğəmbər s.ə.s.) belə demişdir: “Bir dəfə Musa İsrail oğullarına xütbə verərkən ondan: “İnsanların ən elmlisi kimdir?”– deyə soruşdular. Musa: “Ən elmli adam mənəm!”– dedi. Allah da buna görə onu qınadı. Çünki Musa bu haqda bilginin yalnız Allaha məxsus olduğunu demədi. Sonra Allah ona belə vəhy etdi: “İki dənizin qovuşduğu yerdə Mənim səndən çox bilən bir qulum vardır.” Musa dedi: “Ey Rəbbim! Mən onu necə tapa bilərəm?” Allah buyurdu: “Zənbilə bir balıq qoy və yola düş balığı harada itirsən, həmin adamı orada tapacaqsan.” Musa xidmətçisi Yuşə ibn Nunla birgə yola düşdü və özləri ilə zənbildə bir balıq götürdü. Nəhayət, gəlib bir qayanın yanına çatdıqda başlarını yerə qoyub yatdılar. Bu əsnada balıq səkitcə zənbildən çıxıb dənizə düşdü və suyun altı ilə yol alıb getdi. Balığın suyun altı ilə yol alıb getməsi Musaya və onun xidmətçisinə qəribə gəlmişdi. Sonra qalxıb gecənin qalan hissəsini və bütün günü yol getdilər. Nəhayət, ertəsi gün səhər Musa öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi. Musa Allahın buyurduğu yerdən gəlib keçincəyə qədər yorğunluq hiss etməmişdi. Xidmətçisi ona dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum.” Musa dedi: “Elə istədiyimiz də bu idi!” Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.” Nəhayət, qayanın yanına gəlib çatdıqda, orada əbasına bürünmüş bir adama rast gəldilər. Musa ona salam verdi. Xədir soruşdu: “Sənin məmləkətində belə salam verməyi haradan öyrəniblər?” O: “Mən Musayam!”– dedi. Xədir soruşdu: “İsrail oğullarından olan Musa?” Musa: “Bəli!”– deyə cavab verdi, sonra da əlavə edib dedi: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” Xədir dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən. Ey Musa! Mən Allahın mənə öyrətdiyi və sənin bilmədiyin bir elmi bilirəm. Sən də Allahın sənə öyrətdiyi və mənim bilmədiyim bir elmi bilirsən.” Musa dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam.” Sonra hər ikisi, gəmiləri olmadığından dənizin sahili ilə piyada getməyə başladılar. Bu əsnada bir gəmiyə rast gəldilər və onun yiyələrindən onları da gəmiyə götürməyi xahiş etdilər. Gəmidəkilər Xədiri tanıdıqlarına görə, onlardan muzd almadan hər ikisini gəmiyə götürdülər. Bu ərəfədə balaca bir sərçə gəlib gəminin yan tərəfinə qondu və dənizdən bir-iki damla su içdi. Xədir dedi: “Ey Musa! Mənim və sənin elmin bu sərçənin dənizdən götürdüyü bir-iki damla su qədər belə Allahın elmini əksiltməz.” Sonra Xədir gəminin lövhələrindən birini sındırdı. Musa dedi: “Bu adamlar təmənnasız bizi gəmiyə götürdükləri halda sən onları suya qərq etmək üçünmü onların gəmilərini deşdin?!” Xədir dedi: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?” Musa dedi: “Unutduğum bir şeydən ötrü məni qınama.” Birinci dəfə Musa unutduğundan belə dedi. Sonra ikisi də yenə yola düzəldilər. Nəhayət, gəlib uşaqlarla oynayan bir oğlan uşağı ilə rastlaşdıqda Xədir onu tutub əli ilə başını üzdü. Musa dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin?” Xədir dedi: “Sənə demədimmi ki, mənim yanımda səbr edə bilməzsən?” Sonra yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Lakin camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər və Xədir öz əli ilə onu düzəltdi. Musa dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın.” Xədir dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır.”
Peyğəmbər (s.ə.s) dedi: “Allah Musaya rəhm etsin! Kaş, səbir edəydi, onda onların barəsində bizə daha çox xəbər verilərdi.” (əl-Buxari,122)

3 avqust 2011
GO BACK