Süleyman peyğəmbərin dövründə bir gün erkək sərçə öz həyat yoldaşına deyir: “Nə üçün səninlə cütləşməyimə razı olmursan? Əgər istəsən, Süleymanın (ə) taxtını öz dimdiyimdə sənin yanına gətirib dəryalara ataram!”
Külək bu sözləri Süleyman peyğəmbərə çatdırdıqda, təbəssüm edib hər ikisini öz hüzuruna çağırdı. Əvvəlcə erkək sərçəyə dedi: “Bu iddianı həyata keçirə bilərsənmi?”
Sərçə dedi: “Yox, ey Allahın Rəsulu. (Buna görə dedim ki,) hər şəxs özünü həyat yoldaşının yanında zinətləndirib böyük qələmə vermək istəyir. Aşiqi dediklərinə görə danlamazlar.”
Süleyman dişi sərçəyə dedi: “Nə üçün ondan üz döndərir və ona etinasızlıq edirsən, halbuki, o, səni sevdiyini iddia edir?”
Dişi sərçə dedi: “Ey Allahın Rəsulu, o, yalan deyir və məni sevmir. Onun iddiası yersizdir, çünki o, mənimlə yanaşı başqasını da sevir.”
O sərçənin sözü Süleyman peyğəmbərə o qədər təsir etdi ki, qırx gün ağlayıb öz ibadətxanasından çölə çıxmadı. O, dua edib deyirdi: İlahi, mənim qəlbimi Səndən başqasının məhəbbətindən pakla! İlahi, qəlbimi yalnız Öz məhəbbətinlə doldur.