Qadin.NET / "Taha" surəsi, 109-cu ayənin təfsiri, Şəfaət barədə

"Taha" surəsi, 109-cu ayənin təfsiri, Şəfaət barədə

 

"Taha" surəsi, 109-cu ayənin təfsiri, Şəfaət barədə

 

Bir sual ünvanlanmışdı ki, "Taha" surəsinin 109-cu ayəsi barədə cavab hazırlayaq. Cavabı sizə təqdim edirik. Qeyd olunan ayədə deyilir: "O gün ər-Rəhmanın izn verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir".

"La tənfə`uş-şəfa`ətu": Qiyamət günündə şəfaət üç şərtə əsasən yerinə yetiriləcək: Allah şəfaət edənə şəfaət etmək icazəsi verəcək; İstənilən şey Allahın bəyəndiyi şey olarsa; Allah şəfaət olunan insandan razı qalmış olarsa.

 

Şəfaəti inkar etmək həm Quranın ziddinədir, həm rəvayətlərin, həm də günahkar möminlərin məyus olmasına səbəb olur. Habelə şəfaəti qeyd-şərtsiz qəbul etmək də nadürüst işlər görənlərin cürətlənməsinə səbəb olur və ilahi ədalətə ziddir. Odur ki, Quran şəfaət üçün hesab-kitab və müəyyən meyarlar nəzərdə tutmuşdur. Şəfaət günahkarların ümid yeri və onların Allah övliyaları ilə rabitə qurması və onların ardınca getmələri üçün bir vasitədir. Şəfaət Allahın icazəsidir. (Nur təfsiri)

Şəfaətin əsası sünni və şiələr arasında qətidir və inkarolunmazdır. Sadəcə fikir ayrılığı onun təfərrüatındadır. Din böyükləri qeyd edir ki, şəfaət o kəslər üçündür ki, günah etmiş olsalar da, dinə qarşı qənaətbəxş mövqedə olmuşlar. Yəni küfr, şirk, şəkk və inkar əhli olan kəslərə şəfaət olunmayacaqdır. (Bax İbn Babəveyh "Etiqadat) Şəfaət edən kəslərə gəlincə, üç dəstədir:

1. Mələklər;

2. Peyğəmbərlər;

3. Məsum imamlar.

Lakin bir sıra hədislərdən belə nəticə əldə etmək olur ki, alimlər, şəhidlər, salehlər, siddiqlər və möminlər də şəfaət edə biləcəklər.

Bu ayə ilə bağlı "Ətyəbul-bəyan" təfsirində maraqlı qeyd vardır. Qeyd edilir ki, "O gün şəfaət fayda verməz" - o kəslərdir ki, nə kimsə onun barəsində şəfaət edər, nə də əgər şəfaət edərsə, şəfaəti qəbul olar.

 

"Taha" surəsi, 109-cu ayənin təfsiri, Şəfaət barədə


Lakin ikinci elə bir dəstə vardır ki, onlar iman, saleh əməl sahibi olublar. Dünyadan bağışlanmış halda gediblər. Yaxud əslən günah onlardan sadir olmamışdır. Yaxud tövbə etməyə nail olmuşlar. Ya da buna oxşar cəhətlərə malik olmuşlar ki, onların şəfaət edilməyə ehtiyacları olmayacaq. Onlar xoşbəxtlik və nicat əhlidirlər. Lakin Cənnətdəki dərəcələrinin artırılması üçün şəfaətə ehtiyac duyurlar.

Üçüncü dəstə odur ki, dünyadan imanlı gediblər, lakin günaha da mürtəkib olmuş və tədarük görə bilməmişlər. Bunlar istisna edilən kəslərdir. "Yalnız ər-Rəhmanın (şəfaət vermək üçün) izn verdiyi kəs istisnadır" - yəni Allah onların imanına görə, şəfaət edən kəslərə icazə verəcəkdir ki, onlar barəsində şəfaət etsin. "və onun üçün söz olaraq (söz deməsinə) razı olubdur". Baxmayaraq ki, Allah onların əməllərindən razı deyil (söhbət üçüncü dəstədən gedir), çünki günah etmək Allahın razılığı ilə uyğun gəlmir, ancaq imana daxil olmaq üçün gərəkən iman və iqrar etməklə bağlı sözlərindən razıdır. Qiyamətin şəfaət edənləri iki dəstədir: Ümumi şəfaət edənlər. Bunların şəfaəti hər kəsə şamil ola bilər. Peyğəmbər və əhli-beyti bu dəstəyə aiddir. İkinci dəstə isə xüsusi şəfaət edənlərdir ki, ümumi peyğəmbərlər öz ümmətləri üçün, həmçinin möminlər bir-biri üçün şəfaət etmək imkanına malik olacaqlar.

"Nümunə" təfsirində qeyd edilir ki, burada şəfaət qeyd-şərtsiz, hesabsız deyil. Əksinə, dəqiq bir proqramı vardır. Həm şəfaət edən barədə, həm də şəfaət olunan barədə. Əgər şəfaət olunmaq üçün şəxslərdə ləyaqət və müstəhəq olmaq mövcud olmasa, şəfaətin bir əhəmiyyəti olmayacaqdır.

Sonda isə şəfaətlə bağlı bir neçə hədis qeyd edək:

1 - Peyğəmbər buyurub: "Kimin qəlbində ağcaqanadın qanadı ölçüsündə iman olsa, mən ona şəfaət edəcəyəm". (Kənzul-ummal, 39043)

2 - İmam Baqir "Tezliklə Allah sənə əta edəcəkdir ki, sən razı qalasan" - ayəsi barədə buyurmuşdur: "Şəfaətdir, Allaha and olsun ki, şəfaətdir. Vallah şəfaətdir". (Biharul-ənvar, 8/57/72)

3 - Peyğəmbər buyurmuşdur: "Şəfaətimə gəlincə, kəbair əshabı barədədir (böyük günahlara mürtəkib olan iman əhli). Bircə şirk və zülm əhli istisnadır". (əl-Xisal, 36/355)

4 - Həmçinin buyurub: "Kim mənim şəfaət etməyimə inanmasa, Allah mənim şəfaətimi ona çatdırmaz". (Uyunu əxbarir-Rza, 1/136/35)

5 - Həmçinin buyurub: "Namazını yüngül tutan kəs mənim şəfaətimə nail olmayacaqdır. Allaha and olsun ki, hovuz kənarında yanıma gəlməyəcəkdir". (əl-Məhasin, 1/159/223)

 

Farid Abdullah

29 iyun 2017
GO BACK