Fitrə zəkatı ilə əlaqədar (1)
1 – Fitr bayramı gecəsi qürub vaxtı yetkinlik çağına çatmış, ağılı başında və huşu üzərində olan, həmçinin yoxsul və kimsənin qulu olmayan bir kəs özü və çörəyini yeyən kəslər üçün fitrə zəkatı çıxarmalıdır. Hər bir fərd üçün bir “sa” miqdarında – bir “sa” təqribən üç kiloqramdır – buğda, yaxud arpa, yaxud xurma, yaxud kişmiş, yaxud düyü və sair bu kimi məmulatlardan haqqı çatan kəsə verməsi gərəkdir. Əgər qeyd edilənlərdən hansı birinin pulunu vermiş olsa, kifayət edir. Diqqət etmək lazımdır ki, imkansız şəxsə həmin şəhərdə istifadə olunmayan qida növündən verilməsin.
2 – Özünün və ailəsinin illik xərcinə malik olmayan və bu xərcləri ödəmək üçün qazancı da olmayan kəs fəqir sayılır. Ona fitrə zəkatı vermək vacib deyil. Belə bir kəs özü fitrə zəkatı ala bilər.
3 – İnsan gərək Fitr bayramı gecəsi qürub vaxtı onun çörək yeyəni hesab olunan kəslərin fitrə zəkatını verməlidir. Bu kəslərin kiçik, yaxud böyük, müsəlman, yaxud qeyri-müsəlman, xərcinin ödənilməsi vacib, yaxud qeyri-vacib, eyni şəhərdə, ya da başqa bir şəhərdə olmasının heç bir fərqi yoxdur.
4 – Əgər çörəyini yeyən bir kəsi, (başqa bir şəhərdə olduğu halda) onun malından fitrə çıxartmağa vəkil etsə (həmçinin bu fitrəni çıxartmış olduğuna arxayın olsa), daha bu şəxsin fitrəsini özünün də verməsi lazım deyil.
5 – Fitr bayramı gecəsi qürubdan öncə ev sahibinin razılığı ilə onun evinə gələn və çörək yeyəni hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacibdir. Çörək yeyəni hesab olunmaqdan məqsəd onun yanında bir müddət qalmaq fikrində olmaqdır. İftar etmək üçün dəvət olunmaq bu şəxsin fitrəsini ev sahibinə vacib etməz.
6 – Fitr bayramı gecəsi qürubdan öncə ev sahibinin razılığı olmadan gələn və bir müddət onun yanında qalan kəsin fitrə zəkatını da ödəmək ev sahibinə vacibdir. Xərcini çəkməyə məcbur etdikləri kəsin fitrəsi də bu hökmdədir. Lakin bəzi fəqihlər qeyd etmişlər ki, bu kəslər vacib ehtiyata əsasən, öz fitrələrini də verməlidirlər.
7 – Fitr bayramı gecəsi qürubdan sonra qonaq gələn kəsin fitrəsi ev sahibinə vacib deyil. Qürubdan öncə onu dəvət etmiş olsa və evində iftar etsə də, bu hökmdədir. Bəzi fəqihlər qeyd edir ki, məğribdən sonra gəlsə, lakin onun çörək yeyəni hesab olunsa ev sahibi həmin şəxsin fitrə zəkatını verməlidir. Əks təqdirdə, xeyr. Yenə qeyd edək ki, iftara dəvət olunan kəs çörək yeyən hesab olunmur.
8 – O kəs ki, Fitr bayramı gecəsi, qürub əsnasında fitrə vermək ona vacib deyildir, lakin bayram günü zöhrə qədər fitrə zəkatının vacib olma şərtlərinə malik olsa, fitrə zəkatını vermək həmin şəxsə müstəhəbdir. Seyid Sistani bu cür kəsin fitrə zəkatı verməsini vacib ehtiyat hesab edir.
9 – Əgər bir kəsin yalnız bir “sa” – yəni təqribən üç kiloqram miqdarında buğda və ya bunun kimi bir şeyi varsa, fitrə zəkatını çıxartması müstəhəbdir. Əgər ailəsi olsa və onların da fitrəsini vermək istəsə, həmin bir “sa” nı ailə üzvlərindən birinə versin. O da həmin niyyətlə digərinə versin. Bu gedişatla axırıncı adama qədər yetişsin. Üstün olan budur ki, bir “sa” – nı götürən axırıncı adam onu özlərindən başqasına versin. Əgər aralarında azyaşlı uşaq olsa, ehtiyata əsasən, onu fitrə zəkatının dövrəsinə salmasınlar. Belə ki, həmin azyaşlının vəlisi (himayədarı) onu götürsün və azyaşlının sərf olunan yerinə çatdırsın. Daha onun tərəfindən özgəsinə verməsin. Burada fəqihlər başqa söz də deyiblər. Məsələn, Seyid Sistani qeyd edir ki, onlardan biri dəli, yaxud kiçik uşaqdırsa, uşağın vəlisi onun yerinə ala bilər. Amma ehtiyat müstəhəbb odur ki, onun niyyətinə deyil, özü üçün götürsün.
10 – Əgər Fitr bayramı gecəsi qürubdan sonra uşağı olsa, yaxud kimsə onun çörək yeyəni hesab olunsa, fitrə zəkatını vermək həmin adama vacib deyil. Baxmayaraq ki, qürubdan sonra bayram günü zöhrə qədər onun çörək yeyəni hesab olunan kəsin fitrəsini vermək müstəhəbdir. Seyid Sistani qeyd edir ki, ancaq qürubdan öncə uşağı olsa, yaxud evlənsə, çörək yeyəni hesab olunduğu təqdirdə fitrələrini vermək gərəkdir. Əgər başqalarının çörək yeyəni sayılsalar, ona vacib deyil. Əgər özgəsinin çörək yeyəni olmasalar, qadının fitrəsi özünə vacibdir. Uşağa isə heç bir şey yoxdur.
11 – Əgər insan bir nəfərin çörək yeyəni olsa və qürubdan öncə başqa bir kəsin çörək yeyəni olsa, onun fitrəsi çörəyini yediyi kəsə vacibdir. Məsələn, əgər qız qürubdan öncə ər evinə getsə, əri onun fitrəsini verməlidir.
12 – Əgər bir nəfərin fitrəsini başqa birisi verməlidirsə, ona öz fitrəsini vermək vacib deyil.
13 – Əgər insanın fitrəsi bir kəsə vacib olsa, ancaq o, bu fitrəni verməzsə, insanın özünə fitrə vermək vacib deyil. Seyid Sistani qeyd edir ki, verə bilməzsə, ehtiyata əsasən, fitrə vermək şərtlərinə malik olduğu təqdirdə, insanın özünə vermək vacib olur.
14 – Əgər bir kəsin fitrəsi başqa bir kəsə vacibdirsə və özü öz fitrəsini verərsə, onun fitrəsini vermək vacib olan kəsin boynundan fitrə vermək düşmür. Digər fəqihlər qeyd edir ki, onun fitrəsini vermək boynunda olan kəsdən icazə alsa, kifayət edir.
15 – Əgər bir qadının əri onun xərclərini ödəmirsə, bu qadın başqasının çörək yeyəni olduğu halda, fitrəsi həmin kəsə vacibdir. Ancaq başqa birinin çörək yeyəni olmazsa, fəqir olmadığı halda, gərək öz fitrəsini özü versin.
16 – Seyid olmayan kəs seyidə fitrə zəkatı verə bilməz. Hətta əgər seyid bir kəs onun çörək yeyəni olsa belə, onun fitrəsini başqa seyidə verə bilməz. Həmçinin seyid bir kəs seyid olmayan birindən fitrə zəkatı da ala bilməz.
17 – Ailəsinin xərclərini haram maldan verən kəs, onların fitrə zəkatlarını halal maldan verməlidir.
18 – Əgər insan bir nəfəri ücrətli tutsa və şərt etsə ki, onun xərclərini ödəyəcəkdir (xidmətçi kəslər kimi), öz şərtinə əməl etdiyi və çörək yeyəni hesab olunduğu halda, onun fitrəsini verməlidir. Ancaq şərt etsə ki, xərclərinin bir miqdarını verəcəkdir, məsələn, xərclik üçün ona bir miqdar pul (yəni işinin muzdunu) verəcəkdir, onda fitrə vermək ona vacib deyil.
19 – Əgər bir kəs Fitr bayramı gecəsi qürubdan sonra ölsə, onun və ailəsinin fitrəsini onun malından verməlidirlər. Əgər qürubdan öncə ölsə, onun və ailəsinin fitrəsini onun malından vermələri vacib deyil.
Farid Abdullah