"Firon" ərəb deyil, əcəm sözüdür. Misir padşahlarının cəsarət və şücaətli olmaları ilə əlaqədar bu cür ləqəblə adlandırılmışlar. "Firon" ifadəsi Misir hökmdarlarından birinin adı olmamışdır. "Xədiv" (Misirdə canişindən yuxarıda duran vəzifə) kimi bir ləqəb olmuşdur ki, ümumi şəkildə misirlilər öz hökmdarlarını bu cür ləqəblə çağırardılar. Necə ki, rumlular öz hökmdarlarına "qeysər", iranlılar " kəsra", çinlilər "fəğfur" deyirdilər.
İslam əsərlərində adları çəkilmiş ən məşhur fironlar aşağıdakılardır:
Rəyyan ibn Vəlid - həzrət Yusifin müasiri. Əlbəttə bu Firon Quranda "Məlik" deyə qeyd olunmuşdur. (Yaqut Həməvi, "Möcəmul-buldan, c.5, s.442; Fəxrəddin Turihi, "Məcməul-bəhreyn", c.4, s.375; Əbu Həyyan Əndəlusi "əl-Bəhrul-muhiyt fit-təfsir", c.6, s.280)
Qabus ibn Musəb və Vəlid ibn Musəb - həzrət Musanın müasiri olmuş iki Firon. (Məhəmməd ibn Cərir Təbəri, "Tarixul-uməm vəl-muluk", c.1, s.386; İbn Əsir, "əl-Kamil fit-tarix", c.1, s.169)
Bəziləri demişlər ki, Bəni İsrailə əziyyət verən, oğlanlarını öldürən ikinci Ramzes (Ra`msis) olmuşdur (İbn Aşur, "ət-Təhrir vət-tənvir", c.20, s.10) və o Firon ki, Musa və Harun onu hidayət etmək üçün göndərilmişdi, onun oğlu Minfitah olmuşdur ki, öz ordusu ilə Qırmızı dənizdə suya qərq olmuşdur. ("ət-Təhrir vət-tənvir, c.1, s.479; Təfsir əl-Kəşşaf, c.3, s.372)
Quranda Firon
"Firon" ifadəsinin Quranda Bəni İsrail və həzrət Musa ilə əlaqədar əhvalatlarda çox işlədilməsinə baxmayaraq, bu müqəddəs Kitabda, həzrət Musa ilə müasir olmuş Fironun adı ilə bəyan olunmamışdır. Əksinə, təkcə o, "Musrif" (Yunis, 83), "Taği" (Taha, 24), "Zul-Əutad" (Sad, 12) kimi ifadələrlə xarakterizə edilmişdir. Firon Bəni İsrailin ən sərt düşməni olmuşdur. Belə ki, onların oğlanlarını öldürür (Əraf, 141), qızlarını isə xidmətçilik etmək üçün diri saxlayırdı. Onun və tayfasının düşüncəsinə görə, Bəni İsrail onların qulları və xidmətçiləri idi (Şuəra, 16).
Farid Abdullah