Keçmiş ümmətlər arasında “Ramazan” adlı bir ayın mövcud olmasını qəti surətdə söyləmək mümkün deyil. Bəziləri deyir ki, “Ramazan” İslamın bu aya keçmiş olduğu bir addır. Başqa nəzər isə odur ki, cahiliyyət dövründən bu ad məşhur olmuşdur və bu nəzər daha məşhurdur. İbn Düreyd deyir ki, ayların adlarının qədim adlarından çevirmək istədiklərində, həmin aylara oz zamanların adlarını qoyurdular ki, həmin xüsusi ay, adətən elə həmin zamana düşmüş olurdu. Nümunə üçün, Ramazan ayı olduqca isti olan bir duruma düşdü ki, bu adla (Ramazan ayı adı ilə) adlandırıldı.
Lakin diqqət etmək lazımdır ki, birincisi, adların çevrilməsi İslamdan öncə olmuşdur. İkincisi, cahiliyyət dönəminin camaatı həcc ayinini öz ayında icra edirdilər və onun adını bilirdilər. Üçüncüsü, haram ayları da tanıyırdılar. Dördüncüsü, Quran Ramazan ayına işarə etmişdir ki, camaat bununla tanış olmalı idi. Yoxsa bu ada işarə edilməzdi. Bütün bunlar onu göstərir ki, Ramazan ayı İslamdan öncə elə bu adla tanınırdı.
Keçmiş dinlərdə orucluğa gəlincə, belə deyilir: ümumi şəkildə, hər bir tayfa, millət, məzhəb arasında hər bir vaxtda qəfil kədər və zəhmət düşdükdə istifadə olunmuşdur. Yəhudi qövmü, adətən fürsət düşən kimi Allah hüzurunda təvazö və aciliklərini göstərmək istədikdə oruc tutardılar ki, öz günahlarını etiraf etmiş olsunlar və oruc, həmçinin tövbə vasitəsilə Allahın razılığını əldə etmiş olsunlar.
“Bəqərə” surəsinin 183-cü ayəsində buyurulur: “Ey iman gətirmiş kəslər, sizə oruc yazılmışdır, necə ki, sizdən öncəki kəslərə yazılmışdı”. Burada “əlləzinə min qəblikum”, yəni “o kəslər ki, sizdən öncə olmuşlar” - ifadəsindən belə anlaşılır ki, öncəki ümmətlərin də ayin və dini olmuşdur. Əlbəttə, burada onların hamısı nəzərdə tutulmur. Quran bu ümmətlərin hansı ümmətlər olduğunu dəqiq şəkildə qeyd etməmişdir. “Kəma kutibə” – “necə ki, yazılmışdı” ifadəsinin zahirindən belə nəticə əldə olunur ki, qeyd edilən oruc tutan ümmətlər millət və din əhli olmuşlar. Hal-hazırda yəhudi və xristianların əllərində olan Tövrat və İncilə nəzər salsaq, burada bu iki millətə orucun vacib edilmiş olduğu görülmür. Buna bir dəlalət də yoxdur. Sadəcə bu iki kitabda bəzi ifadələr vardır ki, orucu tərifləyir və onu əzəmətli sayır. Amma yəhudi və xristianlara baxdıqda görürük ki, indiki dövrdə ildə bir neçə gün müxtəlif formalarda oruc tuturlar. Ya ət yeməkdən, ya süd içməkdən, ya da mütləq şəkildə yeyib-içməkdən özlərini çəkindirirlər.
Bir sıra rəvayətlərə görə, Ramazan ayının orucu keçmiş ümmətlərə vacib olmamış və sadəcə onların peyğəmbərləri Ramazan ayında oruc tutarmışlar. Həfs İmam Sadiqdən belə rəvayət etmişdir ki, o həzrət Ramazan ayının orucunun keçmiş ümmətlərə vacib edilmədiyini buyurduqda, ravi bu ayəni misal çəkir və bu ayədə nəyin ifadə olunduğunu soruşduqda İmam buyurur ki, Ramazan ayının orucu təkcə həmin ümmətlərin peyğəmbərlərinə vacib edilmişdi. Bircə İslam ümmətidir ki, Allah onun vasitəsilə ümməti üstün etmiş, onun orucunu Allah Rəsuluna və ümmətinə fərz olaraq vacib etmişdir.
Həmçinin Qurani-kərimdə Zəkəriyyənin orucu, Məryəmin oruc tutmasından söz açmışdır. Qurandan sair yerlərdə dinsiz qövmlərin belə, oruc tutması qeyd olunmuşdur. Belə ki, qədim misirlilər, yunanlar, rumlular, hətta bütpərəst hindlilər belə, özünəməxsus oruca malik olmuşlar. Bəlkə də demək olar ki, oruc tutmaq elə bir vasitədir ki, Adəm övladının fitrəti buna hökm vermişdir.
Farid Abdullah