Bu surənin birinci ayəsində oxuyuruq "Ya Sin". Nə deməkdir bu ifadə?
Qurani-Kərimdə 28 surə "Müqəttə hərfləri" ilə (məsələn, Əlif Lam Mim, yaxud Ya Sin, yaxud Ta Ha və s.) başlayır. "Müqəttə hərfləri"nin nə olması, nə üçün belə ifadə olunduğu, nə kimi anlam daşıması barədə ayrıca bəhs etmək lazımdır.
Qeyd edək ki, "Ya Sin" ifadəsi haqqında müxtəlif təfsirlər mövcuddur. Bu ifadə "Ya" (ey - müraciət nidası) və "Sin" - yəni Peyğəmbərin şəxsiyyətinə yönəlik çağırışdan ibarətdir. Bu qənaət ondan ötrüdür ki, bu ifadədən sonra Peyğəmbərə müraciət olunur.
Başqa versiyaya görə, müraciət insanadır. və "Sin" ona işarədir. Ancaq bu ehtimal sonra gələn ayələrlə düz gəlmir. Çünki sonrakı ayələrdə müraciət Peyğəmbərədir: "Həqiqətən də, sən rəsullardansan, düzgün yoldasan".
Rəvayətlərin birində İmam Sadiqdən belə nəql olunmuşdur ki, burada Peyğəmbər nəzərdə tutulub və buna dəlil Allah-taalanın buyurduğudur: "Həqiqətən də, sən rəsullardansan, düzgün yoldasan". (Bax, "Nurus-Səqəleyn")
Bir maraqlı məsələ də vardır. Onu da sizinlə bölüşüm. Deməli, "Sin" hərfi ərəb əlifbasında olan hərflərdən biridir. Hər bir hərfin zübur və bəyyinəsi vardır. Bu nə deməkdir? Zübur kağızın üzərində yazılan hərfin şəklidir. Bəyyinə isə onu oxuyarkən artımın ortaya çıxmasıdır. Məsələn "S" hərfi yazılır, amma "Sin" oxunur. Əbcəd kimi hesablamalar nəticəsində aydın olur ki, SİN hərfi yeganə hərfdir ki, züburunun sayı da, bəyyinəsinin sayı da bərabərdir. Yəni "S" özü 60 dır. "İN" də olan nəticə də (10+50) 60-dır. Zübur və bəyinə bərabərdir 60=60. Bilirəm, qəlizdir. Hər halda, nəticə odur ki, zahirlə batinin bərabər olmasına işarədir. Yəni "Ya Sin" o deməkdir ki, "Ey zahiri ilə batini eyni, bərabər olan kəs",
Sözsüz ki, bu hesab-əbcəd alimlərinin baxışıdır və bir ehtimaldır. Tam dəqiq və qəti nəticə deyil. Lakin maraqlı nəticədir.
Fərid Abdullah