Valideynlər öz övladının malından xərcləyə bilərmi?
Valideynin kiçik və ya böyük olmasından asılı olmayaraq öz övladının malından kiməsə borc vermək haqqı vardırmı?
Seyid Ruhullah Xomeyni: Ata və ata baba böyük övladın malından borc verə bilməzlər. Ancaq fəsad mövqeyi olmadığı halda, müstəhəb ehtiyata əsasən, uşağın məsləhətinə riayət edərək (yəni onun üçün xeyirli və mənfəətli olmasını gözləyərək) kiçik uşağın malından xərcləyə bilərlər. Lakin ana kiçik, ya böyük olmasından asılı olmayaraq, övladının malından xərcləyə bilməz.
Şeyx Behcət: Fəsad yaranmayacağı təqdirdə işkalı yoxdur.
Şeyx Məhəmmədcavad Təbrizi: Əgər övlad kiçik olsa, ata övladının malını imkanlı və qaytaracağına arxayın olduğu adama borc verə bilər. Ancaq şübhə edərsə, malını borc verə bilməz. Allah daha biliklidir.
Seyid Xamenei: Rəşid (yəni yaxşını pisdən ayıra bilən) böyük oğlanın malından onun razılığı əsasında borc verə bilər. Ancaq rəşid olmayan kiçik, yaxud böyük övladın malını onun məsləhətini nəzərə alaraq verməsinin ata üçün maneəsi yoxdur. Əks təqdirdə işkalı vardır. Ancaq ananın ata icazəsi olmadan sərf etməsi caiz deyil.
Seyid Xoi: Ata və ata baba böyük övladın icazəsi olmadan onun malını borc verə bilməzlər. Kiçik övladın malını isə, fəsada səbəb olmayacağı təqdirdə, borc verə bilər. Ancaq ana kiçik, yaxud böyük övladın malından xərcləyə bilməz.
Seyid Sistani: Əgər fəsada səbəb olmazsa, məsələn ehtiyac duyduğu təqdirdə borcu qaytaracağından xatircəm olarsa, ata və ata baba borc verə bilərlər.
Şeyx Fazil Lənkərani: Xeyr.
Şeyx Məkarim Şirazi: Bir halda kiçik övladın malından borc verə bilər ki, kiçiyin xeyrinə olsun. Ancaq böyük övladıa gəlincə, onun icazə verməsi lazımdır.
Şeyx Vəhid Xorasani: Ata və ata baba böyük oğlun malından onun icazəsi olmadan borc verə bilməzlər. Kiçik övladın malından isə fəsad olmadığı təqdirdə borc verə bilərlər. Ancaq ana kiçik, yaxud böyük övladın malından xərcləyə bilməz.
Qeyd: Kiçik övlad dedikdə həddi büluğa çatmamış, yaxşını pisdən ayıra bilməyən övlad nəzərdə tutulur. Məslələrdən belə aydın oldu ki, böyük övladın malından onun icazəsi olmadan nə ata, nə də ana, nə də ata baba xərcləyə bilməz. Amma kiçik övlada gəlincə, övladın xeyrinə olduğu təqdirdə ata borc verə bilər. Ancaq nə üçün anaya belə bir haqq verilmədiyinə gəlincə, bu artıq başqa bir məsələdir.
Müəllif: Farid Abdullah