Qadin.NET / Allahdan qorxmaq nə deməkdir?

Allahdan qorxmaq nə deməkdir?

Allah mərhəmətli olduğu halda nə üçün Quran və hədislərdə Allah qorxusu tövsiyyə olunur?

Allahdan qorxmaq nə deməkdir?

Müsbət qorxu insan həyatında önəmli rol oynayır. Buna ilahi nemət də deyə bilərik. Qorxu insanda müdaifə olunmaq mövqeyini yaradır. İnsan təhlükədən qorunmasaydı tələf olub gedərdi. Məsələn, insan xəstəlikdən qorunmağa çalışır, yırtıcı heyanlardan uzaq durur və s.

Ancaq bu qorxu ilə haqqında danışdığımız qorxu başqa şeydir. Söz açmaq istədiyimiz qorxu insanın ağıl və dərrakəsindən doğur və tamamilə məntiqə uyğun gəlir. Sözsüz ki, bu qorxu qorxaqlıq anlamında deyil. Qorxaqlıq rəzil xüsusiyyətlərdindir ki, insanda inkişaf potensialını məhv edir və onu rəzillik girdabına sürükləyir.

Görək bu barədə Quran nə deyir. “İbrahim” surəsinin 14-cü ayəsində Allah buyurur: “Bu, mənim məqamımdan və təhdidimdən qorxan kəs üçündür”. “Naziat” surəsinin 40-cı ayəsində deyilir: “Kim Rəbbinin məqamından qorxsa və nəfsin həva-həvəsi qadağa etsə...” Hər iki ayədən görürük ki, Quran insanı Allahın məqamından qorxmağa sövq edir. Düzdür, bəzi tərcüməçilər “Məqam” ifadəsini Allah qarşısında durmaq kimi də tərcümə etmişlər. Lap bu variant da dediyimizi rədd etmir.

Allahdan qorxmaq nə deməkdir?

Allahın məqamından, Onun qarşısında durmaqdan qorxmaq nə deməkdir? Bu qorxu insanı Allahın ədalət və mühakimə etməsinə diqqət etməsini bildirir. Allahın ədalətindən isə zülm edən kəs qorxar. Mömin insan qorxarmı? Bəli, mömin insan da düz etmiş əməlləri barədə qorxu duya bilər ki, olmaya bu işlərində ixlas olmasın. Allahın qəzəbinə düçar olmaq, əməllərin puça getməsi, ən əsası ziyana uğramaq qorxulu deyilmi? Bu qorxu insanı günahdan çəkinməyə vadar edir. Ona görə də bir insanın öz nalayiq əməllərindən qorxması daha yaxşıdır.

Bura qədər aydındır. Sual oluna bilər ki, Peyğəmbər və ya məsum İmam qorxa bilərmi? Bəli, qorxa bilər və burada qəbahətli bir şey yoxdur. Məsələn, onlar Allahdan uzaq düşməkdən, Allahın onları öz başlarına buraxmasından qorxublar. Onlar Allahı itirmək istməyiblər. Bu narahatçılıq daim onları inkişaf etdirib. Kökündə inkişaf, özü də səadətə doğru inkişaf duran qorxunu sağlam ağıl mütləq şəkildə təsdiq edir. Bizi daim ədalətli, haqpərəst olmağa səsləyir. Çünki biz bütün bunları gözardı etsək, əməllərimizin cavabını verəcəyik. Nəticə etibarı ilə sonsuz rəhmətə, şəfqətə malik Allahdan uzaq düşəcəyik.

 

Fərid Abdullah

12 yanvar 2017
GO BACK